Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi qeyd edilmişdir

 

 İyunun 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair-tərcüməçi, tanınmış ictimai xadim, Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin "Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 9 fevral tarixli sərəncamına uyğun olaraq keçirilən tədbirdə ölkəmizin tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev,  Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Əhməd Cavadın mübarizə dolu ömür yolundan, zəngin yaradıcılığından geniş söhbət açmışlar.

Bildirilmişdir ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olmuş və bugünədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.

Əhməd Cavadın müəllim, şairictimai xadim kimi formalaşmasına Gəncə ədəbi mühiti böyük təsir göstərmişdir. Əhməd Cavadın şeirləri 1913-cü ildən etibarən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma", 1919-cu ildə isə "Dalğa" adlı kitabları nəşr olunmuşdur. Onun şeirlərinin və ictimai fəaliyyətinin əsas qayəsi xalqı itaətkar vəziyyətə salmaq istəyənlərə qarşı milləti oyadaraq onları azadlıq, müstəqillik uğrunda mübarizəyə səfərbər etmək idi.

Qeyd edilmişdir ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti  Əhməd Cavadın  həyatında müstəsna rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin sözləri də məhz unudulmaz şairin istedadının məhsuludur.

Təəssüf hissi ilə qeyd edilmişdir ki, 1937-ci ilin repressiyaları qeyrətli, vətənsevər oğullarımızdan biri olan Əhməd Cavaddan da yan ötməmiş və o, ömrünün ən kamil bir vaxtında həyata əlvida demişdir. Bütün bunlara baxmayaraq yaratdığı ölməz sənət əsərləri müəllifinə əbədiyaşarlıq qazandırmışdır.

Gecədə istiqlal şairimizin şeirlərindən parçalar oxunmuş, sözlərinə bəstələnmiş musiqilər səslənmişdir.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 11.