Qazaxıstan parlamenti Senatının sədri Azərbaycana
rəsmi səfərə gəlmişdir
Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami iyunun 7-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
K.Mami aeroportda jurnalistlərə müsahibəsində demişdir ki, Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir. Bu gün münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Məqsədimiz iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək və möhkəmləndirməkdir. Bu əlaqələr müxtəlif istiqamətlərdən ibarətdir. Həmin istiqamətlərdən ən mühümü parlamentlərarası əməkdaşlıqdır.
K.Mami qeyd etmişdir ki, o, Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişdir. Azərbaycan Qazaxıstanın Xəzər regionunda mühüm tərəfdaşıdır. İki ölkə arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir. Qarşılıqlı səfərlərin intensivliyi bunun bariz nümunəsidir. Parlamentlərdə qəbul olunan qanunlar həm siyasi, həm də iqtisadi sahələrdə ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Səfər müddətində Azərbaycanın və Qazaxıstanın qanunverici orqanları arasında, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.
Səfər çərçivəsində K.Maminin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2012.- 8 iyun.- S. 3.