Bakıda Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu mövzusunda konfrans keçirilmişdir

 

Mayın 31-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda konfrans keçirilmişdir.

Konfransda vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, onların fəaliyyətinin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığının gücləndirilməsi, QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransı açaraq tədbirin əhəmiyyəti haqqında danışmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli HƏSƏNOV konfransda geniş məruzə ilə çıxış etmişdir.

Konfransda mühüm bir məsələnin - vətəndaş cəmiyyəti institutlarının Azərbaycanın ictimai-siyasi həyatında yerirolu barədə müzakirələrin aparılacağını vurğulayan professor Əli Həsənov demişdir ki, ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra həyatımızın bütün sahələrində faydalı təşəbbüslər irəli sürülməyə, yeni qurumlar yaranmağa başlanmışdır. Vətəndaş cəmiyyəti institutları da yarandı və dövlətin daxili siyasətinin formalaşması mexanizmlərinə təsir etməyə başladı. İlk dövrlərdə bu qurumların fəaliyyəti o vaxtkı siyasi hakimiyyət tərəfindən qısqanclıqla qarşılandı. Həmin dövrdə siyasi hakimiyyət tərəfindən qeyri-hökumət təşkilatlarına müxalif qurumlar kimi münasibət bəslənilirdi. Əslində o vaxt qeyri-hökumət təşkilatları ilə müxalifət partiyaları arasındakı sərhəd də çox səthi idi. Çünki eyni insanlar həm qeyri-hökumət təşkilatları yaradırdılar, ona rəhbərlik edirdilər, həm də siyasi partiyaların funksionerləri idilər. Bəzən qeyri-hökumət təşkilatı hərəkatının mahiyyəti siyasi partiya hərəkatının mahiyyəti ilə qarışdırılırdı. Əslində siyasi partiya hakimiyyət uğrunda mübarizə aparanbirbaşa hakimiyyətə iddialı olan fəal siyasi institutdur. Qeyri-hökumət təşkilatlarının isə dünya təcrübəsindən məlum olan öz funksiyaları vardır. Bu qurumlar bütün dünyada hakimiyyətə iddialı olmayan və vətəndaş təşəbbüslərinin ictimai, siyasi, sosial, mədəni həyatda nəzərə alınmasını formalaşdıran qeyri-siyasi institutlardır. Ona görə də müstəqilliyin ilk illərində nə hakimiyyət qeyri-hökumət təşkilatlarının mahiyyətini,  nə də qeyri-hökumət təşkilatları özlərinin funksiyasının nədən ibarət olduğunu axıradək anlayırdı. Beləliklə, o illərdə hakimiyyət ilə qeyri-hökumət təşkilatları arasında gizli rəqabət var idi.

1998-ci ildə Azərbaycanda ilk dəfə "Qrantlar haqqında" Qanun qəbul olunduğunu xatırladan Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, məhz bu qanunla ölkədə qeyri-hökumət təşkilatı sektorunun mövcudluğu, bu qurumların cəmiyyətdəki rolunun zəruriliyi faktiki olaraq rəsmən elan edildi. Beləliklə, ölkə həyatında QHT-lərin fəaliyyət istiqamətləri müəyyənləşdirildi, bu qurumların cəmiyyətdə rolu dönməz xarakter aldı.

Məhz o vaxtdan başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında iqtidar komandası qeyri-hökumət təşkilatlarını tərəfdaşlıq münasibətlərinə cəlb edərək bu çərçivədə vətəndaş cəmiyyəti quruculuğu prosesini yeni məcraya yönəldə bildi.  Bu, vətəndaş cəmiyyəti institutlarının ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmasının birinci mərhələsi idi. Bu  mərhələdə qeyri-hökumət təşkilatı hərəkatı yeni məzmun və yeni vüsət aldı, belə qurumların sayı artmağa başladı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında sağlam münasibətlər sahəsində yaxşı təcrübə əldə edildi.

Professor Əli Həsənov qeyri-hökumət təşkilatlarının həyatında növbəti mərhələnin 2001-ci ildən başlandığını bildirərək demişdir ki, həmin il "Qeyri-hökumət təşkilatları haqqında" ayrıca qanunun layihəsi hazırlanmış və qəbul olunmuşdur. Bunun sayəsində qeyri-hökumət təşkilatları Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində faktiki olaraq hakimiyyətin tərəfdaşına çevrildi. Bu qurumlar həm sağlam məcrada vətəndaş təşəbbüsləri irəli sürməyə, həm də cəmiyyət həyatında öz yerlərini tutmağa başladılar.

