Novruz MƏMMƏDOV: ABŞ ikitərəfli
əməkdaşlıqda və Dağlıq Qarabağ
münaqişəsinin həllində daha
fəal iştirakda maraqlıdır
ABŞ-ın dövlət katibinin Azərbaycana son iki ildə ikinci dəfə səfər etməsinin özü ölkələr arasında çox mühüm, sıx əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisidir. Bunu Trend-ə Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını şərh edərkən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.
"Klintonun səfəri regional xarakter daşısa da, ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin strateji xarakter daşıdığını, ABŞ-ın Azərbaycanla bu faydalı əməkdaşlıqdan məmnun olduğunu təsdiq etdi", - deyə N.Məmmədov bildirmişdir.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti və ABŞ dövlət katibi ilə danışıqlar nəzərdə tutulduğundan da artıq davam etdi, həm rəsmi hissəsi, həm də lanç arxasında danışıqlar iki saatdan artıq davam etdi. "Bu danışıqlarda indiki əməkdaşlığımızın vəziyyəti, onun mühüm məqamları və gələcək potensiala dair geniş fikir mübadiləsi aparıldı. Xanım Klinton bildirdi ki, ABŞ Azərbaycanla əməkdaşlığa çox mühüm əhəmiyyət verir".
ABŞ-Azərbaycan münasibətlərinə toxunan Məmmədov demişdir ki, bu ilin əvvəlindən də iki ölkə arasında xüsusi əhəmiyyət daşıyan bir sıra təmaslar və münasibətlər olub. Azərbaycanın BMT TŞ-nin üzvü və sədri kimi mayda Nyu-Yorkda geniş fəaliyyəti ölkənin çox kiçik dövlət olsa da, yalnız regionda deyil, eləcə də beynəlxalq aləmdə güclü nüfuzunun olduğunu nümayiş etdirdi.
"Mən bu ərəfədə ABŞ Prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və digər ABŞ rəsmilərindən Prezident İlham Əliyevə gələn sıx və möhkəm tərəfdaşlığın mövcudluğunun qeyd olunduğu məktubları da əlavə etsəm, xanım Klintonun Azərbaycana bu səfərini elə onların məntiqi davamı kimi qəbul etmək olar", - N.Məmmədov bildirmişdir.
Novruz Məmmədov onu da qeyd etmişdir ki, Azərbaycan çox mühüm bir regionda yerləşdiyi üçün bu əməkdaşlıq ABŞ-a böyük fayda verir və ABŞ regionla bağlı mühüm qərarların qəbulu zamanı Azərbaycanın da iştirakını məntiqli sayır. "Mən bu danışıqları çox yüksək qiymətləndirirəm və düşünürəm ki, ABŞ ilə əlaqələrimiz bundan sonra da davam edəcək. Bu səfər də buna öz töhfəsini verəcək".
O bildirmişdir ki, danışıqlar zamanı müzakirə olunan əsas mühüm məsələ, şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi.
"Hər iki tərəf bununla bağlı öz mövqeyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, o, ABŞ ilə əməkdaşlığa mühüm əhəmiyyət verir, bu əlaqələrin bütün istiqamətlərdə inkişafını yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan gözləyir ki, ABŞ da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllində mühüm rol oynasın. Əlbəttə, Azərbaycan Prezidenti təəssüflə qeyd etdi ki, bu illər ərzində gedən danışıqlar prosesi ilə bağlı Azərbaycanın atdığı addımların həmişə münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəlməsinə baxmayaraq, Ermənistan tərəfi hər dəfə məkrli planlar quraraq, hiyləgər addımlar ataraq, müəyyən bəhanələr gətirərək danışıqlar prosesini uzatmaqla məşğuldur".
"Lakin bu bəyanatlar hələlik nəticəsiz
qalıb və Azərbaycan Prezidenti də
bundan təəssüfləndiyini nəzərə
çatdırdı. Qeyd edim
ki, xanım Klinton Ermənistanda
olanda da bununla bağlı söhbət aparıb,
Bakıdakı danışıqlardan sonra
Türkiyədə də bununla
bağlı müzakirələr aparacaq.
Mənim gəldiyim nəticə ondan ibarətdir
ki, ABŞ artıq bu
prosesdə daha fəal iştirak
etmək istəyir. Məhz bu səbəbdən
də Azərbaycan Prezidentinin mövqeyini diqqətlə dinləyərək
münaqişənin həlli ilə bağlı yeni yanaşmaların axtarılmasının
lazım olduğunu bildirdi.
Hələlik bu
yanaşmaların nədən ibarət olduğunu
demək çətindir, amma indiyədək
atılan addımlar əgər bir nəticə
verməyibsə, bu o
deməkdir ki, yeni bir tələb və yanaşma
mütləq olmalıdır", - N.Məmmədov demişdir.
Azərbaycan.- 2012.- 8 iyun.- S. 3.