Böyük quruculuq və
vətənpərvərliyin uğurlu
hesabatı
Yaxşı yadımdadır, 2007-ci ilin ilk yaz günlərindən birində Türkiyə Cümhuriyyətinin Elazığ Fırat Universitetində yenicə rektor seçilmiş professor-doktor Feyzi Bingölü təbrik etmək və universitetlərarası qarşılıqlı əməkdaşlıq proqramlarımızı razılaşdırmaq üçün böyük bir heyətlə həmin universitetə getmişdik. Rəsmi protokol tədbirləri başa çatdıqdan sonra rektor həmkarım bizi Türkiyənin ən böyük su anbarlarından və elektrik stansiyalarından biri olan Kaban barajına aparmışdı. Nəhəng su anbarının mühəndisi hələ 1966-cı ildə o dövrdə Türkiyə Cümhuriyyətinin Baş naziri vəzifəsində çalışan Süleyman Dəmirəlin uzaqgörənliyi sayəsində təməli atılmış Kaban barajının tarixindən və müasir dövrdəki rolundan geniş bəhs etdikdən sonra biz orada olan gün Naxçıvan Muxtar Respublikasından 16 meqavat elektrik enerjisi aldıqlarını bildirərkən daxili bir qürur hissi keçirmişdim.
Bir anda 1992-ci ildə Naxçıvana Ermənistan üzərindən gələn elektrik və qaz xətləri kəsildiyi üçün çox sərt keçən qışı yaşaya bilməkdən ötrü məcburən doğranıb yandırılan ağacları xatırlamışdım. Yol boyu Qıvraq-Arpaçay arasında iki-üç günün içərisində kəsilən uca ağaclar zolağını əhatə edən ərazilər boş səhraya bənzəyirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sovet hakimiyyəti illərindən çətin şəraitdə tanıyıb dostlaşdığı Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəllə apardığı danışıqlar, bu iki böyük dövlət xadiminin etibarlı münasibətləri sayəsində bərk şaxta olmasına baxmayaraq, Kaban barajından İqdır bölgəsinə gələn elektrik enerjisinin Aralıq-Dilucu-Sədərək vasitəsilə Naxçıvana çəkilməsi işi həyata keçirilmişdi. Naxçıvan Muxtar Respublikasının ərazisinin düşməndən, əhalisinin isə amansız şaxtadan xilas edilməsində bu iş böyük dönüş nöqtəsi olmuşdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin İran İslam Respublikasının rəhbərləri ilə apardığı danışıqlar sayəsində Araz su elektrik stansiyasından Naxçıvana verilən enerjinin bir qədər artırılması ilə fasilələrlə olsa da əhalinin müəyyən səviyyədə elektrik enerjisi ilə təmin etmək mümkün olmuşdu.
Bu hadisələrə sadəcə elektrik enerjisi təminatı kimi baxmaq doğru olmazdı. O çətin, ağır, məşəqqətli günlərdə Naxçıvan əhalisinə çatdırılan elektrik enerjisi regionda qış fəslində günəşin doğması qədər qeyri-adi dərəcədə əhəmiyyətli idi. Bunlar böyük dövlət xadimi Heydər Əliyev siyasətinin işıqları idi. İnsanlar Heydər Əliyevə öz xalqının günəşi kimi baxırdılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük səyləri ilə əsası ulu öndərimiz tərəfindən qoyulmuş Naxçıvan Muxtar Respublikası ərazisinə qaz çəkilişi işinin 2005-ci ildə həyata keçirilməsi ilə regionda sabit həyatın əsası qoyulmuşdur. Bundan sonrakı dövrlərdə Azərbaycan Respublikası Prezidentinin qayğısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin regionda həyata keçirdiyi ardıcıl və məqsədyönlü quruculuq siyasəti sayəsində qədim diyardakı Heydər Əliyev Su Anbarında və Biləv çayı üzərində su elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, Naxçıvan modul və qaz-trubin elektrik stansiyalarının quraşdırılması ilə Naxçıvan Muxtar Respublikası nəinki elektrik enerjisi baxımından öz problemini həll etmişdir, hətta vaxtilə qardaşlıq köməyindən faydalandığı Türkiyəyə enerji ixrac etmək səviyyəsinə gəlib çata bilmişdir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 may 2012-ci ildə Naxçıvan Muxtar Respublikasına onuncu səfəri zamanı Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışı mərasimindəki nitqində öz əksini tapan aşağıdakı mətləblər əslində mahiyyəti etibarilə böyük bir tarixi mərhələnin ümumiləşmiş yekunu və burada 16 il ərzində görülmüş işlərə verilən böyük qiymətin ifadəsi kimi səslənir: "Naxçıvanda digər infrastruktur layihələr də uğurla icra edilir. Naxçıvan 100 faiz qazlaşdırılıbdır. Elektrik enerjisi ilə təchizat çox yaxşıdır. Vaxtilə zülmət içində yaşayan insanlar indi o günləri sadəcə olaraq ağır günlər kimi xatırlayırlar. Hazırda Naxçıvan elektrik enerjisi ixrac edən diyardır".
