Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 6-da Azərbaycanda səfərdə olan Avropa ParlamentininAlmaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışarkən bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan Əli Həsənov  vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 1 milyard 300 min dolları Dövlət Neft Fondunun, 1 milyard dolları isə beynəlxalq humanitar təşkilatların, qalanı isə büdcə vəsaitidir. İndiyədək Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün 71 müasir qəsəbə salınmışdır. Baş nazirin müavini vurğulamışdır ki, bu evlər onlara müvəqqəti yaşamaq üçün verilmişdir. Çünki onlar öz doğma yurdlarına qayıdacaq günü səbrsizliklə gözləyirlər.

Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Almaniyanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirərək xalqlarımız arasındakı dostluq əlaqələrinin tarixinə nəzər saldı. O hələ XIX əsrdə Azərbaycanını bəzi bölgələrində, o cümlədən Göy-göl və Şəmkir rayonlarında almanların kompakt yaşadığını, onların azərbaycanlılarla qaynayıb-qarışdığını, həmin bölgələrin inkişafındakı xidmətlərini xüsusi qiymətləndirdi.

Almaniya Bundestaqının və Avropa Şurası Parlament Assambleyasının sabiq üzvü Eduard Lintner demişdir: "Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu mövqe daimidir və dəyişməzdir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasının vacibliyini vurğulayan E.Lintner qeyd etmişdir ki, bu problem həll olunmadan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyildir.

Görüş zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk təqdim olunmuşdur.

Sonra qonaqlar Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşlar.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 3.