Azərbaycan beynəlxalq
tədbirlərin keçirilməsində zəngin təcrübə
toplayıb
Sərgi iştirakçıları
bunu vurğulayır və bəyənirlər
Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi artıq 19 "yaş"ına çatsa da, ona dünyanın nüfuzlu şirkətlərinin, sahənin qabaqcıl mütəxəssislərinin marağı səngimir. "Baku Expo Center"də öz işini davam etdirən budəfəki sərginin əvvəlkilərdən daha böyük olması həmin fikri təsdiqləyir. Burada 35 ölkənin 300-dən çox şirkəti iştirak edir. Bütövlükdə sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir.
Prezident İlham Əliyevin sərginin açılışında iştirak etməsi buraya toplaşanların hamısının ürəyincə olmuşdur. Dövlət başçısı sərgi iştirakçıları qarşısındakı nitqində bu tədbiri yüksək dəyərləndirərək onun tarixini də yada salmışdır: "Buraya gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təsdiq edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra "Əsrin kontraktı" imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik".
Sərginin "veteran"larının sırası ildən-ilə möhkəmlənir, bununla yanaşı, tədbirə yeni iştirakçılar da qoşulur. Onların hamısı belə möhtəşəm bir sərgidə iştirak etməkdən məmnundur.
Almaniyanın RWE şirkətinin son illərdə sərgiyə marağı
ölkəmizlə əməkdaşlıq etmək istəyi
ilə sıx bağlıdır. Əslində, RWE
karbohidrogenlərin kəşfiyyatından satışına qədər
geniş fəaliyyət sahəsini əhatə
edən çoxsaylı strukturlardan ibarətdir
ki, onların da hərəsi
ayrı-ayrılıqda bir şirkətdir.
Bu şirkətlərdən biri - RWE Dea neftin bilavasitə kəşfiyyatı və
hasilatı ilə məşğul olur. Şirkətin yeni müəssisələr üzrə
baş vitse-prezidenti, doktor Hans-Herman Eke deyir:
- Azərbaycanda iki ildir fəaliyyət göstəririk. Biz ARDNŞ-la
"Naxçıvan" strukturuna
aid danışıqlar
aparırıq. Söhbət
hasilatın pay bölgüsü
üzrə saziş tipli müqavilədən gedir. "Naxçıvan"
strukturunda kəşfiyyat
və qazma işlərini əhatə
edən sazişlə
bağlı irəliləyişlərimiz
var. Ümidvarıq ki,
yaxın vaxtlarda bu sənəd imzalanacaq və biz artıq Azərbaycanda tam fəaliyyətə başlaya
biləcəyik. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycanda başqa maraqlarımız da var.
ARDNŞ-la birgə digər
layihələrdə iştirak
etməyə hazırıq.
Neft-qaz sərgisinin əməkdaşlıq
üçün münbit
şərait yaratdığını
vurğulayan H.Eke daha sonra əlavə
edir:
- Əməkdaşlıq həmişə biznesin ümumi inkişafına təkan verir. Müsbət mənada rəqabət isə şirkətləri
daim daha yaxşı işləməyə
çağırır. Biz artıq dördüncü
dəfədir bu sərgidə iştirak edirik. Sərgi çox möhtəşəm
təşkil olunub.
Bu göstərir ki, Azərbaycanın belə tədbirlərin təşkilində zəngin
təcrübəsi var. Bu, xaricdən
gələn şirkətlərə
çox xoşdur və onların sərgidə iştirakı
üçün stimul
yaradır.
Bu il ilk dəfə
olaraq sərgiyə uzaq Vyetnam da
qoşulub. "Petrovyetnam"ın - Vyetnam
Neft və Qaz Korporasiyasının
"debüt"ü uğurlu
və inamlıdır.
Şirkətin Azərbaycan
nümayəndəliyinin əməkdaşı
Arzu Həsənovanın
sözləri də bunu təsdiqləyir:
- "Petrovyetnam" 1970-ci illərin əvvəllərində
təşkil olunub. Bu, dövlət strukturudur, karbohidrogen yataqlarının
kəşfiyyatı, hasilat,
emal və satışla məşğul
olur. Azərbaycanda isə bir neçə ildir fəaliyyət göstərir.
