Həyatın himni - ömrün sevinci
1 İyun Uşaqları Beynəlxalq
Müdafiə Günüdür
Harada uşaq varsa, orada səmimiyyət, sevinc, ümid böyük olur. Uşaqsız ömür qaranlıq, həyat isə mənasızdır. Ta bineyi-qədimdən bu günə kimi uşağa həmişə məhəbbətlə yanaşılır, onu sevgi və qayğı ilə əhatə etməyə çalışırlar. Əlbəttə, müəyyən istisnalar da var. Bəzən ayrı-seçkilik, uşağa ögey münasibət, onun qədrini bilməmək, vaxtsız qəzalar, qəfil qadalar, müharibələr, terrorlar, münaqişələr və bir sıra xoşagəlməz olaylar körpə fidanların sevincini əlindən alır, onları ata-ana nəvazişindən ayrı salır. Bəzən də nadanlıq ucbatından uşaqlar öz doğma valideynlərinin himayəsindən məhrum olurlar.
Bu günə kimi qəbul edə bilmədiyimiz və Azərbaycanın milli adət-ənənəsinə, mentalitetinə uyğun gəlməyən uşaq evlərinin mövcudluğu ürəyimizi ağrıdır. Dünyanın bütün var-dövlətini, qayğısını, təbəssümünü, hətta balacaların çox sevdiyi oyuncaqların hamısını bu məkanlara doldurmaq mümkün olsa belə, onların gözlərindəki nisgili silmək müşküldür. Yəqin fikir veribsiniz ki, uşaq evlərində tərbiyə alan bu günahsızların baxışlarından daim əskik olmayan bir xiffət duyulur.
Ötən əsrin 50-ci illərindən bütün dünya 1 iyunu Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd edir. Uşaqların hüquqlarının qorunması indi dünya əhəmiyyətli bir məsələdir. Fərəhli haldır ki, Azərbaycanda uşaqların müdafiəsi mexanizminin təşkili ilə bağlı bir sıra irəliləyişlər var. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra uğurlu addımlar atılıb. Eləcə də Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması ölkəmizdə uşaqların hüquq və azadlıqlarının qorunması daha da möhkəmlənmiş, bu istiqamətdə birgə səylərin artırılması üçün geniş imkanlar açılmışdır. Xüsusilə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti böyük önəm daşıyır. Azərbaycanda uşaqların müdafiəsi sistemində müəyyən edilmiş islahatların yerinə yetirilməsində aidiyyəti təşkilatlar, qurumlar, nazirliklər də öz dəstəklərini əsirgəmirlər.
2009-cu ilin oktyabrında Bakıda "Gülüstan" sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı üzrə ikigünlük milli konfrans keçirildi. Həmin konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında çox vacib mətləblərə toxundu. Sivilizasiya və mədəniyyətlərin toqquşması, eləcə də dünyada baş verən hərbi münaqişələr, texnogen faciələr, iqlim dəyişməsi, xəstəliklər və digər problemlər uşaqların taleyindən izsiz keçmir. Belə olan halda onlar təkcə fiziki cəhətdən deyil, mənəvi baxımdan da şikəst olurlar. Bəzən də ata-anasından, ailə mühitindən ayrı düşən uşaqlar müəyyən mənəvi dəyərlərdən də təcrid olunurlar. Azərbaycan xalqının özünəməxsus gözəl adətlərindən biri də övlada xüsusi diqqət və məhəbbətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz nitqində məhz bu mənəvi dəyərlərin qüdrətindən söz açdı: "Bu gün Azərbaycan qadını, demək olar ki, ölkəmizin həyatının bütün sahələrində çox fəaldır və həm dövlət qurumlarında, həm özəl sektorda bir sıra nailiyyətlər əldə edibdir. Bu gün Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm ki, hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir".
