Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirildi

 

 Dünən gənclər və idman naziri Azad Rəhimov Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Nazir mərasimdəki çıxışında demişdir: "İdman ilində növbəti Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi həqiqətən möhtəşəm bir hadisədir. Bu kompleks, sözün əsl mənasında, idmansevərlərin ürəyincə tikiləcək və onlara xidmət edəcəkdir. Əminik ki, burada məşq edəcək idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib olimpiya, dünya, Avropa çempionları adını qazanacaqlar".

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında"  2011-ci il 27 may tarixli 1535 nömrəli sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilir. Tikinti üçün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci kilometrliyində 5 hektar  torpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədləri "ElEn" Memarlıq və Dizayn Şirkəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri "İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir.  Abşeron Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 12.