Azərbaycan Avropada mütərəqqi məhkəmə-hüquq sisteminə malik ölkə kimi tanınır

 

Avropa Hakimlər Assosiasiyasının Niderlandda keçirilən iclası bunu bir daha təsdiqləmişdir

 

Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) adətən hər il may ayına təsadüf edən illik iclası bu dəfə Niderlandın paytaxtı Amsterdamda keçirildi. Özünəməxsus ənənələrə, zəngin mədəniyyətə malik dövlət olan Niderland Krallığı təşkilatçı kimi tədbirin yüksək səviyyədə keçməsini təmin etmişdi: 150-yə qədər qonağın müasir otellərdə yerləşdirilməsi, onların normal işləməsinə, şəhərlə tanışlığına, istirahətinə lazımi şəraitin yaradılması yüksək təşkilatçılıqla yanaşı, həm də qonaqpərvərlikdən xəbər verirdi.

İclasın gündəliyi kifayət qədər geniş və rəngarəng idi: AHA-nın İstanbul görüşünün (2011) protokollarının təsdiqlənməsi; AHA prezidentinin məruzəsi; bəzi ölkələrdə məhkəmə sahəsindəki problemlərin müzakirəsi; BHA-nın Nizamnaməsinə düzəlişlərin edilməsi; "Brüsselə gedən yollar" adlı işçi qrupun hesabatı və cari məsələlər.

İstanbul protokolları təsdiqləndikdən sonra AHA prezidenti, Beynəlxalq Hakimlər Assosiasiyasının birinci vitse-prezidenti Gerhard Reissner geniş hesabat məruzəsi ilə çıxış etdi. AHA prezidenti Slovakiyanın məhkəmə hakimiyyəti ilə icra qurumu arasında yaranmış gərginliyin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışaraq İstanbul iclasında Serbiyada hakimlərin vəziyyəti ilə bağlı qəbul edilmiş qətnamənin icrası barədə də məlumat verdi. Gerhard Reissnerin bildirdiyinə görə, qətnamədə həmin ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyinə təhdidlərin mövcudluğu narahatlıqla vurğulanmışdır. Digər bir sıra Avropa ölkələrinin, xüsusilə Polşa, Macarıstan və Yunanıstanın məhkəmə hakimiyyəti sahəsində problemlərindən söz açan AHA prezidenti haqlı narahatlıq doğuran məsələlərin bundan sonra da xüsusi diqqət mərkəzində saxlanılacağını bildirdi. Gerhard Reissner məruzəsində assosiasiyanın iştirakçısı olduğu beynəlxalq tədbirlər, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və işçi qrupların fəaliyyəti barədə də söhbət açdı. Həmçinin Beynəlxalq Hakimlər Assosiasiyasının Nizamnaməsinə dəyişikliklərin layihəsi, növbəti iclasların yeri və gündəliyi barədə məlumat verdi.

AHA prezidentinin məruzəsi açıq-aşkar göstərirdi ki, bir sıra Avropa ölkələrində məhkəmələrin müstəqilliyini məhdudlaşdıran, onların statusunu zəiflədən, sosial vəziyyətlərini ağırlaşdıran qanunlar qəbul edilir. İqtisadi böhranla bağlı hakimlərin maaşlarının azaldılması da müəyyən narahatlıqlar doğurur. Polşa, Serbiya, Macarıstan və Yunanıstanda bu baxımdan vəziyyətin ağırlığı təəssüflə qeyd olundu. Həmçinin bildirildi ki, bu problemlərin həllinə çalışan AHA həmin ölkələrin müvafiq dövlət strukturları ilə fəal şəkildə danışıqlar aparır.

Məruzəçi İstanbul iclasından ötən bir ildə assosiasiyanın beynəlxalq əlaqələrinin daha da genişləndiyini, 2011-ci il oktyabrın 10-da qurumun təmsilçilərinin Brüsseldə Avropa qurumları ilə faydalı görüşlər keçirdiyini diqqətə çatdırdı.

AHA prezidenti çıxışında qurumun nümayəndə heyətinin 2011-ci il noyabrın 9-10 tarixlərində Avropa hakimlərinin Məşvərət Şurasının 12-ci plenar iclasında iştirak etdiyini, tədbirdə "Ədliyyə və informasiya texnologiyaları" mövzusunda geniş müzakirələrin aparıldığını, şuranın bu il ərzində məhkəmələrin ixtisaslaşması ilə bağlı xüsusi rəy hazırlayacağını diqqətə çatdırdı.

