Gələcəyə baxış Konsepsiyasında mərhələlik amili

 

Azərbaycan 2020: təklif edirəm

 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası siyasi, iqtisadi və sosial baxımdan yaxın onillikdə dövlətimizin, xalqımızın inkişafında əsaslı müsbət keyfiyyət dəyişikliklərinin əldə olunmasına yönəlmişdir. Hazırlanacaq konsepsiyanın əsas məqsədinə uzunmüddətli perspektivdə vətəndaşların maddi və mənəvi rifah halının davamlı şəkildə yüksəldilməsi, ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi, sosial-iqtisadi inkişafın dinamikliyinə nail olunması və Azərbaycanın müstəqil dövlət kimi dünya arenasındakı mövqeyinin möhkəmləndirilməsi aiddir. Bu sənəd ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması və qarşıda duran vəzifələrin çoxşaxəli olması, icrası vacib olan islahatlarda zamanın tələblərinin nəzərə alınması ilə bağlıdır. Ona görə də ölkənin uzunmüddətli inkişafını təcəssüm etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası - müvafiq göstəricilər sistemini, onların məqsədini, inkişaf meyilinin strategiyasını və nəzərdə tutulan dövr üçün respublikanın malik olacağı sosial-iqtisadi imkanları özündə əks etdirməlidir. Konsepsiyanın icrası ərəfəsində qarşıda duran əsas vəzifə - mövcud sistemin inkişafının müxtəlif dövrləri ərzində yaranacaq fərqli və çoxsaylı maraqlar içərisində tənzimləyici əlaqələndirməni maksimal imkanlar səviyyəsində təmin etməkdir. Dövlətin sosial-iqtisadi siyasətinin sistemli şəkildə həyata keçirilməsi konsepsiyanın reallaşdırıldığı zaman xüsusi əhəmiyyət kəsb edir. Həmçinin bu amil həmin sənədin məqsədinə, onun həyata keçirildiyi hər bir dövrün real imkanlarına görə uzlaşdırılmalıdır.

Sosial-iqtisadi inkişaf konsepsiyasının tərtibində əhalinin həyat səviyyəsinin, maddi-mənəvi rifah halının yüksəldilməsi zəruri müddəa sayılır. Lakin burada vətəndaşların məhsuldar və ixtisaslı iş qabiliyyətinin artırılması, yerli və xarici bazarlara çevik reaksiya verən işçi qüvvəsinin, əmək kollektivinin hazırlanması da xüsusi diqqət mərkəzində durmalıdır. Bütün bunlar özünü istər nəzəri, istərsə də praktiki cəhətdən konsepsiyanın sosial-iqtisadi baxımından icrasında, o cümlədən əhalinin maddi-rifah halı, işçi qüvvəsinin peşə-ixtisas səviyyəsinin göstəricilərində və onların hər ilki nəticələrinin yekunlarında göstərməlidir. Dünya təcürbəsində olduğu kimi, Azərbaycan Respublikasının müasir və gələcək inkişafı yüksək ixtisaslı, təcürbəli, peşəkar, bazar rəqabətinə cavab verən mütəxəssislərin mövcudluğundan ciddi şəkildə asılıdır.

Azərbaycanda sosial-iqtisadi İnkişaf Konsepsiyasının hazırlanmasında və onun həyata keçirilməsində ümumi tarazlıq prinsipinin gözlənilməsi də vacib şərtdir. Burada əsas amil bir tərəfdən mal və xidmətlərin məcmu tələbi ilə məcmu təklifi arasındakı uyğunluğa nail olunmaqdırsa, digər tərəfdən məhdud istehsal resursları nəzərə alınıb, bazar prinsipləri əsas götürülməklə istehsal amillərinin təkrar istehsalının təminidir. Məhz bu şəraitdə məhsul bölgüsündə istifadə istiqaməti (istehsal amillərini də əsas götürməklə) istehsal edilən məhsulun artımı ilə müşahidə edilməklə son hədd amilinin tələbat müddətini uzadacaqdır.

Sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanması mərhələlərinin əsasları. Ölkədə hazırlanması və icrası nəzərdə tutulan sosial-iqtisadi inkişaf konsepsiyasının mərhələlərinin aşağıdakı amillərə əsaslanması perspektivdə özünü daha da doğuruldacaqdır.

İqtisadiyyatda mövcud vəziyyətin və sonrakı mərhələlərdə onların mütəmadi olaraq təhlili və qiymətləndirilməsi. Milli iqtisadiyyatın, dövlətin iqtisadi siyasətinin rasionallıq və mövcud inkişaf səviyyəsinin tədqiqinin əsas mənbəsinə buradan başlamaq vacibdir. Belə ki, bu istiqamətdə təhlil və qiymətləndirmələr konkret iqtisadi və sosial sektorlar, təsərrüfat fəaliyyətləri üzrə aparılmaqla ölkə iqtisadiyyatında, sosial infrastruktur sahələrində, regional inkişafda və s. mövcud olan problemli yerləri, inkişafa mane olan mühiti üzə çıxarmalıdır.

Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması. Bu amil, ilk növbədə, bütün mümkün və zəruri məqsədlərin müəyyən edilməsindən başlayır. Belə ki, buna  məqsədlərin təsnifləşdirilməsi kimi də yanaşmaq mümkündür. Sonrakı prosesdə konsepsiya, onun icra mərhələləri ilə bağlı lazım olacaq hər bir məqsədin zəruriliyi, xüsusiyyəti aydınlaşdırılmalıdır. Belə yanaşma ilkin, mərhələli, son, kəmiyyət və keyfiyyət, müddət amillərinə şamil edilməlidir. Qeyd etmək lazımdır ki, konsepsiyanın icrasının məqsədəuyğunluğu ilə bağlı bəzi qarşıya qoyulan niyyətlər oxşar xüsusiyyətlərə, təyinata malik ola bilərlər. Belə bir şəraitdə zəruridir ki, bu niyyətlərdən əsas mahiyyəti və müasir tələbləri əhatə edəcək bir məqsəd seçilsin. Məqsəd seçimində onun sosial-iqtisadi həyata təsiri, bu sahədə əldə olunacaq fayda, onun institutsional qurumlarla əlaqəsinin təşkili, icrasının maliyyə, innovasiya, kadr təminatı ciddi diqqət mərkəzində saxlanılmalıdır.

Konsepsiyanın tərtibində məqsəd və vəzifələrin bağlılığını və əlaqəliliyini gözləmək lazımdır. Belə yanaşma sosial-iqtisadi inkişaf prosesinin bitkinliyinə və düzgün axarına öz müsbət təsirini göstərəcəkdir.

Ölkədə müəyyən olunmuş sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanmasında mərhələlilik və onlar arasında ciddi əlaqəlilik gözlənilməlidir. Konsepsiyanın işlənməsi və icrası mərhələsində həmçinin sosial-iqtisadi quruluşun möhkəmləndirilməsi və inkişafı, dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması ciddi diqqət mərkəzində olmalıdır. Məhz belə addım konsepsiya qarşısında duran məqsəd və vəzifələr də nəzərə alınmaqla, fikrimizcə, aşağıdakı mərhələlər üzrə həyata keçirilməlidir.

 

Birinci mərhələ. Ölkədə əhalinin həyat səviyyəsinin tədricən yüksəldilməsi:

 

- əhali üzrə adambaşına düşən gəlirlərin həcminin artması;

 

- pul gəlirləri üzrə məhsul və xidmət təminatının balanslaşdırılması;

 

- əhalinin sosial rifahının yüksəldilməsi.

 

İkinci mərhələ. Cəmiyyətdə sosial stabilliyin gücləndirilməsi:

 

- əhali üzrə adambaşına düşən gəlirlərin diferensasiyasının məqsədyönlü hədd sərhədinin gözlənilməsi;

 

- dövlətin vətəndaşlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi, məşğulluq probleminin həlli və s.

 

- işə götürənin işçi qarşısında müqavilə öhdəliklərinə nəzarət sisteminin təkmilləşdirilməsi və ona dövlət nəzarəti.

 

Üçüncü mərhələ. Ölkə iqtisadiyyatının perspektiv inkişaf şəraitinin yüksəldilməsi:

 

- elmi-texniki tərəqqinin maliyyələşdirilməsinin xüsusi çəkisinin artırılması;

 

- regionların inkişafı üçün təminatın gücləndirilməsi, regional iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması.

 

Dördüncü mərhələ. Ölkədə ekoloji təhlükəsizliyin gücləndirilməsi:

 

- su hövzəsinin və resurslarının çirklənməsinin mütəmadi monitorinqinin aparılması;

 

- hava hövzəsinin  çirklənməsinin daim tədqiq edilməsi;

 

- torpaq resurslarından istifadə ilə bağlı beynəlxalq ekoloji standartlara əməl olunması və bu sahədə təkmil, çevik hüquqi bazanın yaradılması.