Ən yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasında Arpaçay Su Anbarı üzərində 20 meqavat, Ordubadda 36 meqavat gücündə olan yeni su elektrik stansiyaları tikilib istifadəyə veriləcəkdir. Günəşli günlərinin sayı çox olan Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrinin yaradılması məsələləri də muxtar respublika Ali Məclisinin rəhbəri səviyyəsində günün müzakirə mövzuları sırasında dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına müxtəlif illərdəki səfərləri zamanı altmışa yaxın böyük sosial-iqtisadi əhəmiyyətə malik olan obyektin açılışı olmuşdur. Öz növbəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri də rəhbərlik etdiyi illər ərzində regionda böyük bir salnaməlik qədər obyektlərin istifadəyə verilməsi mərasimlərini həyata keçirmişdir. Nəticədə tarix üçün çox böyük olmayan bir mərhələdə Naxçıvan Muxtar Respublikası intibah mərhələsi səviyyəsinə çatdırılmış, yeni dövrün böyük tarixi yazılmışdır. Möhtərəm Prezidentin Naxçıvana son səfəri zamanı verdiyi qiymətdə ifadə olunduğu kimi, "bu gün Naxçıvanda... hər bir sahədə inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir".
Əvvəla, bu, yəni Naxçıvandakı hərtərəfli yüksəliş Prezident İlham Əliyevin Azərbaycan regionlarının inkişaf etdirilməsi proqramının üzvi tərkib hissəsi olan bir nailiyyətdir. İkincisi, cənab Prezidentin Naxçıvanda müşahidə etdiyi "hər bir sahədə inkişaf" ölkə başçısının adı ilə bağlı olan "Şaxələndirmə siyasəti"nin Naxçıvan Muxtar Respublikasında ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilməsinin bəhrəsidir. Nəhayət, üçüncüsü, şaxələndirilmiş hərtərəfli inkişaf intibahın əsas prinsiplərindən biridir.
Bu gün geniş mənada Azərbaycan Respublikası, o cümlədən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün şaxələndirilmiş hərtərəfli inkişaf epoxasını yaşayır. Ölkə rəhbərinin Naxçıvana səfəri də məhz "hər bir sahədə inkişaf" dövrünün salnaməsinə yeni və parlaq səhifələrlə tarixə çevrildi. İlk olaraq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasının açılışı ölkəmizin dövlət siyasətində insan amilinin, sosial siyasətin ön mövqeyə çəkildiyinin əyani sübutudur. Artıq Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında müasir tipli xəstəxana kompleksləri insanlara nümunəvi səhiyyə xidməti göstərir. Naxçıvan şəhərində bir neçə il əvvəl cənab Prezident tərəfindən açılış mərasimi həyata keçirilərək istifadəyə verilmiş Müalicə-Diaqnostika Mərkəzində ən mürəkkəb cərrahiyyə əməliyyatları böyük müvəffəqiyyətlə həyata keçirilir. Səfər zamanı Naxçıvan şəhər xəstəxanasının yenidən qurulması layihəsinin dövlət başçısı səviyyəsində dəstəklənməsi regionda sosial siyasət istiqaməti üzrə daha bir geniş həcmə malik, əhəmiyyətli proqramın həyata keçirilməsinə imkan verəcəkdir.