2011-ci ilin dekabrında qurumun "Brüsselə gedən yollar" İşçi Qrupunun iclası keçirilmiş, eyni zamanda AHA təmsilçiləri Haaqada təşkil olunmuş "Beynəlxalq əməkdaşlıqda qanunun rolunun artırılması və yayılması istiqamətində hakimlər birliklərinin rolu və vəzifələri" adlı konfransda iştirak etmişlər. Gerhard Reissner məruzəsində həmçinin 2011-ci ilin dekabrında Mühakimə Səmərəliliyi üzrə Avropa Komissiyasının 18-ci plenar iclasının keçirildiyini bildirdi. Onu da əlavə etdi ki, tədbirdə Avropa BirliyininAvropa Şurasının birgə iştirakı ilə Azərbaycan, Ermənistan, Gürcüstan, MoldovaUkraynada "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində geniş və təsirli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.

Konfransın birinci gününün sonunda tədbir iştirakçılarının Haaqa şəhərinə səfəri təşkil olundu. Niderland Krallığının təhlükəsizlik və ədliyyə naziri İ.V.Opsteltenin iştirakı ilə qonaqlar üçün təşkil edilmiş ziyafət rəsmi və qeyri-rəsmi görüşlər üçün yaxşı fürsət oldu.

Konfransın ikinci günü də gərgin və səmərəli müzakirələr şəraitində davam etdi, tədbirdə "AHA-nın bəyannamə hazırlama proseduru", "AHA-nın Avropa Şurası və Avropa Birliyi ilə əməkdaşlığı", "Mərkəzi Şura görüşlərinin gündəliyi", "Büdcə məlumatları", "Gələcək iclasların vaxtı və yeri" və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

Xatırlatmaq yerinə düşər ki, 300-dən çox hakimi sıralarında birləşdirən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) dünyadakı mövcud analoji qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığı və təcrübə mübadiləsini fəaliyyətində prioritet məsələlərdən biri hesab edir. Bu məqsədlərə nail olmaq, beynəlxalq əlaqələrini daha da genişləndirmək, xarici məhkəmə təcrübəsini öyrənmək üçün assosiasiyamız hakimlərin beynəlxalq qurumları ilə fəal əməkdaşlıq edir.

Son illərdə Azərbaycan nümayəndə heyəti BHA-nın Mərakeş, Fransa, Malta və Türkiyədə keçirilən illik iclaslarında iştirak edib. Bu səfərlərin hər biri ölkəmizin mütərəqqi hüquq sisteminin təbliği və dünyada tanıdılması baxımından əhəmiyyətli olub. Eyni zamanda, müşahidələrimiz göstərir ki, bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən mükəmməl qanunvericilik sistemi mövcuddur.

Niderland səfəri zamanı ölkəmizin və onun hüquq sisteminin inkişafı haqqında müsbət fikirlər eşitmək çox xoş idi. Müxtəlif ölkələrdən olan hakimlərlə söhbətlərdə Azərbaycanda həyata keçirilən mütərəqqi hüquqi islahatları barədə ətraflı məlumat verildi. Bildirildi ki, ölkə Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın qabaqcıl təcrübəsinə əsaslanan üçpilləli model üzrə formalaşdırılmışdır.

Çıxışlarımızda onu da bildirdik ki, 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", "Hakimlərin Etik Davranış Kodeksi", məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişuğurla tətbiq olunmaqdadır. Xüsusilə, aparılmış islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan, tərkibi əsasən hakimlərdən ibarət Məhkəmə-Hüquq Şurasının hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərlə bağlı səmərəli fəaliyyəti haqqında ətraflı məlumat verdik.

İkitərəfli görüşlərdə bildirdik ki, son illərdə 2500 nəfər hakimliyə namizəd arasından 225 nəfər hakim test üsulu ilə şəffaf və obyektiv şəraitdə seçilərək Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında vəzifəyə təyin olunmuşlar, hazırda bu iş uğurla davam etdirilir. Hakimlərin sosial vəziyyətinin, şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Regionlarda yeni inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələrinin yaradılması, hakimlərin sayının artırılması, yükünün azaldılması, hər bir hakimə əlavə olaraq köməkçi ayrılması vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarını asanlaşdırmış, bölgələrdə hüquq təsisatlarının inkişafına təkan vermiş, ümumilikdə məhkəmələrin, hakimlərin fəaliyyətinin səmərəliliyini yüksəltmişdir.

Maraqlı təəssüratlarla, səmərəli görüş və müzakirələrlə yadda qalan səfərdən ümumi qənaətimiz bu oldu ki, respublikamızda ardıcıl və sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatları beynəlxalq miqyasda diqqətlə izlənir, təqdir olunur. Avropada hesab edirlər ki, Azərbaycan son illərdə təkcə iqtisadi deyil, demokratikləşmə, insan hüquq və azadlıqlarının təmini sahəsində də böyük uğurlar qazanır.

 

 

Ələddin CƏFƏROV,

Azərbaycan Respublikası

Ümumi Məhkəmə Hakimləri

Assosiasiyasının sədri, Yasamal

Rayon Məhkəməsinin sədri

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 5.