 

Konsepsiyanın hazırlanması və icrasında dövlət tənzimlənməsinin səmərəli və məqsədəuyğun təhlil-qiymətləndirmə alətlərindən istifadə olunması zəruridir. Bura müxtəlif tənzimləyici vasitələrin tətbiqinin mümkünlüyü, onların qarşıya qoyulmuş məqsədə nailolunma səviyyəsi, həmin vasitələrin tətbiqi zamanı meydana çıxacaq neqativ və pozitiv cəhətləri, istifadəsi nəzərdə tutulan vasitələrin səmərəlilik göstəriciləri və s. aid edilməlidir. Mövcud konsepsiyanın hazırlanmasında və icrasında mühüm amillərdən biri dövlət tənzimləmə mexanizminin sərhədinin düzgün müəyyənləşdirilməsidir. Burada əsas diqqət inzibati metodlarla bazar metodlarının seçiminə dəqiq və aydın üstünlük verilməsi, zərurət yarandıqca onların istifadəsində qarşılıqlı əlaqə, səmərəlilik kimi metodlardan istifadə olunması məqsədəuyğundur. Bütün bu metodların tətbiqi konsepsiyanın məqsədinə, vəzifələrinə, əldə olunacaq nəticələrinə görə əsaslandırılmaqla seçilməlidir.

Azərbaycan Respublikasında hazırlanan konsepsiyanın icrasını təmin etmək üçün ölkədə qəbul edilən sosial-iqtisadi inkişaf proqramlarının əsas strategiyası bir-biri ilə ciddi şəkildə əlaqələndirilməli, onların həyata keçirilməsində müəyyən istiqamətlər gözlənilməlidir:

 

- məqsədyönlü struktur, elmi-texniki, innovasiya və investisiya siyasətinin uzlaşdırılması və həyata keçirilməsi;

 

-  iqtisadi inkişaf mərhələlərində sosial problemlərin həlli;

 

-  real sektorda, iqtisadiyyatda işgüzar fəallığın stimullaşdırılması.

 

Konsepsiyada məqsədyönlü struktur, elmi-texniki, innovasiya və investisiya siyasətinin uzlaşdırılması və onun həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.  İqtisadi inkişafın sürətləndirilməsində, struktur siyasətində aparılan islahatlar vacibdir və burada əsas məqsəd ölkədə ortabab təbəqənin, xüsusilə də biznes mühitində bu təbəqənin inkişafı üçün bütün mümkün  vasitələrdən istifadə etməkdir. Buraya müxtəlif stimullaşdırıcı tədbirləri şamil etmək mümkündür (fiskal, maliyyə-kredit, perspektivli sahələrə, müəssisələrə dəstək, ölkədə rəqabətqabiliyyətli mühitin genişləndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi və s.). Milli iqtisadiyyatın, əsasən də sənaye müəssisələrinin inkişafı baxımından struktur islahatların təkmilləşdirilməsi ölkə daxilində rəqabətqabiliyyətli məhsullar istehsalına təsir etməklə beynəlxalq bazarlarda ölkə maraqlarının güclənməsinə geniş yollar açacaqdır. Lakin bütün bu proseslərin təmin olunması və davamlılığı Azərbaycanda elmi-texniki tərəqqinin dövlət və müəssisə səviyyəsində təkmilləşməsi, elmi potensialın, onun maddi-texniki bazasının əsaslı surətdə inkişafı, bu sahəyə ayrılan maddi, maliyyə resurslarının artırılması, innovasiya sisteminin elmdə, təhsildə, iqtisadiyyat sahələrində əməli şəkildə tətbiqi ilə bağlıdır.

Konsepsiyanın hazırlanmasında və icrasında təkmil elmi-texniki siyasətin mövcudluğu, bu zəmində elmi-texniki proqramların qəbulu zəruridir. Belə ki, bütün bunlar konsepsiyanın elmi və praktiki əsaslar üzərində həyata keçirilməsinə öz təsirini göstərir. Dövlət bu ərəfədə fundamental, tətbiqi elmlərin və təhsil sisteminin kompleks və vahid mərkəzdən tənzimlənməsini, inkişafını, onlar arasında konsepsiyanın icrası vacib olan  vahid təşkilatı və səmərəli idarəetmə sistemini formalaşdırır. Bütün bu tədbirlər innovasiyalı iqtisadiyyatın qurulması, ölkədə yüksək ixtisaslı və peşəkar kadr potensialının güclənməsi və rəqabətqabiliyyətli, tələbat doğuran məhsulların istehsalı baxımından xüsusi zərurətdən çıxış edir. Ölkədə sənaye sahələrinin fəaliyyətinin əsaslı şəkildə  dəyişdirilməsi, yeni sahələrin inkişafı, aqrar sektorun fəaliyyətinin artması və bu sektorun zərurət yarandıqca turizm obyektləri ilə əlaqəli inkişafının stimullaşdırılması da məqsədəuyğundur. Xüsusilə, həyata keçirilən investisiya siyasətinin konsepsiyanın məram və vəzifələrinə uyğunlaşdırılması, bu baxımdan məqsədli vahid dövlət investisiya siyasətinin aparılmasının nəzəri-metodoloji əsaslarının təkmilləşdirilməsi öz zəruriliyi ilə çıxış edir. Həmçinin özəl sektorun inkişafını stimullaşdırmaq niyyəti ilə səmərəli, əsaslandırılmış və çevik investisiya tədbirlərinin reallaşdırılması da öz müsbət əhəmiyyətini göstərəcəkdir.