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın söylədiyi kimi, heç də bütün uşaqların hamısı valideyn himayəsində yaşamır. Təəssüf ki, bu qayğıdan məhrum olanlar və dövlət tərbiyə müəssisələrində böyüyənlər də var. Qədərin bu ağır zərbələrinə tuş gəlmiş uşaqlar o qədər zərif və aciz olurlar ki, onlar heç zaman talelərini özləri təkbaşına düzgün müəyyən edə bilməzlər. Bu balacaların böyüklərdən, onların qayğısından, başlıcası isə məhəbbətlərindən asılılığı çoxdur. Bu baxımdan Mehriban xanım Əliyeva haqlı olaraq həyəcan təbili çalır ki, bu cür uşaqların həyatı və gələcəyi bizim hamımızı narahat etməli, hamımızı düşündürməlidir. Məhz bu baxımdan Heydər Əliyev Fondunun uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirməsi, həmin sahələrə qayğısını daha da artırması diqqət çəkir. Bu Fond, demək olar ki, yarandığı gündən valideyn himayəsindən məhrum olmuş, dövlət müəssisələrində böyüyən uşaqların taleyini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ata-ana himayəsindən məhrum olan uşaqlar bu gün Mehriban xanım Əliyevaya mənəvi Ana kimi baxırlar. Bu da səbəbsiz deyil. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 40-a yaxın dövlət müəssisəsi əsaslı təmir edilərək avadanlıqlarla təchiz olunub. Tez-tez uşaqların qonağı olan, vaxt tapan kimi onlara baş çəkən Mehriban xanım Əliyeva çalışır ki, bu uşaqlarla həmişə ünsiyyət qursun. Onların problemləri ilə maraqlanır, asudə vaxtlarının səmərəli keçməsi üçün diqqət və məhəbbət göstərir. Fondun təşəbbüsü ilə bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Əlbəttə, belə evlərin keyfiyyətli tikilməsi, orada peşəkar insanların çalışması, uşaqlara diqqətin artırılması çox yaxşı haldır. Amma yenə də narahatlıq doğuran səbəb var. Son illər bu müəssisələrdə uşaqların sayı artmaqdadır. Mehriban xanım Əliyeva söyləyir: "Heydər Əliyev Fondu bu sahədə beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq qurur və bir sıra proqramlar həyata keçirir. Dövlət tərəfindən bu sahədə çox vacib addımlar atılır və gələcəkdə görülən işlər də planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuş plana əsasən, bir il ərzində 11 dövlət uşaq müəssisəsinin, 3-5 il ərzində isə 44 müəssisənin transformasiyası həyata keçiriləcək".
Əgər biz söyləyiriksə ki, uşaqlar bizim gələcəyimiz, Azərbaycanın sabahıdır, onların problemlərinə də biganə qalmamalıyıq. Bizim məhəbbətimizə, qayğımıza ehtiyacı olan kimsəsiz körpələr unudulmamalıdırlar. Uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi səmərəli şəkildə həyata keçirilməlidir.
2009-cu ildə Heydər Əliyev Fondunun BMT-nin Uşaq Fondunun və "Azərcell Telekom" Birgə Müəssisəsinin təşkilatçılığı ilə keçirilən konfransda uşaq hüquqları və müdafiəsi ilə bağlı Bəyannamə qəbul edildi. Uşaqların müdafiə olunmasına yönələn səylər mütləq beynəlxalq normalara, prinsiplərə, ən ümdəsi isə milli prioritetlərə uyğun olmalıdır. Bu mənada Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər görülür. Müəyyən olunmuş 34 müavinət növündən 6-sı uşaqlara yönəlmişdir.
Dövlət Statistika Komitəsinin bu ilin yanvar-mart ayları üçün verdiyi məlumata görə Azərbaycanda 43 min 87 (ötən il bu rəqəm 39 min idi), gündə təxminən 440 körpə doğulub. İlin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 3 ay ərzində 17 min 157 nikah, 2564 boşanma halları qeydə alınıb. 2012-ci ilin birinci rübündə Azərbaycana daimi yaşamaq üçün 517 nəfər gələn, 84 nəfər gedən qeydə alınıb. Cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaşdır. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır. Bu statistik məlumatların cərgəsindəki rəqəmlərin hər birinin arxasında insan taleyi dayanır. Hər qurulan ailə xoşbəxt olmaq arzusu, bəxtəvərliyə can atmaq istəyi ilə həyata qədəm qoyur. Bu ailələr gələcək övladların dünyaya doğulacağı mühit və tərbiyə alacağı ocaq deməkdir. Məhz ona çalışmalı, o niyyətə sahib durmalıyıq ki, uşaqlar sağlam, gümrah olmaqla yanaşı, atalı-analı böyüsünlər. Onlardan birinin olmaması yarımcanlılıqdır. İkisinin sıradan çıxması fidanın sürünməsinə, bəzi hallarda isə məhvinə səbəb olur. Dövlətin də, ictimaiyyətin də, bütünlükdə körpələrin taleyi ilə məşğul olan qurumların da bir məqsədi var: gələcəyimizin xoş təminatı olacaq uşaqların müdafiəsi ən yüksək standartlara cavab verəcək səviyyədə qurulsun.
