Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir.

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə  əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi.

Xanım Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu dedi. Hillari Klinton Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd etdi. Ölkələrimizin bir çox sahələrdə  uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd etdi. O, Azərbaycanın regionda  mühüm rolunu vurğuladı. Xanım Hilları Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə olunacaq məsələlərin geniş gündəliyə malik olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 1.