Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətinin Bakıda görüşləri davam edir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəvəti ilə ölkəmizdə səfərdə olan Lord Şeyx Mohamed İltaf, Lord Patel Kamleş Kumar, Lord Dük Hugh Con Maksvell, Lord Risbi Riçard Con Grenvilldən ibarət Böyük Britaniya nümayəndə heyəti görüşlərini davam etdirir.

Xəbər verdiyimiz kimi, iyunun 5-də nümayəndə heyəti gənclər və idman naziri Azad Rəhimov ilə görüşmüşdür.

Görüşdə qonaqlara Azərbaycanda həyata keçirilən gənclər siyasəti, yeni yaradılmış Gənclər Fondunun fəaliyyəti, eləcə də idmanın inkişafına dövlət qayğısı, bu sahədə əldə olunan uğurlar, Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilmişdir.

Həmin gün lordlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla da görüşmüşlər.

Görüşdə Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh şəraitində yaşadıqları, onlara münasibətdə yüksək səviyyəli tolerantlığın mövcud olduğu bildirilmişdir.

İyunun 6-da nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Valeh Ələsgərovla, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşmüşlər.

Görüşlərdə Milli Məclis ilə Böyük Britaniya parlamentinin Lordlar Palatası arasında əlaqələrin genişləndirilməsinin, deputatların qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilmişdir. 

İyunun 6-da Böyük Britaniyanın nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşmüşdür.

Nazir qonaqlara Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir.

Keçirilmiş bütün görüşlərdə nümayəndə heyətinin üzvləri ölkəmizə səfər etmələrindən məmnunluqlarını bildirmiş, Azərbaycan həqiqətlərinin Böyük Britaniya ictimaiyyətinə çatdırılması üçün səy göstərəcəklərini demişlər.

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 9.