ABŞ Dövlət Departamentinin rəsmisi: Azərbaycan və Türkmənistan Transxəzər qaz boru kəməri barədə razılığa gəlsələr, digər ölkələr buna mane ola bilməyəcəklər

 

 Azərbaycan və Türkmənistan "Transxəzər" qaz boru kəməri barədə razılığa gəlsə, digər ölkələr buna mane ola bilməyəcəklər.

Bu sözləri Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri xüsusi nümayəndəsinin baş müşaviri Daniel Steyn demişdir.

D.Steyn bildirmişdir ki, "Cənub dəhlizi" layihəsinin reallaşdırılması ABŞ-ın Avrasiya siyasətinin ən əsas məqsədlərindən biridir. "Şahdəniz" layihəsinin ikinci mərhələsi də "Cənub dəhlizi"nin mühüm hissəsi olacaqdır. "Cənub dəhlizi" üçün digər mənbələr də vardır ki, bura Azərbaycanın özünün digər yataqları və Türkmənistan aiddir. O cümlədən Türkmənistan qazı "Transxəzər" kəməri vasitəsilə Azərbaycan ərazisi ilə nəql edilə bilər.

Türkmənistan qazının Avropaya nəqli barədə danışan diplomat bildirmişdir ki, hazırda Avropa İttifaqı ilə Türkmənistan arasında danışıqlar gedir.

"Cənub dəhlizi" ilə bağlı ABŞ siyasətinin əsas şərtlərini də açıqlayan D.Steyn bildirmişdir ki, bunlar müəyyən qaz həcminin bir sıra ölkələrə çatdırılması, kəmərin genişləndirilməsi imkanının olması, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün balanslaşdırılmış enerji siyasətidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.