Həmçinin ölkə Prezidentinin Naxçıvana səfəri çərçivəsində Culfa Uşaq Musiqi Məktəbinin istifadəyə verilməsi sosial siyasət sahəsindəki inkişafın çoxşaxəliliyini nümayiş etdirir. Ötən bir il ərzində Naxçıvan Dövlət Universitetində yeni tədris korpusu və tələbələrin xidmət sahələrinə dair obyektlərin inşa olunması haqqındakı məlumatlar regionda maarifçi proseslərin inkişaf tempinin göstəricilərindən biri kimi nəzərə çarpır. Muxtar respublikada informasiya texnologiyalarından istifadənin meydanının genişləndirilməsinə dair diqqət mərkəzinə çəkilən faktlar inkişafın müasirliyinin dolğun mənzərəsini göz önünə gətirir.
Bütövlükdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan-Culfa magistralının açılışı mərasimindəki ötən bir ili əhatə edən çıxışı informasiya tutumuna, zəngin statistikasına, təhlil və ümumiləşdirilməsinə görə sanki bir neçə ilin hesabatı idi. Naxçıvan Muxtar Respublikası cəmi bir il ərzində bir neçə dəfə inkişaf etmiş, qurulub tikilmişdir. Bu yığcam və dərin məzmunlu çıxışın arxasında fasiləsiz, böyük və gərgin fəaliyyətin ciddi və əhəmiyyətli nəticələri dayanırdı.
Ümumiyyətlə, Azərbaycan miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni intibahın əsas əlamətlərindən biri də ölkənin tranzit imkanlarının böyük sürətlə artırılması və genişləndirilməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasında isə bu iş həm də artıq iyirmi ildən çox davam edən blokadanın aradan qaldırılması üçün xüsusi əhəmiyyətə malikdir. Düşmən əhatəsində, blokada şəraitində regionun tranzit imkanlarının genişləndirilməsi "hər bir sahədə inkişaf" proqramı üçün ən zəruri faktorlardan biridir. Klassik intibah üçün də Böyük İpək yolu, karvan yolları, ölkədən-ölkəyə çıxış imkanları əsas amil olmuşdur. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər ilk növbədə regionun bədnam qonşular tərəfindən salınmış ağır blokada vəziyyətindən çıxarılmasına xidmət etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri ilə apardığı səmərəli danışıqlar nəticəsində 1992-ci ildə Anadolunu Naxçıvanla əlaqələndirən Sədərək-Aralıq-Dilucu "Ümid körpüsü"nün salınması ilə blokadanın tilsimi sındırılmışdır. "Ümid körpüsü" eyni zamanda Naxçıvan Muxtar Respublikasının əvvəlcə Türkiyə qapısına, sonra isə Anadolu vasitəsilə Avropa qapısına çevrilmişdir. Bundan başqa, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayı üzərində Şahtaxtı-Poldəşt körpüsünün istifadəyə verilməsi Naxçıvanın Şərqin qapısı olması statusunu bir daha təsdiq etmişdir. Bunlardan sonra qarşıda duran əsas vəzifə tranzit xarakterli yolların, Culfa-Sədərək magistralının beynəlxalq standartlara uyğun qurulması əsasında yol-nəqliyyat infrastrukturunu müasir tələblər səviyyəsinə qaldırmaqdan ibarət idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məsələyə regionun iqtisadiyyatının inkişaf etdirilməsi ilə bərabər, həm də ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsinə münasib imkanlar yaratmaq baxımından yanaşaraq problemin həllinə qlobal münasibət bəsləməsi sayəsində Sədərək-Şərur-Naxçıvan-Culfa magistralında müasir yol mədəniyyətinə nümunə ola biləcək bir səviyyədə proqram uğurla həyata keçirilmişdir. Bu mənada səfəri zamanı Prezident İlham Əliyevin Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışına xüsusi diqqət yetirməsi, həmin magistralın istifadəyə verilməsi mərasimində geniş çıxış etməsi artıq başa çatdırılmış böyük bir proqramın həm regional, həm də beynəlxalq əhəmiyyətinə dövlət başçısı miqyasında verilən önəmin göstəricisidir. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılacağı barədə Azərbaycan və Türkiyə rəsmilərinin dövlətlər səviyyəsində bəyan etdikləri açıqlamaların gerçəkləşəcəyi də nəzərə alınarsa, sözün həqiqi mənasında Qars-Naxçıvan-Təbriz, yaxud da əksinə, Naxçıvan-Qars-Ankara... vasitəsilə muxtar respublika tranzit mərkəzlərdən biri olmaq funksiyasını daşıya biləcəkdir. Bu yolla Naxçıvan təkcə Şərq-Qərb yük-sərnişin daşımaçılığının deyil, elmin və mədəniyyətlərin də dialoqunun, sintezinin daha geniş qovşağına çevrilmək imkanı qazanacaqdır.