Azərbaycan hakimiyyəti bu gün qeyri-hökumət təşkilatlarını, sözün həqiqi mənasında, özünün tərəfdaşı hesab edir. Təbii ki, hakimiyyətin öz funksiyaları vardır: dövlətin təhlükəsizliyi, iqtisadiyyatın inkişafı, əhalinin rifahının yüksəldilməsi, ölkənin tərəqqisinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və s. Amma elə sahələr vardır ki, orada məhz qeyri-hökumət təşkilatlarının fəaliyyəti vacibdir. Məhz bu vacibliyi nəzərə alan hakimiyyət qeyri-hökumət təşkilatları ilə birlikdə fəaliyyəti uğurla davam etdirir.

Qeyri-hökumət təşkilatları ilə Azərbaycan hökuməti arasındakı münasibətlərin üçüncü mərhələsi isə 2007-ci ildən başlayır, - deyən Əli Həsənov xüsusi vurğulamışdır ki, Azərbaycan hakimiyyəti artıq QHT-lərə sadəcə, bir tərəfdaş kimi deyil, bilavasitə ölkə vətəndaşlarının təmsil olunduğu kütləvi təşkilatlar kimi baxır, onların buya digər təşəbbüslərini həyata keçirmələrinə maddi dəstək vermək iradəsini ortaya qoyur.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, 2007-ci ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunmuşdur. Həmin ilin sonunda bu konsepsiyanın reallaşdırılması ilə bağlı zəruri təşkilati tədbirlər görülmüş, 2008-ci ildən artıq Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamış, onun tərkibi seçilmişbu Şura hakimiyyətin QHT-lərə dövlət dəstəyi konsepsiyasını uğurla icra edir.

O dövrdə bəzi xarici qeyri-hökumət təşkilatlarının, bəzi xarici ölkələrin, bəzi beynəlxalq hökumətlərarası qurumların Azərbaycanın bu təşəbbüsünə çox qısqanclıqla yanaşdıqlarını xatırladan professor Əli Həsənov demişdir ki, onlar dövlətimizin bu təşəbbüsünü qərəzli şəkildə qeyri-hökumət təşkilatlarını nəzarət altında saxlamaq, QHT-lərin fəaliyyətinə rəhbərlik etmək istəyi kimi qələmə verməyə çalışırdılar.

Şöbə müdiri Əli Həsənov demişdir ki, əlbəttə, zaman keçdikcə bütün bu şübhələrin yanlış olduğu ortaya çıxdı. Bütün dünya şahidi oldu ki, Azərbaycan hakimiyyəti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasını qəbul edəndən, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tərkibini formalaşdırandan sonra QHT-lərin fəaliyyətinə heç bir müdaxilə olmamışdır. Dövlət qurumları yalnız ilin sonunda QHT-lərin maliyyə hesabatları ilə tanış olurbu institutların inkişaf meyillərini müzakirə edir ki, bu da dünyanın hər bir ölkəsində normal qəbul edilən qaydadır. Təbii ki, qrant verən qurum onu alan təşkilatın hesabatını dinləməlidir. Amma bu dinləmənin QHT-lərin fəaliyyət istiqamətlərinə, gördükləri işə heç bir aidiyyəti yoxdur. Onlar öz fəaliyyətləri sahəsində tam müstəqildirlər.

Çox təəssüf ki, Azərbaycana dərs keçmək, Azərbaycanı özlərinin arzuladıqları kimi görmək istəyən bəzi beynəlxalq qurumlar uğurlarımızın üzərinə kölgə salmağa çalışırlar. Mən açıq danışacağam. Düşünürəm ki, artıq bu məsələlər haqqında açıq danışmağın vaxtıdır. Bəzi beynəlxalq QHT-lər, xüsusən "Amnesty International", "Human Rights Watch", "Freedom House", Norveçin insan hüquqları qurumları və sair təşkilatlar Azərbaycanda yalnız nöqsanlar axtarmaqla məşğuldurlar. Bu təşkilatların nümayəndələri Azərbaycana gələrkən hesab edirlər ki, insanlar, dövlət qurumları, QHT-lər, mətbuat orqanları, partiyalar, vətəndaş təsisatları onların qulluğunda durmalı, qarşılarına qaçmalı, bunların müəyyən etdikləri yolla getməlidirlər. Əlbəttə, onlar yanılırlar. Mən hesab edirəm ki, Azərbaycanın real dəyərlərini dünyaya daha fəal çatdırmalıyıq. Azərbaycan xalqı hələ Avropa ölkələrinin çoxundan əvvəl - 1918-ci ildə demokratik dövlət qurubdur. Azərbaycan həmin ölkələrin çoxundan əvvəl parlament respublikası formalaşdırıbdır. Azərbaycanda qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ həmin dövlətlərin çoxundan əvvəl verilibdir. Azərbaycan xalqı əsrin əvvəlində opera, balet yaradanda, teatr binası tikəndə, onun truppasını təşkil edəndə Avropa ölkələrinin çoxunda bunlar yox idi. Azərbaycan dünyanın mədəniyyət, ədəbiyyat, incəsənət xəzinəsinə çox dəyərli töhfələr veribdir.

