Azərbaycan ilə bir çox türkdilli dövlətlər arasında əlaqələr gündən-günə daha da inkişaf edir

 

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının növbəti toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə bir çox türkdilli dövlətlər arasında əlaqələrin son illər yüksək səviyyədə davam etdiyi vurğulanmışdır.

Baş nazir beynəlxalq tədbirlərdə dost, qardaş dövlətləri həmişə Azərbaycanın yanında görməkdən məmnunluğunu bildirmişdir. Respublikamızda mövcud iqtisadi vəziyyətə toxunan Artur Rasizadə bir çox Avropa ölkələrində müşahidə olunan maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini qeyd etmişdir. Azərbaycanın hərbi gücünün gündən-günə möhkəmləndiyini vurğulayan Baş nazir ölkənin regionda artan nüfuzundan da danışmışdır. 

Regional münaqişələrə, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Baş nazir nüfuzlu beynəlxalq qurumların səyləri nəticəsində problemin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirmişdir.

Son illər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının üzvləri ölkələrimiz arasında ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə etmişlər. Şura üzvləri toplantının keçirilməsi üçün yaradılan şərait və yüksək qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 2.