Əməkdaşlığın yeni üfüqləri görünür

 

 Builki neft-qaz sərgisinin statistikası çox maraqlıdır. Tədbirdə 35 ölkənin 300-dən çox şirkətinin iştirak etdiyi və ümumilikdə sərgi ekspozisiyasının 15 faiz artdığı barədə artıq məlumat verilib. Sərgi haqqında təsəvvür yaradan digər rəqəmlər də diqqəti cəlb edir. Belə ki, sərgi ərazisinin 40 faizini dünyanın tanınmış şirkətləri tutur və onların əksəriyyəti "Caspian Oil and Gas"ın daimi iştirakçısıdır. Ekspozisiya sahəsinin 59 faizində xarici şirkətlərin pavilyonları yerləşir. Bunlar Almaniya, Rusiya, Böyük Britaniya, Türkiyə, Çin və digər ölkələrin şirkətləridir. Yerlərin 41 faizi isə Azərbaycan müəssisələri və xarici şirkətlərin buradakı nümayəndəlikləri üçün ayrılıb.

Sərginin nüfuzunun artdığını vurğulayan bir fakt da budur ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərmiş yeni iştirakçılar tutur. Yaxın, yaxud uzaq xaricdən gəlməklərinə, tanınmış, yaxud təzəcə addım atan müəssisələri təmsil etməklərinə baxmayaraq, iştirakçıların hamısı birmənalı olaraq təşkilat işlərindən razıdır. Onlar "Caspian Oil and Gas"ın rahatlığını qeyd etməklə yanaşı, faydalı olduğunu, gələcək əməkdaşlıq əlaqələri üçün yeni yollar açdığını vurğulayırlar.

Hər il olduğu kimi, Rusiya şirkətləri yenə də fəaldırlar. Bu ölkənin milli qrupu üçün pavilyonlar sərgi açılmazdan xeyli əvvəl sifariş edilib. Bu pavilyonların birində TMK Ticarət evinin departament direktorunun müavini Yevgeni Rasskazovla həmsöhbət olduq. O dedi:

- TMK neft-qaz sənayesi üçün boru istehsal edən və məhsulunun həcminə görə dünyada aparıcı yerlərdən birini tutan şirkətdir. TMK şirkətimizin bütöv adını bildirən Trubno-Metallurgiçeskaya Kampaniya (Boru-Metallurgiya Kampaniyası) sözlərinin baş hərfləridir. Bizim boruları Azərbaycanda da yaxşı tanıyırlar. Odur ki, burada nümayəndəliyimiz fəaliyyət göstərir. Hər il ARDNŞ-nin sifarişi ilə, eləcə də pərakəndə satış üçün Azərbaycana borular göndəririk. Ona görə də çalışırıq ki, hər dəfə bu sərgiyə düşək. Bura bizim üçün planlaşdırılmış görüş yeridir. Düzünü deyim ki, biz bu sərgiyə müstəsna tədbir kimi deyil, bir proqram, yaxud iş kimi baxırıq. Bu il də iştirakımızı əvvəlcədən planlaşdırmışdıq. Şirkətimizdən fərqli olaraq mən Bakıda keçirilən neft-qaz sərgisində birinci dəfədir iştirak edirəm. Digər yerlərdə iştirakçısı olduğum analoji sərgilərlə müqayisədə deyə bilərəm ki, burada təşkilatçılıq yüksək səviyyədədir. Sahə düzgün qurulub - həm ziyarətçilər üçün, həm də sərgidə işləyənlər üçün çox rahatdır.

Ən böyük pavilyonlardan birində yenə də ABŞ-ın "MakDermott" şirkəti öz nailiyyətlərini nümayiş etdirir. Bu şirkətin Azərbaycandakı filialının - "MakDermott Caspian Contraktors. İnk"in dövlət orqanları ilə əlaqələr üzrə direktoru Mehman Mehdiyev həm sərgi, həm də çalışdığı müəssisənin son işləri barədə məlumat verdi:

