Qazaxıstan parlamenti Senatının sədri ümummilli lider Heydər Əliyevin
məzarını və Şəhidlər xiyabanını
ziyarət etmişdir
Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kayrat Maminin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qazaxıstanlı qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 9 iyun.- S. 2.