Vətəndaşların maddi və mənəvi rifah halının yüksək standartlarına nail olunması. Bu amil ölkə vətəndaşlarının həyat səviyyəsinin və onların əldə etdiyi gəlirlərin 2020-ci ildə və ondan sonrakı dövrdə inkişaf etmiş dövlətlərin bu sahədəki müvafiq göstəricilərinə çatdırılması ilə əlaqədar götürülməlidir. Qeyd edilən müddəanı başqa formada da ifadə etmək mümkündür. Belə ki, ölkə vətəndaşlarının həyat səviyyəsinin və əldə etdiyi gəlirlərin 2020-ci ildə və ondan sonrakı dövrdə onların sosial, iqtisadi, intellektual səviyyəsinin təmininə yetməsi nəzərdə tutulmalıdır. Müvafiq standartlar, sosial meyarlar ölkə vətəndaşlarının tam şəxsi təhlükəzsizliyini, inkişafını təmin etməklə yüksək və keyfiyyətli tibb, təhsil, kommunal, mədəni-maarif və digər xidmətlər əldə olunmasına münbit zəmin yaradacaq, həmçinin ekoloji təhlükəsizlik səviyyəsinin zəruri həddə çatdırılmasına geniş imkanlar açacaqdır.

Əhalinin həyat tərzini xarakterizə edən göstəricilərin ümumi daxili məhsuldakı adambaşına düşən gəlirlərdə, əhalinin alıcılıq qabiliyyətində əsaslı şəkildə artması müvafiq sosial standartların, konsepsiyanın qayəsindən irəli gəlir. Xüsusilə, ölkədə əhaliyə göstərilən tibb, təhsil, kommunal xidmətlərinin səviyyəsi əsaslı şəkildə artırılmalı, bu artım həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişməlidir. Eyni zamanda, əhalinin mənzilə tələbatının tənzimlənməsi mexanizminin ən səmərəli və təkmil üsulu yaradılmalıdır.

Sosial nailiyyətin və təminatın əldə edilməsi. Konsepsiyada cəmiyyətin məsuliyyətinin artırılması, vətəndaşlar arasında vahid razılığın təmin olunması xüsusi yer tutmalıdır. Belə yanaşma həmçinin dövlət və özəl institutlar arasında da inkişaf etməlidir. Qeyd olunan amillər cəmiyyətdə sosial narazılığın minimum həddə enməsinə təsir göstərməlidir. Bütün bunlar istedadlı insanların qüvvəsindən səmərəli istifadə edilməsi, onların səfərbər olunması və cəmiyyətdə əməyin nəticələrinin peşəkarcasına qiymətləndirilməsi nəticəsində öz həllini tapa bilər. Konsepsiyanın icra müddəti sona yaxınlaşdıqca ölkədə ortabab təbəqənin əhalinin əlli faizini təşkil etməsi sosial-iqtisadi inkişafın sonrakı dövrlərinə də öz müsbət təsirini göstərəcəkdir. Ortabab təbəqənin əsas hissəsinin yüksək ixtisaslı, intellektual qabiliyyətli, peşəkar mütəxəssislərdən ibarət olması həm onların özünün, bu insanlarla işləyənlərin inkişafına, həm də yeni biliklərin öyrənilməsinə, yüksək texnologiyalardan daha məhsuldar istifadə olunmasına geniş imkanlar açacaqdır. Digər tərəfdən, belə bir nəticənin əldə olunması Azərbaycanı neft ixracı asılılığından qurtaracaq, büdcənin formalaşmasında bu amil öz yüksək göstəriciləri ilə seçiləcəkdir. Eyni zamanda, istər iqtisadiyyatda, istərsə də sosial sahədə ixtisaslı, təkmil və intellektual səviyyəli biliklərə malik insanların yetişdirilməsi, bilik iqtisadiyyatının qabaqcıl sıraya keçməsi əsas şərt kimi təmin olunmalı, bununla bağlı hüquqi, maddi-maliyyə, texniki və digər imkanlar səfərbər edilməlidir.