- "MakDermott" Azərbaycana 1995-ci ildən gəlib. Elə həmin vaxtdan da bir-iki sərgi istisna olmaqla, qalanların hamısında iştirak etmişik. Həmişə olduğu kimi, yenə də onun təşkilindən razıyıq. Burada indiyədək Azərbaycanda həyata keçirdiyimiz layihələr barədə ziyarətçilərə məlumat veririk. Belə layihələr isə çoxdur. "Çıraq", "Azəri", "Dərinsulu Günəşli", "Bahar" yataqları üçün qurğular tikmiş, sualtı kəmərlər çəkmiş, dalğıc işləri görmüşük. Hazırda əsasən bir layihə üzərində işləyirik. Bu, ÇNL - Çıraq Neft Layihəsidir. İndi sualtı kəmərlərin çəkilişi üçün hazırlıq görülür. Bu ilin ortalarından kəmərlərin çəkilişinə başlanacaq. Bunlar yataqdaxili kəmərlər olacaq, onların ümumi uzunluğu 32 kilometrdir. Borular artıq xaricdən gətirilib. Bu işi yenə də "İsrafil Hüseynov" borudüzən barjı həyata keçirəcək. İndi gəmi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun körpüsündədir, gələcək işlər üçün modernləşdirilir. Boruların düzülməsini tez bir zamanda başa çatdırmağı planlaşdırırıq. Bütün bunlar barədə ziyarətçilərə, işlərimizlə maraqlanan, bizimlə  əməkdaşlıq əlaqələri yaratmaq istəyən şirkətlərin mütəxəssislərinə məlumat veririk. Ətrafa baxıram, builki sərgi ərazi sarıdan da genişdir. Baxın, keçən il onun sahəsi bu pavilyonun ortasında bitirdi. Odur ki, bu il ekspozisiya sahəmizə gəlib-gedənlər də çoxdur. Podratçı, subpodratçı, təchizatçı şirkətlər bizə müraciət edirlər. Bu isə o deməkdir ki, əməkdaşlığın yeni üfüqləri görünür.

ABŞ-ın PPG Protective and Marine Coatings şirkətinin Xəzər regionu üzrə nümayəndəliyi ölkəmizdə yerləşir. Müəssisənin texniki satış müdiri Nazim Allahverdiyev sərgidə iştirak etməyin onların işlərinə müsbət mənada təsir göstərdiyini bildirdi:

- PPG-nin Azərbaycandakı ofisi bütün Xəzər regionunu əhatə edir. Burada Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan da təmsil olunur. Əvvəla qeyd edim ki, PPG boya və qoruyucu örtüklərin istehsalı üzrə dünyada lider şirkətlərdən biridir. O, boru kəmərləri, polad buruqlar üçün boya və örtüklər istehsal edir. Şirkətin dünyada 40 zavodu var. Azərbaycana məhsul Belçikadan və Dubaydan gəlir. Dubayda istehsal sahəsi olmasa da, məhsul anbarı var. İstəyirik Xəzər regionunda da istehsala başlayaq. Amma bu, hələ ideyadır. Fikirləşirik ki, iqtisadi və coğrafi cəhətdən bu, harada daha əlverişli olar. Azərbaycanda iki ildir fəaliyyət göstəririk. Burada SOCAR, bp, "Saypem", "Şevron", "Şell" və digər şirkətlərlə əməkdaşlıq edirik. Biz elə bu il Özbəkistanda, Qazaxıstanda keçirilən neft-qaz sərgilərində də iştirak etmişik. Bakıdakı sərgi "Expo Center" kimi münasib bir mərkəzdə keçirilməsi ilə fərqlənir. Bir də ki burada dünyanın ən aparıcı şirkətləri toplaşıb. Deməli, yeni tanışlıqlar, gələcək əlaqələr üçün münbit şərait var.

Adətən sərgi dedikdə maraqlı stendlər, cəlbedici ekspozisiyalar, bir qədər geniş mənada düşündükdə isə hansısa sahənin, konkret müəssisələrin nailiyyətlərinin nümayişi göz önünə gəlir. Artıq ənənəyə çevrilmiş və gələn il 20-ci dəfə keçiriləcək Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisini isə bütün bunlardan əlavə daha bir mühüm xüsusiyyət fərqləndirir. Bu onun işgüzar xarakteri, əməkdaşlıq və tərəfdaşlıq üçün yeni yollar açmasıdır. "Xəzər neft-qaz-2012"-nin iştirakçılarının hamısı - sərgidə birinci, yaxud 19-cu dəfə iştirak etməklərindən asılı olmayaraq - bunu dönə-dönə təsdiqləyirlər.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 10.