Zakirlər

 

XIX əsrin birinci yarısında milli ədəbiyyatımızda yeni realist satirik poeziyasının əsas yaradıcısı Şuşada doğulmuş Qasım bəy Zakir olub. Elə "Zakir" sözüilk dəfə Qasım bəy tərəfindən təxəllüs seçilib. Yəni, Qasım bəyə qədər Azərbaycanda Zakir adlı adama rast gəlinmir. "Zakir" ərəb sözü olub mənası "zikr edən" deməkdir. Vaxtilə təkyələrdə ilahiyyat oxuyan adama "Zakir" deyə müraciət edərmişlər. Hətta İmaməddin Nəsiminin bir qəzəlində də bu məsələyə toxunulur:

 

Zakirəm, zikr eylərəm, yəni ki şeyxəm;

 

Kör nə göyçək ad ilə aləmdə məzkur olmuşam.

 

Məhz Qasım bəy Zakirdən sonra Qarabağda, xüsusilə də Şuşada oğlan uşaqlarına "Zakir" adı qoyardılar. Bu, həm adın daşıdığı məna ilə bağlıdır, həm də şeirləri dillər əzbəri olan şair Qasım bəy  Zakirin xatirəsinə ehtiram əlaməti idi. Şuşada bu adı daşıyan məşhur simalar olub: Zakir Bağırov.

Maraqlıdır, çoxumuza elə gəlib ki, bəstəkar, musiqişünas, filosof, mədəniyyət xadimi olan Zakir Bağırov eyni şəxsiyyətdir. Hətta internetdə yerləşdirilmiş məlumatlarda da saydığımız bu sənətlərin hamısı məhz bir Zakir Cavad oğlu Bağırovun ünvanında göstərilir. Halbuki iki Zakir Bağırov olub. Hər ikisi də görkəmli şəxsiyyət və məşhur simalardan sayılıb. Biri bəstəkar olub, digəri isə dövlət xadimi, filosof, mədəniyyət işçisi. Onları birləşdirən ad və soyadlarının eyniliyi, bir də şuşalı olmalarıdır.

 

 Bəstəkar Zakir Bağırov

 

Əməkdar incəsənət xadimi, professor Zakir Cavad oğlu Bağırov 1916-cı ildə Şuşada doğulub. Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra (1949) ömrünün sonuna kimi elə həmin təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışıb. Xalq Çalğı Alətləri Orkestri üçün süitaların, fortepiano ilə orkestr üçün konsertin, orqan üçün improfizasiya və fuqanın, kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Zakir Bağırov 1958-ci ildə "Kəndimizin" mahnısı, 1964-cü ildə "Qayınana" operettalarını yazmışdır. Görkəmli bəstəkarın yaradıcılığında opera janrı da xüsusi yer tutub. Onun 1972-ci ildə Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı "Aygün" operası musiqi mədəniyyətimizin gözəl nümunələrindən sayılır. Zakir Bağırov bir çox teatr tamaşalarına və kinofilmə musiqi yazmışdır. " qızıl ustaları", "Aygün", "Bərəkətli torpaq", "Nizami", "Sədaqət yolu ilə", "Təbiətin dostları", "Quba bağlarında", "Bizim Azərbaycan" kimi bədii və sənədli filmlərin musiqisi məhz Zakir Bağırova məxsusdur. Böyük Üzeyir Hacıbəylidən dərs alan, özünü həmişə onun yetirməsi sayan Zakir Bağırovun Azərbaycan mədəniyyət tarixində öz yeri var. Dövrünün tanınmış və nüfuzlu bəstəkarlarından sayılıb. Musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Ömrünün ahıl çağında doğulduğu Şuşanın ermənilər tərəfindən işğal edilməsi görkəmli bəstəkara ağır təsir etmişdi. Yaxınları söyləyirlər ki, Zakir Bağırov Şuşasızlıqla barışa bilmirdi. Elə bu həsrətin də təsiridir ki, doğma yurdun zəbt edilməsindən iki il sonra Zakir Bağırov dünyasını dəyişdi.

 

Mədəniyyət xadimi Zakir Bağırov

 

1929-cu ildə Şuşada anadan olub. Məşhur Bağırovlar nəslinin nümayəndəsidir. Bu ailədə göz açmış çox məşhur simalar olub: tarixçi-filosof Əhəd Bağırzadə, tarixçi Nüsrət Bağırov, polkovnik Adil Bağırov, filoloq Nuridə Bağırova nəhayət, mədəniyyət xadimi, filosof-alim Zakir Bağırov.

Bu ailənin nəsil şəcərəsindən olan Faiq Bağırov hazırda Azərbaycanın Türkiyədəki səlahiyyətli fövqəladə səfiridir.

