ABŞ-ın
dövlət katibi Hillari
Klinton Bakıda keçirilən XIX Beynəlxalq
Xəzər neft, qaz,
neftayırma, neft kimyası sərgisi ilə
tanış olmuşdur
İyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi ilə tanış olmuşdur.
Xanım Hillari Klintona məlumat verilmişdir ki, sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.
ABŞ-ın dövlət katibinin diqqətinə çatdırılmışdır ki, ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılmışdır. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulmuşdur. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir.
Bildirilmişdir ki, bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.
Xanım Hillari Klinton Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) stendi ilə yaxından tanış olmuşdur. Palatanın prezidenti Daniel Mətyus dövlət katibinə AMCHAM-ın fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda aparıcı biznes assosiasiyası olan palata 1996-cı ildə təsis edilmişdir. AMCHAM-ın əsas məqsədi bu quruma üzv olan 180-dən artıq şirkətin Azərbaycandakı biznes maraqlarını dəstəkləmək və təşviq etməkdir.
ABŞ dövlət katibi sərgidən zəngin təəssüratla ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.