Dünyanın nüfuzlu nəşrləri ABŞ-ın
dövlət katibi Hillari
Klintonun Azərbaycana səfərindən
yazır
Avstraliyanın nüfuzlu "Business Spectator" elektron nəşrində ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ilə bağlı məqalə yerləşdirilmişdir.
Yazıda qeyd edilir ki, dövlət katibi Hillari Klinton ötən gün neft ilə zəngin olan Azərbaycana əlaqələri möhkəmləndirmək üçün getmişdir. Lakin xanım Hillari Klintonun səfəri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində toqquşmaların baş verdiyi ərəfəyə təsadüf edir. ABŞ-ın dövlət katibi Ermənistan və Azərbaycan sərhədində səkkiz nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi ərəfədə Bakıya gəlmişdir.
Məqalənin müəllifi iki postsovet ölkəsi arasında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz, Azərbaycanın torpaqlarını zəbt etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur ki, həll olunmamış qaldığını vurğulayır. Yazıda xanım Hillari Klintonun Yerevana səfəri zamanı, eləcə də Bakıda keçirdiyi görüşlərdə bu məsələyə dair dediyi fikirlər də əksini tapmışdır. Müəllif ABŞ-ın dövlət katibinin sözlərinə istinadla yazır ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Buna görə də güc tətbiq olunmamalıdır.
Yazıda bildirilir: "Baxmayaraq ki, 1994-cü ildə münaqişənin tərəfləri arasında atəşkəs rejimi ilə bağlı razılıq əldə olunmuşdur, lakin qoşunların təmas xəttində atəş səsləri hər gün eşidilir".
Müəllif yazır ki,
Türkiyə ilə sərhədlər bağlı olduğuna görə, Ermənistanda sosial-iqtisadi vəziyyət çox
ağırdır. Azərbaycan isə əksinə, gündən-günə
inkişaf edir, beynəlxalq
əlaqələri möhkəmləndirir.
***
ABŞ-ın
"Huffington Post" qəzetində isə xanım Hillari
Klintonun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ilə birgə keçirdiyi mətbuat konfransına yer
ayrılmışdır. Məqalədə bu mətbuat
konfransında Azərbaycanda aparılan demokratik islahatlar,
qanunun aliliyi ilə bağlı səsləndirilmiş fikirlər
əksini tapmışdır.
Müəllif E.Məmmədyarovun sözlərinə istinadla yazır ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün əlindən gələni edir. İnsan hüquqları sahəsində islahatların aparılması da müəyyən vaxt tələb edir. Bu, uzun prosesdir. Bunun üçün illər gərəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 8 iyun.- S. 3.