Milli Məclisdə görüş

 

İyunun 6-da Milli Məclis Sədrinin müavini Bahar Muradova Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun Suk ilə görüşdü.

Bahar Muradova qonağı salamlayaraq ölkəmizin son dövrdə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söylədi. Sonra vitse-spiker Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkəmizdə müxtəlif sahələrdə gördüyü işlərin əhəmiyyətindən danışdı. İşğaldan azad olunmuş bölgələrdə infrastrukturun yaxşılaşdırılmasına diqqət yetirilməsinin vacibliyini önə çəkdi.

Söhbətdə Bahar Muradova parlamentlər səviyyəsində əlaqələrin inkişafının və bu işdə deputatların qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğuladı. O, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə layihələrin həyata keçirilməsini məqsədəmüvafiq hesab etdi.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun Suk ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Münasibətlərimizin bir çox sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu ifadə etdi. Qonaq parlamentlər arasında əməkdaşlığa toxunaraq bu istiqamətdə əlaqələrin genişləndirilməsi üçün daha çox imkanların olduğunu söylədi. Kim Eun Suk təmsil etdiyi qurumun ölkəmizdə bir sıra proqramların reallaşdırıldığını deyərək parlament səviyyəsində həyata keçiriləcək layihələrə də öz töhfəsini verməyə hazır olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 3.