Şirkət keçmiş SSRİ məkanının bir sıra digər yerlərində də işləyir. Məsələn,
Qazaxıstanda, Rusiyanın
neft rayonlarında. O, həmçinin Kanadada, Sinqapurda, Malayziyada, Madaqaskarda, Konqoda neft hasilatı ilə yanaşı, boru çəkilişi, ekologiya ilə bağlı işlər aparır. Ümumiyyətlə, dünyada 80-ə qədər layihədə
payçı kimi iştirak edir. "Petrovyetnam" Azərbaycanda ARDNŞ-la birgə
işlər aparacaq.
Sərgiyə gəlincə
isə, qeyd etmək istəyirəm ki, biz buraya keçən il
ziyarətçi kimi baş çəkmişdik.
Bu, qəlbimizdə iştirakçı olmaq istəyi oyatdı. Çünki burada digər şirkətlərlə
tanış olmaq, danışıqlar aparmaq imkanı var. Bu baxımdan sərgi çox
yaxşı təşkil olunub.
Sərginin
təşkilindən ziyarətçilər də çox
razıdırlar. Onların arasında təkcə neft-qaz
sektorunun işçiləri deyil, digər sahələrdə
çalışan insanlar da var. Paytaxt sakinləri gözəl
tərtib olunmuş bu sərgiyə baxmaqdan, yeni məlumatlar əldə
etməkdən zövq aldıqlarını bildirirlər.
AMEA-nın
Kibernetika İnstitutunun bir neçə əməkdaşı
stendlərə maraqla tamaşa edirdi. İnstitutun laboratoriya rəhbəri
Robert Qarayev həmkarlarının da təəssüratlarını
ümumiləşdirərək söylədi:
- Bu, çox zəngin və aktual bir sərgidir. Neftçi olmasaq da, özümüz
və həmkarlarımız
üçün bir çox faydalı məlumatlar topladıq.
Təəssüratlarımızı digər iş yoldaşlarımıza da danışacağıq. Biz elmi işçi olaraq görürük ki, burada yüksək
texnologiyalarla işləyən
kampaniyalar təmsil edilir. Çoxlu sayda belə
şirkətlərin məhz
Azərbaycanda bir araya gəlməsi bizi çox sevindirir. Sovet dövründən üzübəri bir çox sərgilərə
baxmış və hətta orada işləmişik də.
Amma belə yüksək səviyyə hələ görməmişik. Bu, ölkəmizin
nail olduğu dünya
standartları səviyyəsidir
ki, özünü iqtisadiyyatda da, ekologiyada da, sosial həyatda da göstərir.
Maraqlıdır ki, həm iştirakçılar,
həm də ziyarətçilər indidən
gələn ilki sərginin arzusunda olduqlarını söyləyirlər. Bu, 20-ci yubiley sərgisi olacaq.
İki onillik ərzində Xəzər
neft, qaz, neftayırma və neft kimyası sərgisi həqiqətən
böyük missiya yerinə yetirib. İyunun
5-də "Baku Expo Center"dəki nitqində dövlətimizin
başçısı İlham
Əliyev bunu da vurğulayıb: "Bugünkü açılış
mərasiminə toplaşmış
bütün qonaqları
ürəkdən salamlayıram,
sərginin təşkilatçılarına
minnətdarlığımı bildirmək istəyirəm.
Yenə də qeyd etmək
istəyirəm ki, onların fəaliyyəti
ölkəmiz üçün
çox vacibdir, önəmlidir. Həm işin
əvvəlində, 90-cı illərin ortalarında, həm bu gün.
Çünki bu gün bir daha demək
istəyirəm ki, Azərbaycana maraq daha da böyükdür
və nəinki neft-qaz sektoruna, bütün başqa sahələrə. Azərbaycan əməkdaşlığa
həmişə olduğu
kimi hazırdır".
Flora SADIQLI
Azərbaycan.- 2012.- 7 iyun.- S. 9.