Konsepsiyada region və ərazilərin sosial-iqtisadi yanaşmasına yeni baxış, bu sahədə olan dövlət proqramlarının, hüquqi-normativ sənədlərin əlaqələndirmə və onların fəaliyyət mexanizminin təkmilləşdirilməsi, aqrar və xammal resurs bazası kimi inkişaf yanaşmasının dəyişməsi perspektiv dövrlə bağlı qarşıya qoyulacaq vəzifələrin daha əhatəli icrası ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, regionların sosial-iqtisadi cəhətdən tarazlı inkişafında, bu ərazilərdə aqrar-sənaye və digər iqtisadiyyat sahələrinin fəaliyyətinin təşkilində real imkanlar mövcuddur. Bu amili keçmiş sovetlər dövründəki təcrübə də sübut edir. Mövcud ərazilərin inkişafı üçün maddi-texniki, maliyyə, peşəkar kadr potensialını bir araya gətirmək, son texnoloji, innovasiya resurslarından səmərəli istifadə etmək, yerli işgüzar mühiti stimullaşdırmaq, bütün müvafiq tədbirlərin icra, tənzimləmə və nəzarət mexanizminin hüquqi bazasını təkmilləşdirmək vacib məsələlərdəndir. Həyata keçirilən tədbirlər regional inkişafdakı disbalansı aradan qaldırmalı, sənaye və digər iqtisadiyyat sahələrinin inkişafı baxımından bir müəssisənin yaradılmasında yalnız bir region deyil, zərurət yarandıqca bir neçə regionun ərazisindən istifadə edilməsi (ərazi, xammal-resurs təminatı və s.) məqsədəuyğundur. Digər tərəfdən, iqtisadi inkişafla bağlı regional koordinasiyanın gücləndirilməsi də zəruridir. Ölkədə daxili və xarici bazarlar üçün tələb olunan məhsulların istehsalı məqsədilə regionlarda fəaliyyət göstərən müəssisələrin stimullaşdırılması, burada biznes mühitinin daha geniş inkişafı üçün tədbirlərin həyata keçirilməsi konsepsiyanın müsbət icrası baxımından mühüm rol oynayacaqdır.

Bu mühüm sənəddə əsas diqqət innovasiya meyilli sosial-iqtisadi inkişafa verilir. Belə yanaşmanın özünəməxsus kəmiyyət və keyfiyyət xüsusiyyətləri mövcuddur. Birincisi, burada ilkin olaraq, ölkənın ənənəvi iqtisadiyyat sahələrinin təkmilləşdirilməsinə və inkişafına üstünlük özünü göstərəcəkdir (energetika, mal-material-ixracı, nəqliyyat və s.). Zənn edək ki, bu sahələr artıq ölkəyə iri gəlir gətirir, bazarı var və 2020-ci ilədək ÜDM-də öz əhəmiyyətli xüsusi çəkisini saxlaya bilər. İkincisi, Azərbaycanda innovasiya siyasətinin əsaslı inkişafı, innovasiya tədbirlərinin artırılması iqtisadiyyat sahələrində iqtisadi artımın aparıcı amili rolunu oynamalıdır. Belə yanaşma, həm də milli rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artırılmasının, iqtisadiyyatda enerji və xammal-material tutumluluğunun iki dəfədən artıq azalmasına öz təsirini göstərəcəkdir. Üçüncüsü, yeni iqtisadi sistemin formalaşması, əsasən də bilik iqtisadiyyatının və onun müqabilində yüksək texnologiyalar istehsalının bərqərar olması, 2020-ci ildə və ondan sonrakı dövrdə Azərbaycanda milli iqtisadiyyatın tərkibində köklü dəyişikliklərə gətirib çıxaracaq və bu sahələrin məhsulu artıq həmin dövrdən başlayaraq ÜDM-də energetika və digər ənənəvi sahələrin məhsullarının xüsusi çəkisini getdikcə sıxışdıracaq, büdcənin formalaşmasında önəmli rol oynayacaqdır.

İqtisadi inkişafda sosial innovasiya yönümlü istiqamətə meyillilik. İqtisadi inkişafda sosial innovasiya yönümlü istiqamətə, meyilliyə keçid xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan eyni vaxtda beynəlxalq standartlara uyğun olaraq, sosial sahədə həm mövcud olan çatışmazlıqları aradan qaldırmalı, həm də inkişafı təmin etməlidir. Qlobal iqtisadi inkişaf və rəqabət şəraitində aparıcı və inkişaf etmiş ölkələrin sosial rifah və iqtisadi səmərəlilik göstəricilərinə ölkənin sosial sahələrini inkişaf etdirmədən çatması qeyri-mümkündür.

Mövcud iqtisadi inkişaf modelinin əsas problemlərindən biri ondan ibarətdir ki, əhalinin gəlirlərinin artımı ilə ümumi daxili məhsulun yüksəlişində uyğun əlaqəli və elmi cəhətdən əsaslandırılmış koordinasiya gözlənilən səviyyədə olmur. Bu amil özünü əksərən iqtisadi differensiyanın yüksəlməsi ilə göstərir. Məhz buna görə energetika və xammal-resurs ixracı modelindən iqtisadi inkişafın innovasiya modelinə keçid  yeni və təkmil  modelin formalaşdırılmasını ön plana çəkir. Bu modelin tərkib elementləri daxilində iqtisadi sərbəstliyin, sosial ədalətin və milli rəqabətqabiliyyətliliyinin balanslaşdırılması və stimullaşdırılması mühüm rol oynayır. Müvafiq yanaşma resurs-müddət və icra mərhələləri arasında qarşılıqlı bağlılığı təmin edəcək bir çox istiqamətlər üzrə kompleks əlaqələndirmənin yaradılmasını tələb edir.

