The Japan Times qəzeti: Azərbaycandakı mütərəqqi islahatlar cəmiyyətin hərtərəfli inkişafına yardım edir

 

 Yaponiyanın nüfuzlu, əsasən bu ölkədəki diplomatik nümayəndələr və işgüzar dairələr tərəfindən oxunan ingilisdilli "The Japan Times" qəzetində Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin "Azərbaycandakı mütərəqqi islahatlar cəmiyyətin hərtərəfli inkişafına yardım edir" adlı məqaləsi dərc edilmişdir.

Məqalədə yaponiyalı oxuculara ölkəmiz, onun yerləşdiyi coğrafi məkan, tarixi, milli mətbəxi, incəsənəti, xüsusən xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilir.

Müəllif ötən əsrin əvvəllərində müstəqilliyin qazanılmasının böyük tarixi nailiyyət olduğunu vurğulamış, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola nəzər salmış, onun Şərqdə ilk demokratik respublika olduğunu, qadınların səs vermək hüququnun bir çox ölkələrdən əvvəl məhz burada qəbul edildiyini vurğulamışdır.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda siyasi sabitliyin mövcud olduğu, həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində xarici sərmayəçilər üçün əlverişli şəraitin yaradıldığı və müstəqilliyin bərpasından qısa zaman ötməsinə baxmayaraq, ölkəmizin etibarlı tərəfdaşa çevrildiyi oxucuların nəzərinə çatdırılmışdır.

Zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq Azərbaycan Respublikasının qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı bildirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşməklə, Qərblə-Şərqi birləşdirən mühüm tranzit dövlətidir.

Məqalədə Azərbaycanın son illər mühüm uğurlara imza atması, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyamiqyaslı tədbirlərin təşkil olunduğu mərkəzə çevrilməsi barədə yapon oxuculara ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkili, bununla bağlı mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi bu beynəlxalq tədbirin iştirakçıları tərəfindən xüsusi vurğulanmışdır.

Məqalədə, həmçinin Azərbaycan Respublikasının əlverişli turizm məkanı olması qeyd edilərək, turizmin əksər növləri ilə məşğul olmaq üçün ölkəmizdə əlverişli şəraitin yaradıldığı bildirilmişdir. Bu sahədə bir sıra iri layihələrin həyata keçirildiyi, ölkə ərazisində dünya standartlarına cavab verən mehmanxanaların və digər zəruri infrastrukturun yaradıldığı bildirilmişdir. Bu xüsusda yaponiyalı turistlər Azərbaycana səfərə və ölkəmizi daha yaxından tanımağa dəvət olunmuşlar.

Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumat verilərək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdur. Xüsusən 1998-ci ildə ulu öndər Heydər Əliyevin və 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərinin bu əlaqələrin inkişafında əlamətdar hadisə olduğu bildirilmişdir.

Ötən il martın 11-də Yaponiyada baş vermiş təbii fəlakətdən sonra Azərbaycan Respublikasının Yaponiyaya yardım edən ilk dövlətlərdən biri olduğu, xalqımızın daim Yaponiya xalqı ilə birlikdə olduğu diqqətə çatdırılmışdır.

Məqalənin sonunda bildirilmişdir ki, Azərbaycan zəhmətsevər yapon xalqının təbii fəlakətin fəsadlarını qısa zamanda aradan qaldıracağına əmindir.

Qəzetin həmin nömrəsində çoxsaylı Yaponiya şirkətlərinin Respublika Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik etmələrinə də geniş yer verilmişdir.

 

 

Vüqar AĞAYEV

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 11.