Xalq yazıçısı Anarın Dədə Qorqud povesti Moskvada üçüncü dəfə nəşr edilmişdir

 

Azərbaycanın xalq yazıçısı Anarın "Dədə Qorqud" povesti Moskvadakı  "Mərcani" nəşriyyat evi tərəfindən nəfis şəkildə çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, xalq rəssamı Toğrul Nərimanbəyovun yeni əlvan tərtibatı kitabın aktuallığını daha da artırır. Nəşrə həmçinin  Moskvada yaşamış mərhum azərbaycanlı türkoloq, filologiya  elmləri doktoru  Xalıq Koroğlunun vaxtilə yazdığı mətn "Öz söz" kimi verilmişdir. Anarın əsərinin orijinallığını və eyni zamanda "Kitabi Dədə Qorqud"un  ruhuna və məzmununa uyğunluğunu yüksək qiymətləndirən alim yazmışdır: "Faktiki olaraq, Anar oğuzların epik tarixini ümumiləşdirmiş, onların taleyini, həyatını, hansı ideallarla yaşadıqlarını bədii cəhətdən mənalandırmışdır".

Kitaba D.D.Vasilyevin və T.A.Anıkıyevanın həm "Kitabi Dədə Qorqud" dastanı, həm də Anarın povesti ilə bağlı mülahizələri və şərhləri əlavə edilmişdir.

Bu, Anarın "Dədə Qorqud" povestinin Moskvada üçüncü nəşridir. Əvvəlki iki nəşrlər "Detgiz" nəşriyyatı tərəfindən böyük tirajla çap edilmişdir.

Anarın həmin əsəri ayrıca kitab şəklində mərhum  akademik Həmid Araslının "Ön söz"ü ilə Bakıda Azərbaycan və rus dillərində beş dəfə, İranda Azərbaycan və fars dillərində iki dəfə, habelə Türkiyədə görkəmli türkoloq Osman Sərtqayanın "Öz söz"ü ilə "Ötükən" nəşriyyatında və İsveçrədə işıq üzü görmüşdür.

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 11.