Rusiya XİN-in
nümayəndəsi: Ermənistan-Azərbaycan sərhədində
toqquşmalar Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair işi çətinləşdirir və bundan əvvəl əldə olunmuş
razılaşmaların pozulmasına gətirib
çıxarır
Rusiya Ermənistan-Azərbaycan sərhədindəki son toqquşmalardan narahatdır. Bunu RF-nin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç iyunun 7-də Moskvada bəyan etmişdir.
O demişdir: "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi barədə məlumat bizi rahatsız edir. Bizi xüsusilə əndişələndirən budur ki, bu ayın əvvəlindən təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında qurbanların sayı kəskin surətdə artmışdır. Dinc əhali arasında da zərərçəkənlər vardır. Biz bundan çıxış edirik ki, münaqişə tərəfləri atəşkəs haqqında 1994-cü il tarixli sazişə ciddi əməl etməlidirlər. İyunun 4-5-də baş vermiş toqquşmalar Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan işi yalnız çətinləşdirir və bundan əvvəl əldə olunmuş razılaşmaların pozulmasına gətirib çıxarır. Onlar Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu il yanvarın 23-də Soçidə verdikləri bəyanatların ruhuna ziddir. Bununla əlaqədar olaraq biz, gərginliyin bundan sonra da artırılmasını yolverilməz hesab edirik və Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfini münaqişənin sülh yolu ilə həlli üçün səyləri siyasi-diplomatik vasitələrdən istifadə etməklə davam etdirməyə çağırırıq.
A.Lukaşeviç bildirmişdir ki, Rusiya qarşılıqlı surətdə məqbul
olan qərarların axtarışına
ATƏT-in Mİnsk qrupunun
digər həmsədrləri ilə birlikdə zəruri
kömək göstərməkdə davam
edəcəkdir. O ümidvar
olduğunu bildirmişdir
ki, Azərbaycan və Ermənistan
prezidentlərinin iyunun 18-də Parisdə
planlaşdırılmış
görüşü vəziyyəti
sakitləşdirəcək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin
əsas prinsiplərinin tənzimlənməsi və razılaşdırılması yolu ilə irəliləməyə imkan verəcəkdir.
Azərbaycan.- 2012.- 8 iyun.- S. 4.