Hophopnamənin illüstrativ dili yeni nəşrdə

 

 Satirası ilə müxtəlif tipləri doğru yola  çağıran Mirzə Ələkbər Sabirin yaradıcılığı çağdaş Azərbaycan kitab qrafikası sahəsində də özünəməxsus rol oynadığını bir daha ortaya qoyub.

Xalq rəssamı Arif Hüseynovla əməkdar incəsənət xadimi Bayram Hacızadənin birgə  tərtib etdikləri "Hophopnamə" ölməz şairin anadan olmasının 150 illik yubileyinə layiqli töhfə hesab edilir. M.Ə.Sabirin satirik şeirlərinə çəkilmiş karikaturalardan ibarət toplunun məziyyətləri az deyil.  Hələ 1980-ci ildə görkəmli fırça ustası Mikayıl Abdullayevin zəmanəti ilə M.Ə.Sabirin "Hophopnamə"sinin "Yazıçı" nəşriyyatında çapa hazırlanan yeni nəşrinə tərtibat  verib illüstrasiyalar çəkmək haqqı qazanan gənc və  çoxlarının hələ yaxşı tanımadığı Arif Hüseynovun  ərsəyə gətirdiyi qrafik  nümunələr o zamanlar mədəni məkanda, sözün əsl mənasında, böyük hay-küy salmışdı. Sonralar həmin yersiz hay-küylər əsl etiraflara çevrildi. Bu isə rəssamın satira  karikatura janrına yaxından bələdçiliyindən irəli gəlirdi.

Xatırlatmaq yerinə düşər ki, rəssam bir ildən sonra yenidən Sabir poeziyasına müraciət etdi. O bu dəfə şairin şeirlərinə "rənglərin dili" ilə nəzər yetirdi. Bu isə üzəri gülüşə  bələnmiş hadisələrin alt qatındakı düşündürücü gözyaşlarından boylanan harayların bir növ ifadəsi idi.

Xalq rəssamının Sabir poeziyasına yenidən və bir qədər də fərqli rakursdan yanaşmasını təsadüfi hesab etmək olmaz. Sabir şeirlərinin hər birinin fəlsəfi tutumunu incəliklərinə qədər duyan rəssam bu yükə adekvat, üsluba müvafiq bədii təsvir  verməklə onları oxucusunu,  yəni tamaşaçısını düşüncələr burulğanına salmağa qadir qaynağa  çevirə bilir.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçılar BirliyiMuzey Mərkəzinin birgə layihəsi  əsasında  M.Ə.Sabirin "Hophopnamə"sinə həsr olunmuş, xalq rəssamı Arif Hüseynovla əməkdar incəsənət xadimi Bayram Hacızadənin qrafika əsərlərindən ibarət təşkil etdikləri sərgidə bu barədə ətraflı məlumat verilib. Peşəkarların yanaşması bir daha onu göstərib ki, poeziyamızın "gülər-ağlar"ı kimi tanınan Sabirin dillə ifadə etdiklərini hər iki rəssam fırçası ilə göstərməyi ustalıqla bacarır. Nəzərə alınsa ki,  karikatura satiranın sözsüz ifadəsidir, demək, bu janrda çalışan rəssamlar da Sabirsayağı "sancmaqla" yumora gətirdikləri tipləri özlərinəməxsus formada tərbiyələndirirlər.

 

 

Məhəmməd SADIQZADƏ

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 11.