Qazaxıstan parlamenti Senatının sədri Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan parlamenti Senatının sədri Kayrat Maminin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də Heydər Əliyev Fondunda olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, fond ulu öndərin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Qazaxıstan nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.

Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Bu gün Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı, əldə olunan nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin bəhrəsidir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin ulu öndərə bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

Fondla tanışlıqdan sonra Qazaxıstan parlamenti Senatının sədri K.Mamin Xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Senatın sədri Heydər Əliyev Fonduna xatirə hədiyyəsi təqdim etdi.

Qazaxıstan nümayəndə heyəti Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 1.