Rumıniya mətbuatı
Azərbaycanın müasir
inkişafından və praqmatik xarici siyasətindən yazır
Rumıniyanın aparıcı "Romania Libera" qəzetinin 5 iyun tarixli sayında Azərbaycanın müasir inkişafından və praqmatik xarici siyasətindən bəhs edən analitik məqalə dərc edilmişdir.
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda səfərdə olmuş qəzetin baş redaktorunun müavini Laurençiu Mihunun müəllifi olduğu məqalə "Azərbaycan - Eurovisionun arxasındakı şahmat taxtası" adlanır. Məqalədə müəllif Azərbaycan insanının səmimiliyindən, istiqanlılığından, qonaqpərvərliyindən, Bakıda müşahidə etdiyi sürətli quruculuq-abadlıq işlərindən, yeni memarlıq abidələrinin qədim və tarixi tikililərlə harmoniyasından, nadir incəsənət nümunələrinə mədəni irs kimi qayğı ilə yanaşmasından və bunun nəticəsində İçərişəhər qoruğunun ölkənin brendinə çevrilməsindən bəhs edir.
Müəllif "Eurovision" ərəfəsində Azərbaycana qarşı beynəlxalq mətbuatda gedən tənqidi yazıların qərəzli məqsəd daşıdığını və Bakıda olduğu müddətdə beynəlxalq mətbuatın fikirləri ilə razılaşmadığını, müsabiqənin təşkilində Azərbaycanın bütün işlərin, o cümlədən təhlükəsizlik tədbirlərinin öhdəsindən uğurla gəldiyini vurğulamışdır.
Müəllif Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşdiyini, bu baxımdan keçmiş postsovet ölkələri ilə müqayisədə bəxtinin gətirmədiyini yazır. Müəllifin fikrincə, Avropanın və qonşularının təzyiqlərinə baxmayaraq, Azərbaycan müsəlman dünyasında öz dünyəviliyini qoruyub saxlamağa, beynəlxalq münasibətlərini düzgün şəkildə davam etdirməyə müvəffəq olmuşdur.
Məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması və uzun illərdir bir milyonluq qaçqın və məcburi köçkünləri ilə birlikdə insanlıq dramı yaşadığını xüsusi vurğulanmışdır. Müəllif istər Ermənistanla bağlı vəziyyət, istərsə də Cənub qonşudan güclənən bütün təhdidlərə rəğmən Azərbaycanın təmkinli siyasət apardığını qeyd etmişdir.
Məqalənin orijinalını aşağıdakı linkdən əldə etmək mümkündür:
http://www.romanialibera.ro/opinii/comentarii/azerbaidjan-tabla-de-sah-din-spatele-eurovisionului-265894.html
AzərTAc
Azərbaycan.- 2012.- 7 iyun.- S. 3.