Azərbaycan
Respublikasında fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları nümayəndələrinin
Avropa Parlamentinin
2012-ci il mayın 24-də qəbul etdiyi “İnsan
hüquqları, demokratiya və hüququn aliliyinin
pozulmasına dair” qətnamə
ilə bağlı BƏYANATI
Biz - Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, Avropa Parlamentinin 2012-ci il mayın 24-də qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ilə tanış olduqdan sonra dərin narahatlıq hissləri keçiririk. Buna səbəb qətnamənin məzmununda yer alan həqiqətdən uzaq fikirlər, ciddi təhrif edilmiş iftira xarakterli məlumatlardır. Hesab edirik ki, Avropa institutları bu cür həssas mövzular üzrə sənəd qəbul edərkən məsələnin əhəmiyyətini anlamalı, qərəzdən və şəxsi maraqlardan uzaq olmalı, ölkədəki vəziyyətə və əldə edilmiş nailiyyətlərə kölgə salan səhv ifadələr işlətməməlidir. Təəssüf hissi ilə bildiririk ki, Avropa Parlamentinin Azərbaycandakı proseslərə belə ədalətsiz yanaşması bu mötəbər qurumun ictimai nüfuzuna mənfi təsir etmiş, onu haqlı olaraq ictimai tənqidlərin hədəfinə çevirmişdir. Qətnamənin qəbulundan sonra ölkə mətbuatında yer alan fikirlər, ictimai müzakirələr və bəyanatlar bunun aydın göstəricisidir.
Azərbaycan Avropaya inteqrasiyanı prioritet istiqamət kimi müəyyən etmiş, Avropa dəyərlərinə daim hörmətlə yanaşmış, insan hüquq və azadlıqlarının qorunması sahəsində Avropa Şurası, ATƏT və digər nüfuzlu institutlarla sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Ölkəmiz Avropanın etibarlı strateji tərəfdaşıdır. Bütün bu müsbət qarşılıqlı əməkdaşlıq fonunda Avropa Parlamenti tərəfindən həqiqəti əks etdirməyən, sifarişli olma təəssüratı yaradan qətnamənin qəbul edilməsi başa düşülən deyil və bizdə dərin təəssüf hissi doğurur. Belə bir sənədin qəbulu, həmçinin Avropa Parlamentinin obyektivliyinə ciddi xələl gətirir.
Qətnamənin təcili qəbul olunması onun keyfiyyətinə və məzmununa öz təsirini göstərmişdir. Belə ki, təxirəsalınmaz prosedurlarla təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş sənəddə çoxsaylı yanlış və yoxlanmamış müddəalar öz əksini tapmışdır. Hiss olunur ki, Avropa Parlamentinin üzvləri bu qətnamənin qəbul edilməsi prosesində Azərbaycandakı mövcud vəziyyəti, müstəqil tərəflərin arqumentlərini nəzərə almamış, müəyyən mənbələrdən təqdim edilmiş və qəsdən təhrif olunmuş məlumatları əsas götürmüşlər.
Qətnamənin bəzi Qərb KİV-lərində gedən intensiv antiazərbaycan təbliğatı, ölkəmizə düşmən mövqedə olan dövlətlərin və radikal müxalifətin sinxron fəaliyyəti ilə üst-üstə düşməsi güman etməyə əsas verir ki, bu sənədin qəbulu hazırda bir sıra Avropa ölkələrində Azərbaycana qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsidir. Avropa mediasının sifarişli məqalələr yazması bizə məlumdur, lakin mötəbər qurum olan Avropa Parlamentinin belə oyunlarda alət olması dərin təəssüf hissi doğurur. Hesab edirik ki, belə yanaşma Avropa İttifaqının Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı siyasətinin iflasına gətirib çıxara bilər. Belə ki, ölkəmizin gələcəyini birmənalı olaraq Avropaya inteqrasiyada görən vətəndaş cəmiyyətində də artıq bu əməkdaşlığın faydaları və prosesdə ədalətin təmini məsələsi ilə bağlı tərəddüdlər yaranmağa başlamışdır. Hesab edirik ki, cəmiyyətdə belə əhval-ruhiyyənin güclənməsi gələcəkdə qurumla assosiativ üzvlük məsələsi barədə qərarın qəbuluna təsir göstərə bilər.
Qətnamədə Avropa Parlamentinin obyektivliyini şübhə altına alan və bizim narahatlığımıza səbəb olan bir neçə müddəanı diqqətinizə çatdırmaq istərdik.