Amma bizi istəməyənlər bunları görməzliyə vurur, Azərbaycanı əsassız olaraq qeyri-demokratiklikdə, insan haqlarının pozulmasında günahlandırırlar. Ermənistan 20 ildir ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı 20 ildir ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan 20 ildir ki, nüfuzlu beynəlxalq qurumlara meydan oxuyur. Ermənistanda demokratiya, insan haqları kobud şəkildə pozulur, ancaq bizə dərs keçmək istəyən beynəlxalq təşkilatlar, KİV-lər bu barədə bircə kəlmə də yazmırlar.

"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bir sıra mətbuat orqanları Azərbaycan haqqında hansı iftiraları yazmadılar?! Mən onlardan birinin - "Independent" qəzetinin adını çəkəcəyəm. "Independent" sözünün Azərbaycan dilində tərcüməsi "müstəqil" deməkdir. Mən bu qəzetin  müstəqilliyinə şübhə edirəm. Bu qəzet Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında bircə sətir yazdımı?! Yazdımı ki, bu dövlət həm də bir milyon qaçqına, məcburi köçkünə ev sahibliyi edir?! Yazdımı ki, bu dövlət Cənubi Qafqazda, Xəzər hövzəsində yeganə müstəqil siyasət yürüdən bir dövlətdir?! Yazdımı ki, bu dövlət Avropanın enerji təhlükəsizliyinə töhfə verir, neçə illərdir ki, sağdan-soldan dini fundamentalistlərin mübarizəsinə sinə gərir, İrandan, digər dövlətlərdən Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin qarşısını alır?! Yazdımı ki, bu dövlət neçə ildir ki, Xəzər hövzəsində və müsəlman dünyasında sivil Avropa dəyərlərini yaşatmaq uğrunda mübarizə aparır, bu dövlətin nə qədər görkəmli ədəbiyyat, mədəniyyət, incəsənət xadimi  vardır?! Yazmadı. Yazdıqları isə budur ki, guya Azərbaycanda demokratiya, insan haqları, siyasi partiyaların hüquqları pozulur.

Dünyanın heç bir ölkəsində vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə Azərbaycandakı qədər sərbəstlik verilmədiyini vurğulayan Əli Həsənov Avropa Parlamentinin bunların üzərinə kölgə saldığını, dövlətimizin nüfuzuna xələl gətirən, ölkəmizin reallıqları ilə bir araya sığmayan qətnamə qəbul etdiyini kəskin tənqid etmişdir.

Şöbə müdiri demişdir ki, Avropa Parlamentiüçün bütün Avropanı bürüyən böhran, mitinqlər, aksiyalar barədə məsələ müzakirə etmir?! Tələm-tələsik, çox az sayda deputatın iştirakı ilə Azərbaycan haqqında bədnam qətnamə qəbul edir. Erməni lobbisinin çirkli pulları və təhriki ilə Azərbaycan haqqında qərəz və böhtandan ibarət hesabat hazırlayan almaniyalı deputat Ştrasseri Avropada "qəhrəman"a çeviriblər. Məgər Ştrasser Almaniyanın, digər Avropa ölkələrinin üzləşdiyi böhranı, baş alıb gedən işsizliyi, pozulmuş insan hüquqlarını görmürmü? Əlbəttə, görür. Onların məqsədi avropalıların diqqətini Avropa ölkələrini böhran girdabına yuvarlamış siyasətçilərdən yayındıraraq Azərbaycan və digər ölkələr haqqında uydurma nöqsanlara cəlb etməkdir. Bizə dərs verməyə çalışan Ştrasserdən soruşmaq lazımdır ki, niyə öz ölkəsindəki nöqsanlardan, hüquq pozuntularından hesabat hazırlamır?!