Zakir Bağırov hələ uşaq vaxtlarında təyyarəçi olmaq, səmalarda uçmaq istəyində idi. Elə bu niyyətlə də Moskva Aviasiya İnstitutuna daxil olub. İlk azərbaycanlı gənclərdən idi ki, aviasiya sahəsi üzrə Moskvada təhsil alırdı. Ən böyük arzusu Azərbaycanın ilk kosmonavtı kimi aləmə səs salmaq idi. Amma taleyin elə qəribə sürprizləri var ki, bəzən kölgən qədər sənə yaxın olana da də əlin çatmır. İdman zamanı qəfildən turnikdən yıxılan Zakir Bağırovun ayağının sınması onun tale yolunu dəyişdirir. Gənc kor-peşman Moskvadan Bakıya qayıtmalı olub. Xeyli müddət xəstəxanada yatdıqdan sonra üzləşdiyi digər bir xəstəliyin də nəticəsində müalicə uzun çəkib. İllərlə xəstəxana çarpayısında yatmalı olub. Həyat və yaşamaq uğrunda mücadilə etməyi bacaran Zakir Bağırov sanki onun üstünə çalağan kimi şığıyan xəstəliklərin acığına kitabları əlindən yerə qoymayıb. Xüsusilə də fəlsəfəyə maraq göstərib. Oxuyub, öyrənib, nəhayət, Azərbaycan Dövlət Universitetinə qəbul olub. 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb: "Xoşbəxtlikdən cəmiyyətimizdə elə parlayan şəxsiyyətlər mövcuddur ki, onların qəlbində həmişə inkişafa can atmaq istəyi alovlanır... Zakir Bağırov belə nadir şəxsiyyətlərdən idi. Təbiət ona ağıl, intellekt, mənəvi saflıq, yüksəklərə, əlçatmazlığa can atmaq bacarığı bəxş etmişdir".

Elə bunun da nəticəsidir ki, Zakir Bağırov ömrünün 42-ci baharında Azərbaycanın mədəniyyət naziri kürsüsünə layiq görüldü. Bəstəkar Tofiq Quliyev onun bu sahədəki xidmətlərini belə səciyyələndirirdi: "18 il ərzində respublikamızın Mədəniyyət Nazirliyinə, cəmiyyətimizin həyat fəaliyyətinin ən çətin sahəsinə rəhbərlik etdi. gözəl təşkilatçılıq qabiliyyəti, qeyri-adi insanlığı, dərin erudisiyası, böyük səmimiyyəti, incə ziyalılığı və başqalarından fərqlənən mənəvi keyfiyyətləri ilə yaradıcı insanlar arasında olduğu kimi, dövlət və partiya dairələrində də böyük hörmət və nüfuz qazandı".

Zakir Bağırov Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi dövrdə mədəniyyətimizin inkişafı üçün həqiqətən çox işlər gördü. Onun haqqında tədqiqat aparanlar yazırlar ki, Zakir Bağırovun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Xoreoqrafiya Məktəbi tikildi. Bir sıra mədəniyyət ocaqları təmir edildi, yeni orkestrlər yarandı. Gözəl memarlıq binasında yerləşən Mahnı Teatrı təşkil olundu. Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açıldı. Azərbaycan sirk kollektiviZakir Bağırovun təşəbbüsü ilə yaradıldı.

Zakir Bağırovu yaxından tanıyanlar onun çox səmimi və həssas ziyalı olduğundan söz açırlar. Xasiyyətindəki səxavətlilik, sözübütövlük, dəqiqlik, mərdlik, alicənablıq, yüksək nəzakətə malik olması ona mədəniyyət işçiləri arasında rəğbət qazandırmışdı. Zakir Bağırov Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Fikrət Əmirov, Toğrul Nərimanbəyov, Rəşid Behbudov kimi şəxsiyyətlərlə dostluq etməyi çox sevərdi. Hətta o zaman gənc bəstəkar olan Polad Bülbüloğluna da çox diqqət və qayğı ilə yanaşardı: "Mən inanıram ki, sən gələcəkdə Azərbaycanın mədəniyyət naziri olacaqsan. Ona görə də mədəniyyət aləminin ən kiçik detalından nəhəng abidəsinə kimi hər bir şeyi dəqiq bilməli və öyrənməlisən". Sonralar bu fikri dilə gətirən Polad Bülbüloğlu  Zakir Bağırovu tez-tez xatırlayardı.

1989-cu ildə Bakıda vəfat edən Zakir Bağırov Azərbaycan mədəniyyətinə rəhbərlik edən beşinci nazir olub.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 11.