Azərbaycan ən mehriban, səmimi və qonaqpərvər insanların vətənidir

 

 "Eurovision-2012" mahnı müsabiqəsinə yekun vurulsa da, onun nəticələri, doğurduğu əks-səda dünyanın bir sıra elektron KİV-lərində hələ də müzakirə olunmaqdadır. 57-ci dəfə təşkil olunan, millətləri və xalqları  bir araya gətirən  bu musiqi yarışmasının mahiyyəti də ilk növbədə insanları vahid məqsəd  ətrafında birləşdirməkdən, mədəni əlaqələri genişləndirməkdən ibarət idi və bu məqsədinə, demək olar ki, yüksək səviyyədə nail ola bildi.

Bunu həm yarışma gedən günlərdə. həm ondan əvvəl, həm də ki, sonrakı günlərdə dünya mətbuatında dərc olunan, yayılan məlumatlar da bir daha təsdiqləyir:  Azərbaycan bu tədbirin yüksək şəkildə keçirilməsi üçün bütün imkanlarından yetərincə istifadə etdi.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazisinin 20 faizdən çoxunun işğalı belə ölkəmizin bütün sahələrdə inkişafının qarşısını ala bilmədi. Siyasi çəkisinə, iqtisadi artımına görə Azərbaycan qısa müddətdə  nəinki yerləşdiyi  regionda, eləcə də Avropada, Yaxın və Uzaq Şərqdə aparıcı dövlətlərin  sıralarında yer aldı. Azərbaycanın uğurlarına sevinməyən antiazərbaycançı qüvvələrin çabalarına baxmayaraq gələn qonaqlar və gəzməyi-görməyi sevən turistlər əsl həqiqəti səsləndirdilər. Həqiqət isə bundan ibarətdir - Bakıda "Eurovision - 2012" mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunmuşdur. Bunu bütün iştirakçılar etiraf etdilər. Hamının fikri belə idi ki, "Eurovision-2012" mahnı müsabiqəsində təşkilatçılıq çox yüksək səviyyədədir.   Ümumiyyətlə, iş prosesində jurnalistin qarşılaşacağı bütün problemlər Mətbuat Mərkəzində əvvəlcədən nəzərə alınmışdır.  Həmçinin şəhərdə də yüksək səviyyədə hazırlıq işləri aparılmışdır.

İçtirakçıların hamısı "Eurovision"a ayrılan bir il ərzində böyük işlər görüldüyünü xüsusilə vurğulayır. Ümumiyyətlə, insanlarımızın gülər üzü, qonaqpərvərliyi xarici vətəndaşları heyran edir.

Ukraynalı iştirakçı Qaytana Essami mahnı müsabiqəsindən sonra öz təəssüratlarını belə ifadə edib: "Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi yaddaşımda əsl bayram kimi qalmışdır. Bu, fantastika idi. Biz demək olar ki, hər gün 24 saatımızı ona həsr edirdik."

Eyni fikirləri Rumıniyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi "Mandinqa" qrupu da səsləndirmişdir: "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etməyimizdən çox məmnunuq. Çünki Azərbaycan kimi bir ölkə ilə tanış olduq." Rumıniyalı qonaqlar qısa müddətdə istifadəyə verilən "Baku Crystal Hall" sarayı barədə  danışarkən demişlər: "Bu kompleks indiyə kimi gördüklərimiz arasında ən möhtəşəm bir məkandır. Onun səhnəsində çıxış etmək, bu möhtəşəm konsert kompleksində alqışları eşitmək insanda tamam başqa bir hiss oyadır. Bu saray paytaxtınız kimi gözəl və möhtəşəmdir."

Böyük Britaniyadan olan jurnalist Rob Furber Bakının gecələrinin çox gözəl olduğunu söyləyir: "Gəzməli yerləriniz, fəvvarələriniz adamda yaxşı təəssürat yaradır, hər şey təmiz və səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər."

Ölkənin gözəlliyi, səviyyəsi onun astanasından - vağzalından, aeropotundan başlayır və bunu Böyük Britaniyanın "The İndependent"i xüsusilə nəzər-diqqətə çatdırır: "Bakı aeroportu başdan-başa reklam yarışına çevrilmişdir. Eyni sözləri Azərbaycanda hər bir avtobusa və ya taksiyə, habelə bir çox binalara şamil etmək olar... Burada müsabiqə son dərəcə ciddi işdir, Sovet İttifaqından müstəqilliyini əldə etdikdən sonra keçən 20 il ərzində bu kiçik, lakin neftlə zəngin ölkənin nail olduğu inkişafı nümayiş etdirmək üçün şansdır...Bu, ölkələri və birlikləri birləşdirən, qarşılıqlı anlaşmaya xidmət edən bir tədbirdir. Biz dərindən əminik ki, "Eurovision" siyasi tədbirə çevrilməməlidir".

 Eyni fikirləri "The Wall Street Journal" (ABŞ) da öz səhifələrində işıqlandırır. Bütün dünyada eyni vaxtda 125 milyon televiziya tamaşaçısının izlədiyi bu müsabiqənin təşkili hər xalqa, hər dövlətə qismət olmur: "Müsabiqə 1956-cı ildə təşkil olunarkən ona Avropada müharibədən sonrakı dostluq ruhunda yeni transsərhəd əlaqələrin qurulmasına dəstək verəcək vasitə kimi baxırdılar: Bu gün isə "Eurovision" gələnilki şounun sahibi adı uğrunda mübarizə aparan ölkələrin füsunkar tamaşasına çevrilir."

Bu fikirləri Mariya Mackinqer (Avstriya), Rob Furber (Böyük Britaniya), Helin Eqe TOK (Türkiyəli fanat və jurnalist) və digər qonaqlar da məmnuniyyətlə bölüşürlər.

Müsabiqə ərəfəsində və müsabiqənin keçirildiyi günlərdə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması da xüsusilə qeyd olunmalıdır. Bir sözlə, guya insan haqlarının, söz azadlığının pozulmasından, demokratiyanın boğulmasından danışan beş-üç nəfərin küçə və meydanlarda müsabiqənin keçirilməsinin əleyhinə "şüarlar" səsləndirmələri, çığır-bağır salmaları onların özlərinin ifşa olunması ilə nəticələndi. "Amnesty İnternational", "Numan Rigts Watt",  Norveç İnsan Hüquqları Evi antiazərbaycançı şəbəkənin qrant xatirinə dəstəyi ilə Azərbaycan həqiqətlərinə özgə libas geydirməyə çalışsalar da, istəklərinə nail ola bilməyəcəklər. Çünki  haqq nazilər, amma üzülməz! Mahnı müsabiqəsinin uğurla başa çatması bu həqiqəti bir daha təsdiq elədi.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 11.