Macarıstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Dövlət Bayrağı
Meydanından zəngin təəssüratla
ayrılmışdır
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 7-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə macarıstanlı qonaqlara Prezident İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metr, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginness dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
M.Cöncösinin rəhbərlik etdiyi nümayəndə heyəti Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginness dünya rekordları təşkilatının Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
M.Cöncösin muzeyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Qonaq Dövlət
Bayrağı Meydanından zəngin təəssüratla
ayrılmışdır.
Azərbaycan.- 2012.- 8 iyun.- S. 4.