Bütün bunlar isə öz növbəsində müasir inkişafın, yeni intibahın formalaşmasında mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Naxçıvan nəqliyyat dəhlizinin bu günü və gələcəyi haqqında söylədiyi aşağıdakı fikirlər real və uzaqgörən böyük bir siyasətin ifadəsidir: "Bu yolun (Naxçıvan-Culfa magistralının - İ.H.) açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişdik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. Bu vaxta qədər, ya bu arada dairəvi yol da tikilibdir. Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir. Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük qayğı göstərir. Naxçıvanın respublika qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanları vardır".
Aydın məsələdir ki, yol-nəqliyyat layihələri gömrük xidməti ilə üzvi surətdə əlaqədardır. Son illərdə Naxçıvan Muxtar Respublikasında Culfa və Şahtaxtı gömrükxanaları üçün müasir komplekslər tikilib istifadəyə verilmişdir. Dünya standartları səviyyəsində qurulub tikilmiş Naxçıvan gömrükxanaları muxtar respublikanın giriş qapıları olaraq geniş mənada Azərbaycan haqqında ilkin yüksək təsəvvür yaratmaq imkanlarına malikdir. Naxçıvan gömrükxanaları ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, həm də azərbaycançılıq funksiyalarını məsuliyyətlə yerinə yetirirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri zamanı Culfa-Naxçıvan-Şərur-Sədərək magistralının üzərində salınmış Naxçıvan Şəhər Gömrük İdarəsi özünün maddi-texniki bazasına və memarlıq üslubuna görə bu sahədə tamamilə yeni inkişaf səviyyəsinin real göstəricisidir. Hətta Naxçıvan Şəhər Gömrük İdarəsinin açılışı mərasimində cənab Prezidentə verilən məlumatda deyildiyi kimi, "buradakı bəzi müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, yoxdur... İnşa olunmuş gömrük laboratoriyası da yüksək standartlara cavab verir... Burada Cənubi Qafqazda yeganə olan geni dəyişdirilmiş malların təyini üzrə mikrobiologiya laboratoriyası da yaradılmışdır".
Beləliklə, Naxçıvan Muxtar Respublikasında biri digərini tamamlayan magistrallar və gömrükxanalar həm müasir tərəqqiyə, həm də tranzit əlaqələrin, inteqrasiya proseslərinin inkişafına ciddi təkan verir. Böyük magistrallar üzərindəki Naxçıvan gömrükxanaları müstəqil Azərbaycanın etibarlı keçid-buraxılış məntəqəsi, azərbaycançı mövqeyin tənzimlənmə nöqtəsidir. Ölkə Prezidentinin səfər proqramına Naxçıvan Şəhər Gömrük İdarəsi üçün tikilmiş müasir kompleksin daxil edilməsi yeni Naxçıvanın Azərbaycan dövlətçiliyi qarşısında mühüm hesabatlarından biridir.
Eyni zamanda, istismara verilmiş 150 hektar sahəni əhatə edən Naxçıvan Sement Zavodu da yeni Azərbaycanın müasir sənaye mühitində mühüm yer tutan böyük istehsalat kompleksidir. Dövlətimizin rəhbəri İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə birlikdə sement zavodunun ərazisi ilə tanışlıq üçün avtobusla hərəkət etməsi bu istehsalat kompleksinin geniş əhatə dairəsini, həcmini, iqtisadi imkanlarını əyani şəkildə təsəvvür etməyə şərait yaradır. Ən yeni texnologiya ilə təchiz olunmuş Naxçıvan Sement Zavodu Naxçıvan Muxtar Respublikasının sürətli inkişafına dövlət qayğısının əməli ifadəsidir.
