Qazaxıstan parlamenti Senatının
sədri Milli Məclisdə olmuşdur
Azərbaycanda rəsmi səfərdə
olan Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami iyunun 8-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə
qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər
qarşılamışlar.
Qazaxıstan parlamenti Senatının
sədri Milli Məclisin inzibati binası ilə tanış olmuş, iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti
yüksək qiymətləndirmişdir.
Kayrat Mami Milli Məclisdəki Heydər Əliyev Xatirə zalına da baxmış, ulu öndərin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini,
keçirdiyi görüşləri
əks etdirən fotoşəkilləri, qəbul
olunmuş qanunvericilik
aktları ilə bağlı məcmuələri
maraqla izləmişdir.
Sonra Qazaxıstan
parlamenti Senatının
sədri Kayrat Mami Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, müstəqilliyimizin bərpasından sonra hər iki ölkə sürətli inkişaf yolu keçmişdir. Ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. İkitərəfli əlaqələrdə parlamentlər mühüm rol oynayırlar. İnanırıq ki, sizin bu səfəriniz ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə yeni impuls verəcəkdir.
Milli Məclisin Sədri deputatlarımızın beynəlxalq qurumlardakı əməkdaşlığını da yüksək qiymətləndirmiş, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışan O.Əsədov Azərbaycanın ərazi bütövlüyünü və problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasını dəstəklədiyinə görə Qazaxıstana təşəkkür etmişdir.
Kayrat Mami Bakıya səfərindən razılıq edərək burada keçirdiyi görüşlərin əməkdaşlığın inkişafına səmərə verəcəyinə ümidvar olduğunu bildirmişdir. O, siyasi və iqtisadi sahələrdəki uğurlu əməkdaşlıqdan söz açmış, beynəlxalq müstəvidəki münasibətləri də yüksək qiymətləndirmişdir. Ölkəmizi BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edərək demişdir ki, bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun parlaq göstəricisidir.
Qonaq demişdir ki, Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini bundan sonra da dəstəkləyəcək, problemin nizamlanması üçün beynəlxalq təşkilatların qəbul etdikləri sənədləri müdafiə edəcəkdir.
Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 9 iyun.- S. 1.