Sənəddə yanlış olaraq bu il mayın 15-də mitinqin polis tərəfindən dağıdıldığı göstərilir. Əslində isə göstərilən tarixdə Bakı şəhərində heç bir nümayiş keçirilməmişdir. Mayın 14-də "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gəlmiş xarici jurnalistlərin diqqətini cəlb etmək üçün cəmi 20-30 nəfərin iştirakı ilə razılaşdırılmamış piket keçirilmişdir. Nəzərə alınmalıdır ki, beynəlxalq miqyaslı tədbir keçirən istənilən ölkədə təhlükəsizlik məsələləri baxımından mitinq və piketlərin keçirilməsi bir çox hallarda müvəqqəti məhdudlaşdırılır və ya qadağan olunur. "Eurovision" mahnı müsabiqəsinin gedişində Azərbaycanda da analoji olaraq müvafiq təhlükəsizlik tədbirləri görülmüş, həm də bu zaman ictimai asayişi pozan şəxslərə qarşı polis tərəfindən heç bir zorakı hərəkətə yol verilməmiş, piket iştirakçılarından heç biri həbs olunmamışdır. Hazırkı mürəkkəb geosiyasi vəziyyət və səslənən saysız təhdidlər nəzərə alınarsa, bu başa düşülməli və spekulyasiyaların predmeti olmamalıdır. Təəssüf edirik ki, Avropa Parlamenti bu məqama birtərəfli yanaşmışdır.
"Azadlıq" radiosunun Bakı bürosunun müxbiri Xədicə İsmayılovanın şantaj edilməsi ilə bağlı qətnamədə irəli sürülən müddəanın heç bir hüquqi əsası yoxdur və uydurma mülahizələrə əsaslanır. Xədicə İsmayılovanın işi ilə bağlı istintaq hələ başa çatmamışdır. Bu halda Avropa Parlamentinin sübutsuz ittihamlar irəli sürməsi və hüquqi baxımdan əsaslandırılmamış mövqedən çıxış etməsi təəssüf doğurur.
Qətnamədə həmçinin AŞ PA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Ştrasserə öz mandatını həyata keçirmək məqsədilə Azərbaycana səfər etməsi üçün vizanın verilməsinə dair çağırış səslənir. Halbuki Azərbaycan tərəfi hələ mart ayının sonunda məruzəçini onun mandatı çərçivəsində Azərbaycana səfər etməyə dəvət etmişdir. Lakin o, səfərdən imtina edərək öz mandatına laqeyd münasibət göstərmişdir.
Jurnalistlərin siyasi ittihamlarla tutulduğu yazılır, halbuki Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilməmişdir. Qətnamədə bir tərəfdən radikal islam təşkilatlarının səsləndirdiyi təhdidlər pislənir, digər tərəfdən isə, həmin təhdidlərin yayımlanması ilə məşğul olan məhkum edilmiş bir neçə şəxsin azad edilməsi tələb olunur. Bu müddəalar bir-birinə tamamilə ziddir. Diqqətinizə çatdırırıq ki, bu təhdidlər yalnız Azərbaycana qarşı deyil, həm də "Avropa dəyərlərinin qızğın tərəfdarları olan" Avropa parlamentarilərinin təmsil etdiyi dövlətlərə və xalqlara qarşı yönəlmişdir.
Azərbaycan bir tərəfdən, ərazilərinin 20 faizini işğal etmiş Ermənistanla hərbi qarşıdurma və faktiki müharibə vəziyyətindədir, digər tərəfdən isə, cənubdan islam fundamentalizmi təhlükəsi getdikcə güclənir. Belə bir şəraitdə Avropa Parlamentinin Azərbaycandakı vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn qərəzli və ziddiyyətli qətnamə qəbul etməsi bu qurumun ölkəmizə və xalqımıza münasibətinin səmimiliyini şübhə altına alır. Ümid edirik ki, Avropa Parlamenti qeyd edilən məqamları təkrar nəzərdən keçirəcək, öz siyasətində adekvat düzəlişlər edəcək və Azərbaycanda ictimai nüfuzunu bərpa etmək üçün düşünülmüş səylər göstərəcəkdir.
(Bəyanat 2012-ci il mayın 31-də
Azərbaycanın 273 qeyri-hökumət təşkilatının
iştirakı ilə Bakıda keçirilən konfransda qəbul
olunmuşdur).
Azərbaycan.- 2012.- 1 iyun.- S. 3.