Azərbaycan nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Təşkilatının növbəti sessiyasında iştirak etmişdir

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 101-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olmuşdur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, tədbirdə məruzə ilə çıxış edən nazir F.Ələkbərov iqtisadi tənəzzülün nəticələrinin bir sıra dünya ölkələrinin iqtisadiyyatına, sosial inkişafına, siyasi quruluşuna ciddi təsir göstərdiyi bir vaxtda Azərbaycanda ədalətli iqtisadi-sosial modelin uğurla icra olunduğunu vurğulamışdır.

Respublikamızda sosial-iqtisadi tərəqqi dinamikasının davamlı xarakter aldığını, ölkədə əlverişli biznes mühitinin olduğunu diqqətə çatdıran nazir gənclərin məşğulluğunun təminatı, əhalinin dayanıqlı sosial təminat sisteminin qurulması, yeni yerlərinin yaradılması istiqamətində ölkəmizdə görülən işlər və əldə olunan müsbət nəticələr barədə məlumat vermişdir.

F.Ələkbərov qeyd etmişdir ki, həssas əhali qrupunun yoxsulluqdan qorunması və davamlı sosial təminatla əhatə  edilməsi üçün ölkəmizdə Sosial Dəstək Fondunun yaradılması ilə bağlı işlər aparılır. Bu sahədə beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirilir.

Səfər çərçivəsində F.Ələkbərov ilə BƏT-in yeni seçilmiş baş direktoru Qay Rayder arasında görüş keçirilmişdir.

Görüşdə nazir Azərbaycanda gənclərin sosial müdafiəsi və səmərəli məşğulluğuna xidmət edən ardıcıl və məqsədyönlü tədbirlər, idmanın inkişafı istiqamətində aparılan işlər barədə məlumat vermişQay Rayderi ölkəmizə səfərə dəvət etmişdir.

Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük maraq oyatdığını deyən Qay Rayder ölkəmizin inkişaf modelinin müsbət bir təcrübə olaraq bir çox dövlətlərə nümunə ola biləcəyini vurğulamışdır.  

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 3.