Mərakeşin fransızdilli L`opinion qəzetində Azərbaycan haqqında məqalə dərc edilmişdir

 

Mərakeşdə yayımlanan fransızdilli "L`opinion" qəzetinin 31 may tarixli nömrəsində Azərbaycan haqqında məqalə dərc edilmişdir.

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.əl-Fəqirinin qələmə aldığı məqalədə ölkəmizin qədim tarixə, dərin islami köklərə, zəngin mədəniyyətə və milli adət-ənənələrə malik olması vurğulanmış, respublikamızın füsunkar təbiəti, göz oxşayan mənzərələri Qafqazın mirvarisi kimi səciyyələndirilmişdir.

Müəllif 18 oktyabr - Müstəqillik Gününün Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. 1991-ci il oktyabrın 18-də qəbul edilən  Müstəqillik Aktından  az sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına, 1991-ci ildə Dakarda keçirilmiş altıncı islam konfransında İSESCO-ya üzv seçildiyi vurğulanmış, bu qurumların ölkəmizin qoşulduğu ilk beynəlxalq təşkilatlar olduqları bildirilmişdir. Bundan sonra Azərbaycanın müstəqilliyinin bir çox dünya ölkələri tərəfindən, o cümlədən 1991-ci il dekabrın 30-da Mərakeş Krallığı tərəfindən tanındığı, 1992-ci ilin martında Azərbaycanın BMT-yə, iyulunda isə ATƏT-ə üzv olduğu qeyd edilmişdir.

Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gənc respublikamızın ötən müddətdə siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində böyük uğurlar qazandığı diqqətə çatdırılmış, ölkəmizdə siyasi sistemin möhkəmləndirilməsinə, milli iqtisadiyyatın inkişaf etdirilməsinə nail olunduğu vurğulanmışdır.

Müəllif qazanılan bu nailiyyətlərin heçasan başa gəlmədiyini, Azərbaycanın müstəqilliyinin ilk illərində vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyini və Ermənistan tərəfindən təcavüzə məruz qaldığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edilmiş nailiyyətlər diqqətə çatdırılmışdır.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsindən, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərdən söhbət açılmışdır. Vurğulanmışdır ki, Azərbaycan tərəfi bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında həllinə tərəfdardır.

Müəllif xalqımıza qarşı ermənilərin törətdiyi təcavüzün və qanlı hadisələrin dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pisləndiyini, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycan qarşı təcavüzü ilə əlaqədar dörd qətnamənin qəbul edildiyinibildirmişdir. Diqqətə çatdırılmışdır ki, bu qətnamələrdə ölkəmizə qarşı erməni təcavüzü pislənilmiş, ermənilərin işğal edilmiş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmaları tələb edilmişdir.

Yazıda həmçinin ölkəmizin zəngin neft, qazs. təbii sərvətlərə malik olduğu qeyd edilmiş, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uzaqgörən neft strategiyası və 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, bütün regiondünya üçün əhəmiyyəti diqqətə çatdırılmışdır. Müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş iqtisadi layihələrdən bəhs edilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən ötən müddətdə ölkəmizin böyük inkişaf yolu keçdiyi, dünya və MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutduğu vurğulanmışdır. Azərbaycanda irimiqyaslı inkişaf layihələrinin aparıldığı, qeyri-neft sektorunun uğurla inkişaf etdirildiyi, iqtisadiyyatımıza qoyulan daxilixarici sərmayələrin həcminin artdığı, regionlarda geniş quruculuq işlərinin aparıldığı, ölkəmizin beynəlxalq arenada layiqli yer tutduğu bildirilmişdir.

Azərbaycan-Mərakeş əlaqələrinə toxunan müəllif bu ilin avqustunda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd ediləcəyini vurğulamışdır. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəkdən söz açan müəllif iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu tədbirlər çərçivəsində Hökumətlərarası Komissiyanın iclası keçiriləcək, iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verəcək bir sıra sənədlər imzalanacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 4.