“ATƏT - dəyişən region” adlı hesabatda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə də
yer ayrılmışdır
Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsində qoşunların təmas xəttində insan tələfatı davam edir və regionda gərginlik əvvəlkindən də yüksək olaraq qalmaqdadır.
AzərTAc xəbər verir ki, bu fikirlər ATƏT Parlament Assambleyasının (PA) Litvadan olan məruzəçisi Vilii Aleknayte-Abramikenenin hazırladığı hesabatda əksini tapmışdır.
Hesabat ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin iyulun 5-dən 9-dək Monakoda keçiriləcək 21-ci illik sessiyasında müzakirə ediləcəkdir.
"ATƏT - dəyişən region" adlı hesabatda ATƏT məkanında təhlükəsizlik məsələləri, o cümlədən həlli uzadılmış münaqişələrlə bağlı vəziyyət əks olunmuşdur. Sənəddə vurğulanır ki, həlli uzadılmış münaqişələr yenə də regionda təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə törətməkdədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat tərəfləri sülh sazişi üzərində işi davam etdirməyə çağırmışdır: "Bu istiqamətdə ilk addım atəşkəs rejiminə riayət etmək və snayperləri qoşunların təmas xəttindən geri çəkmək olardı. Münaqişə zonasında baş verən insidentlərin araşdırılması da son dərəcə vacibdir".
Hesabatın komitədə müzakirəsinin nəticələrinə
əsasən ATƏT PA-nın Monakoda
keçiriləcək illik sessiyasında
bəyannamə qəbul olunacaqdır.
Azərbaycan.- 2012.- 8 iyun.- S. 4.