ABŞ-ın nüfuzlu nəşrində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
dair məqalə dərc edilmişdir
ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc olunmuşdur. AzərTAc xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilən yazıda Ağdam rayonunun Çıraxlı kəndinin sakininin də fikirləri yer almışdır.
Yazıda qeyd olunur ki, Çıraxlı kəndində erməni snayperlərinin atəş səsləri hər gün eşidilir. "Bütün dünya görür ki, Azərbaycan gündən-günə inkişaf edir və güclənir. Biz əminik ki, doğma torpaqlarımızı azad edəcəyimiz gün yaxınlaşır". Bu sözləri Çıraxlı kənd sakini Xosrov Şükürov demişdir.
Məqalədə vurğulanır ki, münaqişə tərəfləri problemin həlli istiqamətində danışıqları davam etdirirlər. Azərbaycanın öz ordu potensialını gücləndirməsi ölkənin münaqişədən qalib çıxmaq şansını artırır.
Yazıda Çıraxlı kənd sakinlərinin erməni snayperlərinin atəşinə məruz qaldığı və bir neçə sakinin yaralandığı da diqqətə çatdırılır. Müəllif yazır ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Cənubi Qafqaz regionuna səfəri zamanı demişdir: "Mən gənc əsgərlərin və mülki vətəndaşların ölümünə səbəb olan, müharibə vəziyyətini artıran bu vəziyyətdən çox narahatam. Güc tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz".
Məqalədə vurğulanır ki, Ermənistan bir əsgərin öz yoldaşları tərəfindən öldürülməsini bəhanə edib keçən ay Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etmişdir.
Müəllif Azərbaycanın xarici
işlər naziri Elmar
Məmmədyarovun sözlərinə istinadla
yazır ki, münaqişənin həlli yolu yalnız diplomatiya yoludur. Demək olmaz ki, diplomatik imkanlar bitmişdir, amma insanlar bizdən nə
isə etməyi tələb edirlər. Bu,
dondurulmuş münaqişə deyildir.
Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.