Dövlət Miqrasiya Xidməti Ağsuda zona müşavirəsi keçirmişdir

 

 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) Ağsuda zona müşavirəsi keçirmişdir.  AzərTAc xəbər verir ki, maarifləndirmə məqsədilə təşkil olunmuş tədbirdə DMX aparatının məsul əməkdaşları, həmçinin Ağsu, Şamaxı, İsmayıllı, Göyçay, Ağdaş və Kürdəmir rayon icra hakimiyyətlərinin nümayəndələri, bələdiyyə sədrləri, polis şöbələrinin işçiləri və sahibkarlar iştirak etmişlər.

Tədbirdə DMX-nin baş idarə rəisi Vahid Qəhrəmanov və idarə rəisi Nazim Salmanov çıxış edərək miqrasiya xidmətinin fəaliyyət istiqamətləri, ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən kompleks tədbirlər, vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, miqrantların hüquq və azadlıqlarının qorunması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti qalma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və alınmış icazələrin müddətinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyatları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, habelə miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə ətraflı məlumat vermişlər.

Müşavirədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 9.