Avropa Parlamentinin qərəzli qətnaməsi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin perspektivini şübhə altına alır

 

 Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qərəzli qətnamənin əsl mahiyyətinin nədən ibarət olduğu artıq ölkə ictimaiyyətinə bəllidir.  Antiazərbaycançı qüvvələrin təsiri altında olan bu qurumun cəmi 49 deputatının imzası ilə qəbul edilən qətnamədən açıq-aşkar hiss olunur ki, Cənubi Qafqazın lider ölkəsi sayılan və bu bölgəni dünyaya tanıdan Azərbaycanın getdikcə artan nüfuzu bəzi dairələri həqiqətən qorxuya salıb. Onlar Avropada müstəqil, güclü Azərbaycan görmək istəmir və məhz çirkin əməllərlə ölkəmizin inkişafına, dünyada artan müsbət imicinə zərbə vurmaq iddiasından əl çəkmirlər. Hər kəsə bəllidir ki, məlum qətnamə Avropa Parlamentinin 754 deputatından yalnız 49 nəfərinin lehinə səsverməsi ilə qəbul edilib. Bu isə o deməkdir ki, bu qurumun 705 deputatı həmin qətnaməni qeyri-obyektiv hesab edir və Azərbaycan həqiqətlərinə inanır, ölkəmizin Avropaya inteqrasiyası yolunda atdığı hər bir addımı dəstəkləyir.

Bu məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz QURBANLI deyir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə əslində deklorativ bir sənəddir və bu sənədin heç bir məcburi tərəfi yoxdur. Azərbaycan bu qurumla müəyyən münasibətlərə malikdir. Dövlətimiz "Şərq Tərəfdaşlığı" xətti ilə Avropa İttifaqı ilə əlaqələr saxlayır və bu əlaqələr eyni zamanda "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrin Avropa Parlamenti ilə birlikdə yaratdığı Avronest Parlament Assambleyasında özünü göstərir. Avronestdə Azərbaycanın 10 parlament üzvü iştirak edirbu qurum yaradılarkən onun əsas vəzifələrindən biri "Şərq Tərəfdaşlığı"nda iştirak edən ölkələrlə Avropa İttifaqı arasındakı münasibətləri tənzimləmək, bu yöndə fəaliyyəti genişləndirmək idi: "Lakin Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanla bağlı buya digər siyasəti göz önünə alaraq, xüsusilə Avropa İttifaqının Cənubi Qafqaz bölgəsində real olmayan və ölkəmizin maraqlarına uyğun gəlməyən layihələrini həyata keçirmək istəyən transmilli şirkətlərin təsiri ilə, həmçinin erməni lobbisinin müxtəlif formalarda iştirakı ilə dövlətimizə qarşı qərəzli mövqe nümayiş etdiriblər. Azərbaycana qarşı qərəzli münasibət məlum qətnamədə də öz əksini tapıb. Bunun qərəzli olduğu isə açıq şəkildə hər kəsə bəllidir".

Mübariz Qurbanlının sözlərinə görə, həmin qərəzli qətnamədə Azərbaycanda insan haqları ilə bağlı yalan məlumatlar öz əksini tapıb. Bütövlükdə 19 maddədən ibarət olan bu qətnamənin böyük hissəsi fərdi şəkildə kiminsə hüquqlarının pozulmasına yönəlib: "Orada insan hüquq və azadlıqları ilə bağlı qeyd olunan bütün müddəalar tam əsassızdır. Ölkəmizdə heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib. Əgər hər hansısa bir şəxs həbs edilibsə, o, Cinayət Məcəlləsinin hansısa maddəsini pozduğu üçün həbs olunub". Deputat bildirib ki, Azərbaycan media üçün açıq ölkədir. Ölkəmizdə azad internet şəbəkəsi mövcuddur. İnsanların ölkədən getmək, ölkəyə gəlməklə bağlı heç bir problemi mövcud deyil. Avropa məkanında mövcud olan azadlıqlar Azərbaycanda da mövcuddur. Ona görə də qətnamədə insan hüquq və azadlıqları ilə bağlı göstərilən müddəalar təhrif olunub və qeyri-dəqiq məlumatlarla tərtib edilib. Orada əksini tapan məlumatlar Azərbaycan hakimiyyətinin yerinə yetirdiyi siyasəti tənqid etməyə çalışan mətbu orqanlardakı yazılardan götürülüb. Mübariz Qurbanlı hesab edir ki, Avropa Parlamenti bu cür qərəzli qətnaməni qəbul etməzdən öncə, sənədi Avronest PA-da müzakirə etməli idi. Eləcə də, bu qətnamənin "Eurovision" mahnı müsabiqəsinin finalı ərəfəsində qəbul edilməsi bu sənədin hər hansı formada bu mötəbər yarışmaya xələl gətirmək cəhdi kimi qiymətləndirilir. Avropa Parlamenti belə sənədləri qəbul edərkən reallıqdan uzaq olurAvropa ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və digər münasibətlərlə əlaqəli proseslərə zərər vurur: "Əgər Avropa Parlamenti bölgədəki vəziyyəti dərindən təhlil etmək istəyirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  probleminə, erməni terrorizminə, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünlərinin həyat şəraitinə diqqət yetirsin. Biz bu sənədi qərəzli və qeyri-obyektiv hesab edirik".