Birinci istiqamət olaraq ölkənin insan potensialının inkişafına, əsasən də onun keyfiyyət cəhətlərinə xüsusi diqqət yetirilməsi zərurətdən irəli gəlir. Bu amil hər bir cəmiyyət üzvünün maddi və mənəvi rifah vəziyyətinin yaxşılaşdırılmasını, həm də onların həyat tərzinin yüksəldilməsi üçün mövcud potensiallarından səmərəli istifadə etməsində əlverişli mühitin yaradılmasını ön plana çəkir. Nəticə olaraq, ölkənin hər bir sahəsində rəqabətqabiliyyətli insan kapitalı yetişəcəkdir ki, bu da konsepsiyanın məqsəd və vəzifələrinin icrasının təminində yüksək əhəmiyyət kəsb edir. Bütün bu amillər müsbət meyillərin əldə olunmasına öz təsirini göstərəcəkdir:

 

- cəmiyyətdə neqativ demoqrafiq meyillərin qarşısının alınması, əhalinin sayında nəzərdə tutulan stabilliyin yaranması və onun artım imkanlarının yüksəlməsi, ölkədə həyat tərzinin getdikcə yaxşılaşması;

 

- əməkhaqqı sistemində səmərəli metodların tətbiqi, onun davamlı artımı üçün əlverişlı şəraitin yaradılması - bütün bu amillərin əmək məhsuldarlığının artım tempi və işçi qüvvəsinin keyfiyyət göstəriciləri ilə əsaslı şəkildə əlaqələndirilməsi;

 

- əmək bazarının səmərəli tənzimləmə mexanizminin yaradılması, bu bazarda rəqabət mühitinə yönəlmiş sistemin formalaşması;

 

- işçi - həmkarlar təşkilatı - işə götürən və dövlət arasında hüquqi, iqtisadi cəhətdən əsaslandırılmış əməkdaşlıq sisteminin qurulması;

 

- əməkhaqqına uyğun olaraq, pensiya təminatının artırılması, pensiya təminatı sisteminin beynəlxalq standartlara müvafiq qurulması, təqaüdə çıxmış insanların normal təminatlı həyat səviyyəsinin yaradılması;

 

- ölkədə beynəlxalq tələblərdən geri qalmayan keyfiyyətli təhsil, tibb və digər xidmətlərin alınmasına nail olmaq;

 

- ölkədə mədəniyyət sahələrinin inkişafını daha yüksək səviyyədə təmin etməklə, milli dəyərləri qorumaqla, bərpa etməklə, bu sahədə insanların mənəvi dünyagörüşünün müasir vasitələrlə genişlənməsinə nail olmaq;

 

- industrial iqtisadiyyatın davamlı inkişafına xas olan məqsədli kütləvi təhsil sisteminə keçmək, əhali  üçün sosial innovasiya meyilli və fərdilik nəzərə alınmaqla geniş təhsil şəbəkəsini yaratmaq, dünya elminin nailiyyətlərindən milli elmdə istifadə etmək, şəxsiyyətin yaradıcılıq qabiliyyətlərinin inkişafında sosial məsuliyyəti artırmaq və bu sahədə əlverişli mühit formalaşdırmaq;

 

- ölkədə sosial, iqtisadi və kommunal infrastrukturun inkişafına nail olmaq, əhalinin mənzil təminatında irəliləyişi yüksəltmək;

 

- imkansız insanların, yaşlı nəslin, əlillərin məqsədli və ünvanlı zəruri təminatının, sosial-iqtisadi rifahının səmərəli yollarını müəyyən etmək;

 

- Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin qorunub saxlanmasının və inkişafının iqtisadi, hüquqi mexanizmini təkmilləşdirmək;

 

- idman, bədən tərbiyəsi və turizmin daha geniş inkişafına nail olmaqla onların kəmiyyət, keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin etmək, əhalinin və ölkəyə gələn şəxslərin bu sahələrin imkanlarından geniş istifadə etməsinin əlyetərliyi mexanizmini formalaşdırmaq;

 

- ölkədə ətraf mühitin sağlamlaşdırılmasını inkişaf etdirməklə, əhalinin yaşayış tərzinin artmasında ekoloji amillərin təsirini gücləndirmək;

 

- cəmiyyətdə kriminogen vəziyyəti minimum həddə endirməklə əhalinin maarifləndirmə səviyyəsini artıran tədbirlərin sayını yüksəltmək;

 

- əmək resurslarının peşəkarlıq və ərazi cəhətdən mobilliyini yüksəltmək, əmək-peşə mədəniyyətini artırmaq üçün zəruri standartlar hazırlayıb qəbul etmək, əmək və sahibkarıq fəaliyyətində işgüzarlığın və fəaliyyətin səmərəliliyini artıran dəyərləri müəyyənləşdirmək.

