Qafqaz Müsəlmanları İdarəsinin
sədri Moskvanın və bütün
Rusiyanın Patriarxı ilə görüşmüşdür
Astanada keçirilən dünya dinləri və ənənəvi dinlərin liderlərinin dördüncü qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşmüşdür.
Dostluq və qardaşlıq şəraitində keçən görüşdə A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Patriarx Kirillə çatdırmışdır.
Görüşdə MDB Dinlərarası Şurasının fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılmış, görüləcək işlər müzakirə edilmişdir. Qurumun həmsədrləri Şeyxülislam və Patriarx Kirill bu şuranın təşəbbüsü ilə reallaşmış dini liderlərin Moskva və Bakı görüşlərinin dinlərarası dialoq və əməkdaşlıq baxımından əhəmiyyətini xüsusi vurğulamışlar. Patriarxı yenidən Azərbaycana səfərə dəvət edən A.Paşazadə bu səfərin böyük əhəmiyyət kəsb edəcəyinə, dövlətlərimiz, region və postsovet məkanı ölkələri üçün faydalı olacağına əmin olduğunu bildirmişdir.
Patriarx Kirill MDB Dinlərarası Şurasının həmsədri kimi Şeyxülislam A.Paşazadənin fəaliyyətini yüksək qiymətləndirmiş, onun MDB müsəlmanları Məşvərət Şurasının sədri kimi də mühüm işlər gördüyünü diqqətə çatdırmışdır. Şeyxülislamın MDB məkanında, habelə islam dünyasında böyük ehtiramla qəbul olunduğunu bildirən Patriarx Kirill, bu nüfuz sayəsində qurumun daha çox işlər görə biləcəyini vurğulamış, Məşvərət Şurasının növbəti görüşündə məmnuniyyətlə iştirak edəcəyini bildirmişdir.
Görüşdə QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əməkdaşlığın perspektivləri də müzakirə olunmuşdur.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.