Azərbaycan insan və vətəndaş hüquq
və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
Avropa Parlamentinin qərarı birmənalı şəkildə
Azərbaycana qarşı qeyri-obyektivliyin bariz nümunəsidir
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qərarı ölkəmizdə təəssüf doğurub. Bu qərar qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən sənəd olmaqla Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir.
Ölkəmiz adıçəkilən təşkilatla 1993-cü ildə diplomatik münasibətlər qurmuşdur. Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələrinə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini qarşıya qoyur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur. 2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir.
Avropa Şurasının üzvü, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının fəal iştirakçısı kimi Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürmüşdür və bu öhdəlikləri ardıcıl surətdə yerinə yetirmək üçün əzmlə çalışır. Azərbaycanın Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir. Konstitusiyanın üçdəbir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Demokratik, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi üçün genişmiqyaslı işlər müntəzəm həyata keçirilir.
İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi, "Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında", "Məlumat azadlığı haqqında", "Gender bərabərliyinin təminatları haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq edirlər. Qeyd etmək yerinə düşər ki, göstərilən Məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı"nda nəzərdə tutulan tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimi, "İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında" Avropa Konvensiyasından və "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.
Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. Bu il aprel ayının əvvəllərində Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyası Bakıda keçirilmişdir. İclasda insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunmuş, Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilmiş və müvafiq sənədlər qəbul edilmişdir. İndiyədək Avropa Parlamenti Azərbaycana dair qəbul etdiyi bir neçə qətnamədə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir.
Avronest Parlament Assambleyasının Bakıda təşkil olunan iclasından bir ay keçmiş Avropa Parlamentinin 754 deputatından yalnız 49 nəfərinin səsverməsi ilə Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi paradoks yaratmaya bilməz. Avropa Parlamentinin başqa dairələrin təsiri altında olan bir qrup deputatının Azərbaycanın əleyhinə qərar qəbul etməsi son dərəcə təəssüf hissi doğurur. Bu qərar birmənalı şəkildə Azərbaycana qarşı qeyri-obyektivliyin bariz nümunəsidir.
Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması vəziyyəti heç də qətnamədə təsvir edildiyi kimi deyildir. Ölkədə hər bir şəxsin və siyasi qüvvənin ifadə və toplaşma azadlığı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təmin edilir. Xalq arasında heç bir nüfuzu olmayan, siyasi iflasa uğramış bəzi siyasi partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən qeyri-qanuni aksiyalarının qarşısının alınması demokratiyanın pozulması, insan hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir. Avropanın qabaqcıl dövlətlərində də qanunsuz aksiyaların qarşısını almaq, ictimai asayişi qorumaq üçün qanunla nəzərdə tutulmuş bütün üsullar tətbiq edilir. Qətnamədə siyasi mülahizələrə görə həbsə alındıqları iddia olunan şəxslər siyasi mülahizələrə görə deyil, konkret qanuna zidd cinayət əməllərinə görə məhkəmənin qərarı ilə məhkum edilənlərdir.
Azərbaycanda ifadə və informasiya azadlığının həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır. Bu sahədə vəziyyəti təsəvvür etmək üçün bircə faktı qeyd etmək kifayətdir ki, bu gün 9 milyon əhalisi olan bir ölkədə 4600-dən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçmişdir. Ölkə üzrə 9 telekanal, 14 regional televiziya, 14 radio yayımlanır və 14 kabel televiziyası, 50-dən çox informasiya agentliyi işləyir. 20-dən çox internet televiziyası, 50 xəbər portalı (30-u daimi) elektron kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir. 40 qəzet hər gün, 200-dən çox qəzet isə həftədə və ya ayda 2 dəfə çıxır. Ölkədə 112 jurnal nəşr edilir, regionlarda 100-dən çox qəzet çıxır. Azərbaycanda 30-dan çox jurnalist təşkilatı, qəzet və jurnalların satışı üzrə 23 yayım şirkəti var.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və son 9 ildə inamla davam etdirilən hüquq islahatları nəticəsində respublikamız insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar isə ötən 20 ildə respublikamızda hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını söyləməyə ciddi əsas verir. Əlbəttə, müstəqil Azərbaycan bu sahədə əldə olunan müsbət nəticələrlə də kifayətlənmir, cəmiyyətin inkişaf tempinə, iqtisadi islahatların sürətinə, vətəndaşların ictimai şüur səviyyəsinə adekvat olaraq bu sahədə yeni-yeni addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız hüquqi və siyasi mühitin liberallaşdırılması, hər bir fərdin maraq və mənafeyinin qanunla müəyyən olunmuş şəkildə qorunması sahəsində yeni nailiyyətlərə imza atacaqdır.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 8 iyun.- S. 5.