 

Milli Məclisin deputatı Zahid ORUCUN fikrincə isə, Avropa Parlamentinin üzvlərinin belə operativlik göstərməsi regiondakı geosiyasətlə birbaşa bağlıdır. Çünki bölgənin əsas aktiv ölkəsi Azərbaycandır, regional proseslər məhz ölkəmizdən keçərək reallaşdırılmaqdadı və əsas söz sahibinin böyük iqtisadi gücü formalaşmaqdadır: "Böyük iqtisadi güc yığan Azərbaycanın gələcək dönəmdə geosiyasi idarəçiliyi bəzi qüvvələrin nöqteyi-nəzərindən çox çətin ola bilər. Bu mənada müəyyən siyasi qərarlar, siyasi yanaşmalar edilir ki, Azərbaycanı hər hansı bir formada nəzarət altında saxlamaq mümkün olsun". Deputatın sözlərinə görə, Avropa Parlamenti sadəcə qərar və qanun hazırlayan mərkəz deyil, iqtisadi maraqlara daha çox üstünlük verən dairələrin qurumudur. Cənubi Qafqazın iqtisadi xəritəsini hazırlayan dairələr bu bölgə üçün hər bir dövlətə sanki fərqli bir siyasi yol müəyyənləşdirirlər və düşünürlər ki, oradakı dövlətlər məhz onların düşündükləri aspektdə addımlar atmalı, xarici aləmlə münasibətlərini qurmalıdır. Ona görə də bu qətnamə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin perspektivini şübhə altına alır, regional əməkdaşlığa və inteqrasiya prosesinə ciddi zərbə vurur. Qətnamədə yer alan əsassız iddialar dünyəvi və demokratik inkişaf yolu seçən Azərbaycan Respublikasına qarşı aqressiv siyasət yürüdən teokratik və fürsətçi rejimlərin maraqlarına xidmət edir: "Bəzi dövlətlər isə hesab edirlər ki, Azərbaycana nə qədər böyük təzyiqlər göstərsələr, ölkəmiz üzərində öz şəxsi planlarını gerçəkləşdirə bilərlər. Digəriləri isə Azərbaycanı qonşu dövlətlər olan İrana, Rusiyaya qarşı çevirmək üçün ölkəmizdə insan haqları, söz azadlığı problemlərini  ortalığa atır və vəziyyəti gərginləşdirməyə çalışırlar".

Z.Oruc hesab edir ki, "Eurovision" ərəfəsində Azərbaycana qarşı edilən bu cür təzyiqlər əvvəlcədən hazırlanmış planlar əsasında həyata keçirilib. Çünki Azərbaycanın dünyaya çıxışı, bu mahnı yarışması ilə beynəlxalq nüfuzunun daha da artması həmin dairələri narahat etməyə bilməzdi. Ölkəmizlə bağlı bu cür qərəzli qətnamənin qəbul edilməsi həmin dairələrin Azərbaycana qarşı ikili standartlarla yanaşdığını bir daha təsdiqlədi.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 6.