Ölkə Prezidentinin budəfəki Naxçıvan səfəri tarixlə müasirliyi vəhdətdə təqdim etmək baxımından da əhəmiyyətli olmuşdur. Ölkə başçısının çıxışındakı "Naxçıvan Azərbaycanın qədim torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Naxçıvanın bütün daşları, bütün abidələri Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə məxsusdur" kimi mülahizələr regiondakı milli tarixi yaddaşın, davamlı ənənələrin, maddi-mədəni irsin qiymətləndirilməsi ilə yanaşı, həm də torpağımıza göz dikmiş təcavüzkarlara qarşı qəti cavabın ifadəsidir.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 may 2012-ci il tarixli sərəncamında öz əksini tapmış fikirlərdə də tarixiliklə müasirlik üzvi əlaqədə ifadə olunmuşdur: "Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşhurlaşmışdır. Naxçıvanda bu günədək qorunub saxlanılmış arxeoloji abidələr, qədim karvansaralar,... həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Möminə xatun, Nuh peyğəmbər, Qarabağlar türbəsi, Əshabi-kəhf ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə seçilir. Zəngin ədəbi ənənələrə malik Naxçıvan Azərbaycana dünya ədəbiyyatının görkəmli nümayəndələri olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz kimi şəxsiyyətləri bəxş etmişdir.
Blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edir".
Tarixi yaddaşın və ənənələrin bərpası Naxçıvan üçün varisliyin və müasir inkişafın möhkəm təməllərini atmaq deməkdir. Tarix çoxəsrlik Naxçıvanın pyedestalı, yeni Naxçıvan isə onun üzərində ucaldılmış heykəlidir. Tarixlə müasirlik bir yerdə, bütövlükdə Naxçıvanı möhtəşəm abidəyə çevirir. Bu mənada qeyd olunan sərəncamdakı tarixi-mədəni irsin qorunması zəminində müasir infrastruktur layihələrinin həyata keçirilməsinə dair olan müddəalara Naxçıvandakı inkişaf modelinin xarakteri nəzərə alınmaqla inkişafın yeni mərhələsinə işıq salmaq, dəstək vermək mənasında mühüm əhəmiyyət kəsb edir.
Heç şübhəsiz, müstəqillik əldə etmiş ölkənin inkişafının əsas göstəricilərindən biri də milli-mənəvi özünüdərk proseslərinin daha da dərinləşdirilməsi, milli dəyərlərin, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi istiqamətində aparılan işlərlə, həmin sahədə əldə olunan nəticələrlə bağlıdır. Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Kəngərli rayonunda "N" saylı hərbi hissədə qərargah binasının və Culfada sərhəd zastavasının açılışı mərasimlərində iştirakı muxtar respublikada hərbi vətənpərvərlik istiqamətində həyata keçirilən kompleks tədbirlərin daha da genişləndirilməsinə dövlət səviyyəsində göstərilən diqqətin əməli təzahürüdür. Bütövlükdə isə Prezident regionun geosiyasi vəziyyətini nəzərə almaqla həyata keçirilən çoxcəhətli tədbirlərə geniş mənada Vətənpərvərlik və azərbaycançılıq baxımından yanaşaraq, son nəticələri bu müstəvidə yüksək səviyyədə dəyərləndirmişdir.
Haqlı olaraq bu cəhətdən xalqımızın ümummilli lideri, Heydər Əliyevin Naxçıvanda yaşayıb-çalışdığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi 1991-1993-cü illərdə burada baş vermiş, ümumiyyətlə Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət kəsb edən bir çox ictimai-siyasi hadisələr, qəbul edilmiş mühüm, taleyüklü qərarlar qabarıq şəkildə nəzərə çarpdırılmışdır. Cənab Prezidentin çıxışında deyildiyi kimi, müstəqilliyə gedən yol böyük düha Heydər Əliyevin fəaliyyəti ilə Naxçıvandan başlanmışdır. Həqiqətən də, məhz görkəmli dövlət xadimi Heydər Əliyevin möhkəm siyasi iradəsi, böyük uzaqgörənliyi sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvanda Sovetlər İttifaqının saxlanılmasına dair referendumun keçirilməməsi, burada Yeni Azərbaycan Partiyasının yaradılması bütövlükdə ölkəmiz, müstəqil dövlətimiz üçün çox əhəmiyyətli olan tarixi hadisələrdir. Dövlət quruculuğunun başlanğıc dövrünün çətin və mürəkkəb ictimai-siyasi mühitində belə hadisələrin baş verməsi sözün böyük mənasında Vətənpərvərlik və qəhrəmanlıq nümunəsi idi.