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına böyük səs çoxluğu ilə üzv seçilməsini və hazırda bu quruma sədrlik etməsini xüsusi vurğulayan Prezident Administrasiyasının rəsmisi demişdir ki, indi ölkəmiz dünya siyasətinin formalaşmasında çox fəal iştirak edir. Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin tarixində bu yarışmanı çox yüksək səviyyədə və fərqli təqdimatda hazırlayıb keçirən ölkədir. Bu günlərdə Bakının çoxsaylı qonaqları Azərbaycanın, onun paytaxtının gözəlliyinə heyran qaldıqlarını dönə-dönə dilə gətirdilər. Amma bizim müxalifəti təmsil edən insanlar xarici jurnalistləri şəhərin ucqarlarına aparıb zibilxanaları göstərdilər ki, baxın burada problemlər vardır. Dünyanın hansı ölkəsində, hansı paytaxtında, hansı şəhərində problem yoxdur? Biz qətiyyən iddia etmirik ki, Azərbaycanda problem, çətinlik yoxdur. Əsas odur ki, bu problemlər həll edilir, çətinliklər aradan qaldırılır, vətəndaşların rifah halı gündən-günə yaxşılaşır.

Vəziyyət o yerə çatıb ki, uzun müddət İranın ruhaniyyətinə qarşı mübarizə edənlər indi bu ölkənin Azərbaycan əleyhinə təbliğat aparan bəzi qüvvələrinin platformasından çıxış edirlər. Azərbaycan islam ölkəsidir. Sağlam ruhaniyyət Azərbaycanda da vardır. Amma biz dövlətimizin daxili işinə müdaxilə edən, Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsini "gey"lərin paradı adlandıran ruhaniyyəti qəbul edə bilmərik. Biz İranın  həmin ruhani dairələrinə deyirik ki, ayıbdır, namaz qılırsınız, alnınızı möhürə vurursunuz, Allaha dua edirsiniz, amma məsciddən çıxan kimi yalan danışırsınız. Axı bu, necə ruhanilikdir?! Azərbaycan xalqı belə ruhaniyyətlə heç vaxt tərəfdaşlıq edə bilməz. İndi bilirsiniz nə deyirlər: Azərbaycanı qorxutduq, "gey parad"ı ləğv etdi. Dünyada bundan iyrənc, bundan rəzil münasibət görmək çətindir.  

Əli Həsənov demişdir ki, əlbəttə, vətəndaşlarımız, təşkilatlarımız, ziyalılarımız bunlara qarşı öz mövqelərini birmənalı şəkildə bildiriblər. Amma təəssüflər olsun ki, buna baxmayaraq, həmin o antiazərbaycan platformasında birləşən müxalifət hələ də güman edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Onlar bu aqibəti bir dəfə yaşayıblar. Onlar unudurlar ki, xalqla hesablaşmayan, xalqın etimadına, iradəsinə söykənməyən hakimiyyət uzun müddət yaşaya bilməz. Hakimiyyətə gəlməyin sivil, demokratik yolu vardır, bu da seçkilərdən keçir. Qara yaxmaqla, xarici qüvvələrə bel bağlamaqla, vətəndaş cəmiyyətinin norma və prinsiplərinə əməl etməməklə heç nəyə nail olmaq mümkün deyildir.

Azərbaycan artıq dünyada söznüfuz sahibidir, bölgənin  lider dövlətidir. Bu dövlətlə ultimatum dilində danışmaqla, ona dərs verməyə cəhd göstərməklə, uğurlarımızın üzərinə kölgə salmaqla heç kim heç nəyə nail ola bilməyəcəkdir. 

 

* * *

 

Tədbirdə çıxış edən deputatlar Sabir Rüstəmxanlı və Çingiz Qənizadə, QHT rəhbərləri Rauf Zeyni, Məhərrəm Zülfüqarlı, Asif Əsgərov, Elməddin Behbud, Gülsel Səfərova, Sevgim Rəhmanov, Akif  Nağı və başqaları müzakirə olunan məsələlərə münasibət bildirərək qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürdülər.     

Konfransda Avropa Parlamentinin 2012-ci il mayın 24-də qəbul etdiyi "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qətnamə, habelə "Human Rights Watch",  "Amnesty International",  Norveç İnsan Haqları Evi, Sərhədsiz Reportyorlar təşkilatı kimi beynəlxalq qurumların Azərbaycan haqqında yaydığı qeyri-obyektiv açıqlamalarla bağlı bəyanatlar qəbul edildi.

(Konfransın Avropa Parlamentinin qətnaməsinə dair qəbul etdiyi bəyanat qəzetin bugünkü nömrəsində dərc olunur).

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 3.