Neft-qaz sahəsində
Azərbaycan və Vyetnam əməkdaşlığının
böyük tarixi vardır
Neft-qaz sahəsində Azərbaycan və Vyetnam əməkdaşlığının böyük tarixi vardır. Bunu Vyetnam Sosialist Respublikasının birinci prezidenti Xo Şi Minin 1959-cu ildə Bakıya səfəri də təsdiq edir.
Bu fikri Bakıda keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində Vyetnamın "Petrovietnam" Dövlət Neft-Qaz Qrupunun vitse-prezidenti və baş kommersiya mütəxəssisi Dao Nqok Anx səsləndirmişdir.
O demişdir ki, Azərbaycan mütəxəssisləri neft-qaz sahəsini inkişaf etdirməkdə vaxtilə Vyetnama kömək etmişlər. İndinin özündə də Vyetnamda xeyli azərbaycanlı mütəxəssis çalışır.
"Petrovietnam" ilk dəfədir beynəlxalq sərgidə iştirak edir. Şirkətin nümayəndəsi vurğulamışdır ki, sərgi yüksək səviyyədə təşkil edilmişdir, xoş atmosferi, təşkili və tərtibatı ilə fərqlənir.
Dao Nqok Anxın sözlərinə görə,sərgidə iştirak yeni tərəfdaşlarla görüşməyə və öz imkanlarını və potensialını təqdim etməyə imkan verir ki, bu da gələcəkdə yeni istiqamətlərdə iş qurmağa şərait yaradır.
Dao Nqok Anx Azərbaycanda quruda yataqlar blokunun ("Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqları bloku) məhsulunun bərpası, kəşfiyyatı, hasilatı və bölgüsünə dair kontraktın əsas kommersiya prinsipləri və müddəaları haqqında bu yaxınlarda imzalanmış müqavilədən söz açaraq vurğulamışdır ki, müqavilənin imzalanması şirkətin Azərbaycandakı fəaliyyətini genişləndirməyə imkan verəcəkdir. O demişdir: "Özü də, heç şübhəsiz, Azərbaycan mütəxəssislərinin dəstəyinə ümid bəsləyirik".
AzərTAc
Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.