Macarıstan Azərbaycanın mövqeyini dəstəkləyir

 

 Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Macarıstan parlamentinin Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösi ilə görüşüb.

Görüş zamanı Oqtay Əsədov deyib ki, Azərbaycan və macar xalqları arasındakı əlaqələrin qədim tarixi var. İkitərəfli münasibətlər bu gün də yüksələn xətlə inkişaf edir. Macarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və bu il diplomatik münasibətlərimizin 20 ili tamam olur.

İki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov bildirib ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi, deputatlarımızın səfərləri, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində eyni mövqedən çıxış etmələri təqdirəlayiq haldır.

Oqtay Əsədov Azərbaycanın dinamik inkişafından danışıb, Cənubi Qafqazda ümumi daxili məhsul istehsalının 80 faizinin ölkəmizin payına düşdüyünü vurğulayıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin inkişafına maneə yaratdığını və regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu qeyd edib. Oqtay Əsədov Azərbaycanın haqq səsini, ərazi bütövlüyünüsuverenliyini müdafiə etdiyinə görə Macarıstan tərəfinə minnətdarlıq edib.

Marton Cöncösi səfər zamanı onlara göstərilən qonaqpərvərliyə, verilən ətraflı məlumata görə Milli Məclisin Sədrinə minnətdarlıq edib. Dostluq qrupunun sədri bildirib ki, həqiqətən də xalqlarımız arasındakı əlaqələrin çox qədim tarixi var: "Azərbaycanın hərtərəfli inkişafı bizi çox sevindirir. Biz Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini də yaxşı başa düşürük. Ona görə də düşünürük ki, bu münaqişə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Macarıstan bu baxımdan Azərbaycanın mövqeyini dəstəkləyir".

Görüşdə həmçinin qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 3.