ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüşmüşdür

 

İyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəmizə səfəri çərçivəsində Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) üzvləri ilə görüşmüşdür.

AMCHAM-dan AzərTAc-a bildirmişlər ki, Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisindəki AMCHAM-ın stendi ilə tanış olmuş xanım Hillari Klinton ticarət palatasının prezidenti Daniel Mətyus və təşkilatın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu ilə də görüşmüşdür.

Görüşdə Azərbaycanda işgüzar mühitlə bağlı məsələlər müzakirə olunmuşdur. İşgüzar mühitin təkmilləşdirilməsi prosesində AMCHAM-ın mühüm rolunu vurğulayan xanım Hillari Klinton bu istiqamətdə ABŞ hökumətinin daimi dəstəyini qeyd etmişdir.

Bundan əlavə, ABŞ-ın dövlət katibi AMCHAM-ın üzvləri olan Birləşmiş Ştatların energetika şirkətlərinin nümayəndələri ilə görüşmüşdür.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.