Azərbaycan ilə SlovakiyaAvstriya arasında əməkdaşlığın inkişafı müzakirə olunmuşdur

 

Xarici işlər nazirinin müavini Xələf Xələfov Slovakiyaya səfəri çərçivəsində ölkə parlamentinin vitse-prezidenti xanım Renata Smaykoviçova ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iqtisadi, mədəni və humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ölkələr və xüsusən parlamentlərarası əlaqələrin gələcəkdə inkişaf istiqamətləri müzakirə edilmişdir.

Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən xanım Renata Smaykoviçova  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulamışdır.

Səfər çərçivəsində X.Xələfov Slovakiyanın xarici işlər nazirinin müavini, dövlət katibi Peter Burianla da görüşmüşdür. Görüşdə ölkələrimiz arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanmış, bu səfərlərin Azərbaycan ilə Slovakiya arasındakı mövcud münasibətlərin möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə xidmət edəcəyi bildirilmişdir. Görüşdə həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, regional səviyyədə münasibətlərin qurulması, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edilmişdir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılmış, Slovakiyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilmişdir.

Səfər çərçivəsində xarici işlər nazirinin müavini Avstriya Parlamentində də bir sıra görüşlər keçirmişdir. Avstriya-Qafqaz və Mərkəzi Asiya Parlament qrupunun sədri Karl ÖllingerAvstriya Parlamentində təmsil olunan digər partiyaların nümayəndələri ilə  keçirilən görüşdə ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığının inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

X.Xələfov Avstriyanın xarici işlər nazirinin müavini, dövlət katibi Yohannes Körle ilə də görüşmüşdür. Görüşdə Azərbaycan-Avstriya münasibətlərinin səviyyəsi ilə bağlı məmnunluq ifadə edilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Avropanın enerji təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 3.