Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinin görüşləri keçirilib

 

 "Azərbaycana gəldiyimiz ilk andan mehribanlığın, dostluq münasibətinin və inkişafın şahidi olmuşuq. Azərbaycan həqiqətən də sürətli inkişaf yolu keçibbu, bizi bir dost kimi çox sevindirir".

Bu sözləri Bakıda səfərdə olan Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Marton Cöncösi iyunun 6-da Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdə deyib. Görüşdə çıxış edən işçi qrupun rəhbəri Xanhüseyn Kazımlı Azərbaycan parlamentinin tarixi, beynəlxalq münasibətləri, qanunvericilik texnikası, deputatlar üçün yaradılmış şərait barədə qonaqlara ətraflı məlumat verib.

Marton Cöncösi isə bildirib ki, Azərbaycana səfərin məqsədi ikitərəfli, xüsusən də iki ölkənin parlamentləri arasındakı əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, bu cür səfərlərin əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

* * *

 

İyunun 6-da Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüş keçirib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Macarıstan Avropa İttifaqının siyasətini müəyyənləşdirən mühüm ölkələrdən birinə çevrilməkdədir. Onun sözlərinə görə, Avropa İttifaqının taleyi bu quruma yeni üzv olmuş ölkələrdən daha çox asılıdır. Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycanla Macarıstan arasında münasibətlər daim yüksələn xətlə inkişaf edir və ölkəmizin əsas hədəfi Avropaya inteqrasiyadır. Lakin bu inteqrasiya qarşılıqlı hörmətə, xalqlara mənfəət  və firavanlıq gətirməyə əsaslanmalıdır.

Azərbaycanla yaxından maraqlandıqlarını deyən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Marton Cöncösi ölkəmizdə keçirdikləri görüşləri yüksək qiymətləndirib. Qonaq "Eurovision-2012" mahnı müsabiqəsinin uğurla keçirilməsinə görə təbriklərini çatdırıb və Azərbaycanın inkişafından məmnun olduqlarını qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirən qonaq vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi durmadan artır və bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Görüşdə mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün görülən işlər xüsusi qeyd olunaraq beynəlxalq təşkilatlarda birgə fəaliyyətin əhəmiyyətindən danışılıb.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 3.