Dəmir
Yollarının Əməkdaşlığı Təşkilatının
Bakıda keçirilən 40-cı sessiyasında əlaqələrin
genişləndirilməsi əsas müzakirə mövzusu olmuşdur
İyunun 7-də Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin 40-cı sessiyası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn sessiya iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Tədbir Bilgəh qəsəbəsindəki "Jumeirah Bilgah Beach Hotel"də davam etdirilmişdir.
Sessiyada DYƏT-in 2011-ci il üçün fəaliyyətinin hesabatı, qurumun təftiş, nəqliyyat siyasəti, inkişaf strategiyası, nəqliyyat hüququ və digər komissiyalarının hesabat dövründəki fəaliyyəti, eləcə də qurumun 2013-cü və qarşıdakı illər üçün fəaliyyət proqramı ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur.
"Azərbaycan Dəmir yolları" QSC-nin sədri Arif Əsgərov tədbirin əhəmiyyətini vurğulamış, dəmir yolu nəqliyyatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu istiqamətdə əlaqələrin genişləndirilməsi regionda, həmçinin DYƏT ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və azad ticarət münasibətlərinin qurulmasında əhəmiyyətli rol oynayacaqdır.
Nəqliyyat nazirinin müavini Musa Pənahov qeyd etmişdir ki, sessiyada DYƏT-in üzvü olan 21 dövlətin nümayəndəsi iştirak edir. Məqsəd bu ölkələr arasında dəmir yolu nəqliyyatı sahəsində münasibətlərin mövcud durumunu təhlil etmək, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirməkdir.
Nazir müavini həmçinin nəzərə çatdırmışdır ki, Azərbaycanda yaxın 5 il üçün dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilmişdir. Proqrama əsasən, dəmir yolu nəqliyyatı infrastrukturu tamamilə yenilənəcəkdir. Respublikamız mühüm nəqliyyat dəhlizləri strukturlarının inkişaf edirilməsi sayəsində həyata keçirilən layihələrin fəal iştirakçısıdır. Beynəlxalq layihələrdə Azərbaycanın iştirakı isə ölkəmizə yük daşınmasının həcminin artırılması ilə yanaşı, nəqliyyat dəhlizlərinin səmərəliliyinin yüksəldilməsinə münbit şərait yaradır.
DYƏT komitəsinin sədri Şozda Tadeuş sessiyanın gündəliyi və müzakirəyə çıxarılacaq məsələlər barədə məlumat vermişdir.
Daha sonra komitə sədri Şozda Tadeuşun DYƏT-in 2011-ci il üçün fəaliyyətinin hesabatı ilə bağlı məruzəsi və sessiya iştirakçılarının çıxışları dinlənilmişdir.
Sessiya DYƏT-in üzvü olan dövlətlər arasında əməkdaşlıq protokolunun imzalanması ilə başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 8 iyun.- S. 11.