Əsl sənət
fədaisi, yaxud şərəfli ömrün örnək yolu
Azərbaycan teatr sənətinin korifeyləri sırasında olanlardan biri də Abbas Mirzə Şərifzadədir. 120 il öncə Şamaxıda doğulsa da, Bakıda yaşamış bu müqtədir sənətkarın Azərbaycan mədəniyyətinin, xüsusən də milli teatrın inkişafına verdiyi dəyərli töhfələrdən zaman-zaman söz açılacaq.
Anadan olmasının 120 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Abbas Mirzə Şərifzadənin həyat yolu və yaradıcılığından geniş bəhs edilib. Teatrın foyesində təşkil edilən foto-sərgi də ölməz sənətkarın yaradıcılıq yolunu əks etdirib.
Tədbirin aparıcısı, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin təqdimatında Azərbaycan teatrının banilərindən olan Abbas Mirzə Şərifzadənin ömür yoluna və yaradıcılıq fəaliyyətinə bir daha işıq salınıb. 1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələdən sonra ailələri Bakıya köçməyə məcbur olmuş Abbas Mirzənin teatra gəlişindən, sənətə bağlılığından söz açan İlham Rəhimli bildirib ki, o, ilk dəfə 1908-ci ildə Molyerin "Zorən təbib" əsərində epizodik rolda iştirak edib. Teatr aləmində öz dəst-xətti ilə yadda qalan aktyorun səhnəyə gəlişində əmisi Mirzə Məmməd Tağının böyük rolu olub. 1910-cu ildə "Maarif" cəmiyyətinin nəzdində fəaliyyət göstərən teatr kollektivinə qəbul edilən Abbas Mirzə bir ildən sonra onu bir sənətkar kimi tanıdan ilk obrazını, Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" əsərində əsas qəhrəmanı - Qacarı yaradıb.
Abbas Mirzə Şərifzadənin yaradıcılıq bioqrafiyasına yazılanlar onun əsl teatr, kino, bir sözlə, səhnə xadimi olmasından xəbər verir. Azərbaycan teatr səhnəsində ilk dəfə Hamlet obrazını yaratmaq da məhz ona qismət olub. O, sadəcə aktyor deyildi. Azərbaycan teatrının yaradılmasında və formalaşmasında bir rejissor kimi də misilsiz xidmətlər göstərib.
"Sənət qurban tələb edir" kimi çox işlənən fikrin heç də ötəri yerə formalaşmadığını Abbas Mirzə Şərifzadənin də həyatında görmək mümkündür. Bu sənət fədaisi də bir sıra digər Vətən oğulları kimi, ötən əsrin otuzuncu illərində (o, 1937-ci ildə həbs edilərək güllələnmişdir) susdurulsa da, ölməzlik, əbədiyaşarlıq qazandı.
Yeri gəlmişkən, Azərbaycanı "Eurovision-2011"də layiqincə təmsil edən və bu mahnı müsabiqəsinin növbəti ildə Bakıda keçirilməsinə şərait yaradan cütlükdən biri - Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsidir. Tədbirin sonunda Eldar Qasımov babasının şərəfli ömür yolundan daim qürur duyduğunu bildirib.
Məhəmməd
SADIQZADƏ
Azərbaycan.- 2012.- 6 iyun.- S. 11.