Bu nəcib niyyətin həyata keçməsində Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyət bütün ictimai təşkilatlar və qurumlar üçün nümunədir. Elə bir əlamətdar gün, bayram olmaz ki, Mehriban xanım Əliyeva uşaqlarla görüşüb, onlarla müəyyən məclislərdə iştirak etməsin. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri uşaqlarla bağlı həyata keçirilən bütün layihələrin, demək olar ki, təşəbbüsçüsü və dəstəkçisidir. Talassemiyadan - qan xəstəliyindən əziyyət çəkən uşaqları himayəyə götürərək bu istiqamətdə Azərbaycanda könüllü donorluq inkişaf etdirildi. Məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların qanla təminatı yaxşılaşdırıldı. Şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da Azərbaycanda ilk dəfə olaraq məhz Mehriban xanım Əliyevanın himayəsinə alındı. Ölkənin birinci xanımının xeyriyyəçilik fəaliyyəti çoxdur, amma ən önəmlisi uşaqlara göstərdiyi xüsusi diqqət və qayğıdır. Təsadüfi deyil ki, uşaqları böyük məhəbbətlə sevən, daim onların yanında olmağa can atan Mehriban xanım Əliyevanın "Uşaqlar bizim gələcəyimizdir, gəlin onların problemlərinə biganə qalmayaq" çağırışındakı səmimiyyət təsirsiz olmur. Çünki uşaqlıq dövrü insanın ən yaddaqalan və unudulmaz anlarıdır. Məhz bu illərdə insanın gələcək taleyinin əsası qoyulur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın kimsəsizlərin himayədarı olması isə heç bir zaman bu uşaqların yaddaşından silinməyəcək. Vaxt yetəcək ki, onlar həyatın sınaqlarından, tənhalığın nisgilindən, xəstəliklərin ağrı-acılarından, fəsadlarından qurtularaq cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Nə vaxtsa ötənlərə boylananda isə onlara mərhəmət göstərən, qollarından tutan, yıxılmağa qoymayan, yaşadan xeyirxah insanları tez-tez xatırlayacaqlar. Yaxşılıq heç vaxt unudulmur. Uşaqlıq isə tam başqa bir aləmdir. Məhəbbət gördüyün, nəvaziş duyduğun, lətafətini, səmimiyyətini hiss etdiyin insan sənə hamıdan əziz və doğma olur. Bu gün Azərbaycanda yüzlərlə uşağa, sözün həqiqi mənasında, mənəvi analıq edən Mehriban xanım Əliyeva gör neçəsinin taleyində əbədi şölələnəcək çıraq yandırır.
Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası həmişə vaxtında və lazımi məqamında yerinə yetirilir. Bu böyüklükdən isə hamıya pay düşür. İndi Azərbaycanın birinci xanımının xeyirxahlıq missiyası sərhədlər aşır. Bu məhəbbətin mayasındakı bəşərilik çox mətləblərdən xəbər verir. Heydər Əliyev Fondunun təşəbbüsündə olduğu layihələrin nəticəsində uzaq Pakistanda qızlar üçün məktəb açılır, Misirdə tikilən təhsil ocağına ölkəmizin birinci xanımının şərəfli ismi verilir. Bu fəxarətli duyğuların yaratdığı sevincin əks-sədası, xoş sorağı hələ çox eşidiləcək. Fərəhimiz köksümüzə sığmır: həqiqətən də, halımıza yanan var. Bu qayğının içindəki sonsuzluq, mərhəmət adama böyük ruh verir.
Təəssüf ki, bu fərəhli duyğularımıza bədnam qonşularımız daim qanqaraldıcı hadisələrlə, terrorla təcavüz edirlər. 2011-ci il martın 8-də Ağdamda 9 yaşlı Farizin ermənilər tərəfindən qətlə yetirilməsi bir daha təsdiqlədi ki, qonşularımız insanlığa sığmayan vəhşilikləri davam etdirməklə analoqu olmayan zorakılıqlar törətməkdə israrlıdırlar. Onların törətdiyi soyqırımlar nəticəsində yüzlərlə uşaq valideyn himayəsindən məhrum olmuş, çoxunun həyatına son qoyulmuş, yaşamaq hüquqları belə pozulmuşdur. İndi dünya Uşaqların Beynəlxalq Müdafiə Gününü təntənə ilə qeyd edir. Belə bir məqamda körpələrə qarşı təcavüzə, zorakılığa, terrora yol verən, bunu özünün ali məqsədi kimi həyata keçirən erməni quldurlarının qeyri-insani hərəkətlərinə qətiyyətlə son qoyulmalıdır. Bütün bəşəriyyətin xoş gələcəyi körpələrdən asılıdır. Təsadüfi deyil ki, Viktor Hüqo da qətiyyətlə deyirdi: "Dünyada ən böyük himn körpə qığıltısıdır". Elə buna görə də bəşəriyyət irqindən, dinindən, millətindən asılı olmayaraq uşaqları qorumalıdır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 1 iyun.- S. 5.