 

İkinci istiqamətdə institusional mühitin və sahibkarlıq fəaliyyətinin inkişafı, iqtisadi artıma təsir edəcək amillərin, bazarda rəqabət qabiliyyətinin yüksəldilməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir:

 

- yüksək rəqabət mühitini təmin edəcək institusional mühit yaratmaq, sahibkarlıq fəaliyyətində fəallığa və daha səmərəli yollarla kapital cəlbinə meyilli mexanizmi formalaşdırmaq;

 

- iqtisadiyyatda açıq və gizli lüzumsuz inhisar mühitini aradan qaldırmaq, bazarda sağlam rəqabətin yaradılması üçün bütün imkanlardan istifadə etmək;

 

- vergi sisteminin tətbiqində beynəlxalq standartlara keçidi təmin etmək, inkişaf üçün mane olan vergi yükünü daha səmərəli formalarla əvəz etmək, müasir texnologiyalar tətbiq etməklə peşəkar işçi və mütəxəssis heyətini cəlb etməklə istehsal məsrəflərini aşağı salmaq;

 

- yeni və müasir sahibkarlıq növlərinin və müəssisələrin yaradılmasına və fəaliyyətinə dəstək olmaq, onların işini stimullaşdırmaq;

 

- dövlətin iqtisadi siyasəti və mülkiyyət hüququnun qorunması hesabına sahibkarlıq və investisiya riskini aşağı salmaq, maliyyə institutlarının fəaliyyətini genişləndirmək və ölkədə makroiqtisadi sabitliyi qorumaq;

 

- müəssisə və təsərrüfatların uzunmüddətli maliyyə resurslarından istifadə imkanlarını genişləndirmək, kapital və yığımın transformasiyasını və istifadəsini təmin edən maliyyə və digər bazarların səmərəli fəaliyyət mexanizmini təkmilləşdirmək;

 

- özəl sektorda təsərrüfatlararası müqavilə münasibətlərini ciddiləşdirmək, onların fəaliyyətində şəffaflığın yüksəldilməsi mexanizmini müəyyənləşdirmək, sahibkar qrupların, sahəvi sahibkar ittifaqlarının yaradılmasına və onların işlək imkanlarının mövcudluğuna şərait yaratmaq;

 

- iqtisadiyyatın daha səmərəli və məqsədyönlü fəaliyyətini təmin etmək üçün bu sahədə dövlətin zəruri və keyfiyyət amillərinə söykənmiş inzibati nəzarət formalarını tətbiq etmək.

 

Üçüncü istiqamət iqtisadiyyatda struktur dəyişikliklərində innovasiya texnologiyalarının inkişafına meyilliyin güclənməsi ilə bağlı olmalıdır, burada aşağıdakı amillər öz əksini tapmalıdır:

 

- milli innovasiya sistemini formalaşdırmaq. Burada bütün zəruri elementlər öz təcəssümünü tapmalıdır. Belə ki, ali təhsil sisteminin elmi tədqiqatlara inteqrasiyası, bu sahədə əsaslı nəticələr verən tədqiqatların aparılması. Həmçinin bu istiqamətdə iqtisadiyyatın tələbatına uyğun fəaliyyətin təşkili üçün çevik və səmərəli tənzimləyici mexanizmi yaratmaq, injinerinq biznesini, innovasiya infrastrukturunu, intellektual mülkiyyət bazarını və institutunu formalaşdırmaq, təkmil elmi-texniki və innovasiya tədbirlərinin stimullaşdırılması mexanizmini müəyyən etmək.