Böyük dövlət xadimi Heydər Əliyevin keşməkeşlərlə dolu olan mənalı həyatının xüsusi bir mərhələsi kimi, tərcümeyi-halının Naxçıvan dövrünün hadisələri də müasir nəsillər üçün azərbaycançılıq, vətənpərvərlik dərsləridir. Azərbaycan Respublikası Prezidentinin 30 may 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi, "məhz həmin illərdə ulu öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atdığı cəsarətli addımlar, onun sədrliyi ilə Naxçıvan Ali Məclisinin qəbul etdiyi tarixi qərarlar ölkəmizdə gedən proseslərə öz müsbət təsirini göstərmiş və Azərbaycan Respublikasının müstəqilliyində mühüm rol oynamışdır". Bütün bunlar isə Heydər Əliyevin simasında əsl vətənpərvərliklə dövlətçiliyin vəhdətinin mühüm nəticələri idi. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan səfərində azərbaycançılığın, Vətən və xalq sevgisinin Heydər Əliyev dərsləri zəminində regionda gedən prosesləri dəyərləndirərək geniş mənada vətənpərvərlik motivlərinə xüsusi olaraq diqqət yetirmişdir. Fikrimcə, Azərbaycan dövlətinin rəhbərinin vətənpərvərliyə dair Naxçıvan haqqındakı aşağıdakı mülahizələri, ümumiyyətlə, Azərbaycan Respublikasının hər bir vətəndaşına ünvanlanmış qiymətdir, mesajdır və tapşırıqdır: "Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların vətənə bağlılığı həmişə olduğu kimi çox yüksək səviyyədədir. Bu ideyalar, azərbaycançılıq fəlsəfəsi, dövlətçiliyə olan sədaqətimiz bizi irəli aparır".
Azərbaycan Respublikası Prezidentinin bu mülahizələri azərbaycançılıq düşüncəsini daha da zənginləşdirən və dərinləşdirən qiymətli siyasi tezislərdir. İrəli sürülən siyasi-nəzəri düşüncə müasir mərhələdə azərbaycançılıq fəlsəfəsinin vətənpərvərliklə dövlətçiliyə sədaqətin vəhdətindən ibarət olması konsepsiyasını cəmiyyətə təqdim edir.
Nəticə etibarilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə qiymət verərkən də "doğma xalqına, doğma diyarına qəlbən bağlı olmağı" xüsusi vurğulayaraq ictimai fikrin diqqət mərkəzinə çəkilmişdir. Ölkəyə və xalqa, doğma torpağa və insanlara qəlbən bağlılıq müasir tərəqqi və yüksəliş üçün dövlət başçısı səviyyəsində ifadə olunmuş "hər bir sahədə inkişaf" konsepsiyasının siyasi-fəlsəfi əsaslarından ibarət düstur kimi səslənir. Səfər zamanı isə bu fikirlər konkret olaraq Naxçıvan Muxtar Respublikasının timsalında Azərbaycanın bu qədim və həmişəcavan regionunda blokada şəraitində qurub-yaradan insanların mübarizəsinə, fədakarlığına verilən yüksək qiyməti ifadə edirdi: "Burada hər bir sahədə gözəl inkişaf vardır. Naxçıvan şəhəri gözəlləşir, yaşıllaşır, abadlaşır. Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar".
Dövlət başçısı səviyyəsində verilən belə bir yüksək qiyməti, inamı və etibarı qazanmaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə regionda illərdən bəri düşünülmüş, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən quruculuq proseslərinin və milli siyasətin əsas istiqamətverici ideyası kimi müəyyən olunmuş azərbaycançılıq ideologiyasının gerçəkləşdirilməsi sayəsində əldə olunmuş böyük nəticədir. Ölkə rəhbərinin irəli sürdüyü ideyaların işığında Naxçıvan Muxtar Respublikası bundan sonra da Azərbaycan Respublikasının tərkibində daim inkişaf edəcəkdir.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik, Milli Məclisin
deputatı
Azərbaycan.- 2012.- 7 iyun.- S. 5.