 

- Azərbaycan Respublikasının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirən güclü elmi-texniki kompleks yaratmaq, bu bazarlarda milli məhsulların rəqabət qabiliyyətini təmin etmək, elmin və iqtisadiyyatın prioritet istiqamətləri üzrə tədqiqat və araşdırmaların əhatə dairəsini genişləndirmək;

 

- iqtisadiyyat sahələrində rəqabətqabiliyyətliliyini artırmaq üçün dövlət-özəl sektoru əməkdaşlığı mexanizmində daha səmərəli metodlardan istifadə etmək, milli müəssisə və təsərrüfat subyektlərinin uzunmüddətli investisiya cəlbi imkanlarını təkmilləşdirmək, bu subyektlərin yüksək ixtisaslı və peşəkar mütəxəssislər, menecerlər, işçi heyəti ilə təmin olunması üçün əlverişli mühit yaratmaq, ixrac bazasının artırılmasına lazımi yardım göstərmək, milli bazarın qorunması məqsədilə dünya təcrübəsində mövcud olan imkanlardan istifadə etmək;

 

- kənd təsərrüfatı və emal sənayesinin məhsullarının ixracını təmin edən potensial imkanları müəyyənləşdirmək və istifadə etmək, bu sahədə ekoloji cəhətdən beynəlxalq standartlara cavab verən məhsulların həcmini əsaslı şəkildə artırmaqla, onların rəqabət qabiliyyətini yüksəltmək.

 

Dördüncü istiqamətdə xarici iqtisadi əlaqələri daha da genişləndirmək, ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının səmərəli yollarını müəyyən etmək əsas amil kimi çıxış edir. Müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aşağıdakıların nəzərə alınması xüsusi zərurətdən irəli gəlir:

 

- Azərbaycanın iqtisadi inkişafında müqayisəli üstünlüklərin imkanlarını dəqiqləşdirərək qlobal təsirləri nəzərə alıb, xarici bazarlarda iştirak səviyyəsini qiymətləndirmək və onun artırılması yollarını konkretləşdirmək, ölkəyə səmərəli şərtlərlə və ucuz kapitalın, yüksək texnologiyaların və peşəkar mütəxəssislərin cəlbi üzrə tədbirlər sistemini hazırlamaq;

 

- ölkənin Avropa və Asiya bazarlarına tədricən iqtisadi inteqrasiya  istiqamətlərini həyata keçirmək, inkişaf etmiş və inkişaf etməkdə olan qabaqcıl dövlətlərlə birgə iqtisadi fəaliyyətin təşkili üzrə zəruri mexanizm yaratmaq,  Azərbaycan məkanında zəruri beynəlxalq maliyyə bazarının formalaşmasına nail olmaq;

 

- beynəlxalq maliyyə və iqtisadi institutlarla, mərkəzlərlə qarşılqlı və səmərəli əməkdaşlıq əlaqələrini genişləndirərək ölkədə davamlı iqtisadi inkişafı təmin etmək, ölkə iqtisadiyyatının uzunmüddətli qlobal dəyişkənlik dövründə də gözlənilən risklərin minimum səviyyədə olmasına nail olmaq.

 

Beşinci istiqamətdə iqtisadi inkişafın yeni ərazi, məkan modelini yaratmaq əsas kimi çıxış edir:

 

- regionlarda sosial-iqtisadi inkişaf üzrə çevik fəaliyyət mərkəzləri yaratmaq, burada təkmil enerji, kommunal, nəqliyyat və digər infrastruktur sahələrini təkmilləşdirmək;

 

- regionlarda iqtisadi inkişaf üçün vacib olan ərazi-istehsal klasterlərini inkişaf etdirmək, burada fəaliyyət göstərən müəssisələrin rəqabətqabiliyyətli məhsullar istehsal etmək, xidmətlər göstərmək potensialını gücləndirmək;

 

- regionlarda sosial siyasəti bərabər səviyyədə həyata keçirmək, burada yaşayan insanların həyat səviyyəsində olan qeyri-mütənasibliyi tamamilə aradan qaldırmaq;

 

- regional inkişaf və onun idarəetmə sisteminin strateji prioritetlərini müəyyənləşdirmək, bu ərazilərin inkişafında kompleksliliyi və balanslılığı təmin etmək;

 

- regionlarda məhsuldar qüvvələrin yerləşdirilməsində məqsədyönlülüyü və inkişafın səmərəliliyini nəzərə almaq;

 

- həmin ərazilərdə idarəetmə, iqtisadi və inzibatı məsuliyyət normalarının təkmil və effektiv əsaslarda qurulmasına, bələdiyyələrin bu sahədə yaxından iştirakına nail olmaq, regional maliyyələşmə imkanlarını müəyyənləşdirmək.

 

Beləliklə, hazırlanacaq konsepsiya praqmatik, praktiki və tətbiqi baxımdan seçilməlidir. Burada dayanıqlı iqtisadiyyatın inkişafının təmin edilməsi diqqət mərkəzində olmalı, intellektual baza formalaşdırılmalı, informasiya texnologiyalarından daha geniş istifadə edilməlidir.

 

 

İsa ALIYEV,

AMEA-nın İqtisadiyyat

İnstitutunun direktoru,

iqtisad elmləri doktoru,

professor

 

Yaşar MƏMMƏDOV,

AMEA-nın İqtisadiyyat

İnstitutunun aparıcı elmi

işçisi, iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 8.