Uşaqların hüquqları qanunlarla qorunur

 

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

 

Hər bir sivil cəmiyyətin gələcək inkişafının sosial bazasını yetkinlik yaşına çatmayan şəxslər təşkil edir. Bu səbəbdən də uşaqların sağlam mühitdə böyüməsi, layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas ünsürlərindəndir. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli 1386 (XIV) saylı Qətnaməsi ilə "Uşaq hüquqları Bəyannaməsi" qəbul edilmişdir. "Uşaq hüquqları Bəyannaməsi"nin Preambulasında qeyd edilir ki, Baş Məclis, uşaqların xoşbəxt uşaqlığını və burada nəzərdə tutulan hüquq və azadlıqlardan onların öz nəfinə və bəşəriyyətin xeyrinə istifadə olunmasını təmin etmək məqsədilə bu "Uşaq hüquqları Bəyannaməsi"ni elan edir və valideynləri, ayrı-ayrı şəxslər kimi kişi və qadınları, həmçinin, könüllü təşkilatları, yerli hakimiyyət orqanlarını və milli hökumətləri bu hüquqları tanımağa çağırır.

BMT-nin Baş Məclisinin 44-cü (1989) sessiyasında "Uşaq hüquqları haqqında" Konvensiya qəbul edilmiş və respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra bu konvensiyaya 1992-ci il iyulun 21-də qoşulmuşdur. Bununla yanaşı, azyaşlıların hüquqi müdafiəsi həmin beynəlxalq sənədlərə müvafiq olaraq, hər bir dövlətin özünün milli qanunvericiliyi ilə də təmin edilir.

Bu sahədə Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktları qəbul edilmişdir: "Uşaq hüquqları haqqında" 19 may 1998-ci il tarixli qanunu, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" 24 may 2005-ci il tarixli qanunu, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnaməni göstərmək olar. Ölkəmiz 2000-ci ildə qəbul olunmuş "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının "Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair" və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair" Fakültativ Protokollarına qoşulmuş və milli qanunvericiliyi daha da təkmilləşdirmişdir.

"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnaməninin 1-ci maddəsinə əsasən komissiyanın əsas məqsədi azyaşlılara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərinin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

"Uşaq hüquqları və rifahı haqqında" Afrika Xartiyasının 4 (1)-ci maddəsi də müəyyən edir ki, hər hansı bir şəxs və ya orqan tərəfindən uşağa aid görülən bütün tədbirlərdə, ilk növbədə, uşaq mənafelərinin üstünlüyü nəzərə alınmalıdır.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda da (maddə 5. Uşaq mənafelərinin üstünlüyü) dövlət orqanlarının öz fəaliyyətində uşaqların mənafelərini üstün tutması, onların hüquqlarının təmin olunmasına şərait yaratması əksini tapıb.

Buradan aydın olur ki, həm beynəlxalq, həm də milli qanunvericilik səviyyəsində qəbul edilmiş bütün aktlar-sənədlər bir məqsədə - azyaşlıların mənafelərinin üstün tutulmasına xidmət edir.

BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının 2-ci maddəsi bütün uşaqların bərabər hüquqlara malik olduğunu bəyan edir. Uşaqların, onların valideynlərinin və ya valideynləri əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, siyasi baxışlarından, yaşadıqları yerdən asılı olmayaraq, uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımırlar. Valideynləri ilə bağlı səbəblərə görə uşaqların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Uşaqların nikahda və ya nikahdan kənar doğulmasından asılı olmayaraq, onlar valideynlərə münasibətdə eyni hüquqlardan istifadə edirlər.

Uşaqlar öz hüquqlarını bilməklə özlərinin konstitusion hüquqlarını tələb etmək bacarığına malik olurlar. Onlar bərabərlik, təhsil, yaşamaq, birləşmək, azadlıq, mülkiyyət, əmək, şəxsi toxunulmazlıq, istirahət, mədəniyyət, sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq, ana dilindən istifadə, vətəndaşlıq hüquqlarından, fikir, söz, vicdan, məlumat azadlıqlarından, o cümlədən yerli və beynəlxalq qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hüquq və azadlıqlarından sərbəst istifadə edirlər.

Eyni zamanda uşaqlar vəzifələrini də bilməlidirlər. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda, uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.

Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər.

Ailə Məcəlləsinin 56-cı maddəsinə müvafiq olaraq valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, habelə yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə, valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.

Həmin məcəllənin 58-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

1999-cu il 22 iyun tarixdə qəbul edilmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunla 23 yaşadək uşaqlar dövlət himayəsindədirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində uşaqların hüquqi müdafiəsi ilə bağlı başlanğıc müddəalar nəzərdə tutulmuşdur. Həmin maddəyə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar isə işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Azyaşlılar cinayət qanunvericiliyi ilə də qorunur. Belə ki, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (və ya himayəliyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər gəlir əldə etmək arzusu ilə törədildikdə Cinayət Məcəlləsinin 174-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyəti nəzərdə tutulur. Bu məcəllənin 176-cı maddəsi əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşaqların, habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladlarının saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli boyun qaçırmağa görə cinayət məsuliyyəti müəyyən edib. Sözügedən məcəllənin 103-cü maddəsi də bir qrupa mənsub olan uşaqların  zorla başqa bir qrupa keçirməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən Azərbaycan dövləti hərbi münaqişələr baş verən ərazilərində olan uşaqların müdafiəsini beynəlxalq hüquq normalarına uyğun olaraq təmin etməyi öz üzərinə götürür. Hərbi birləşmələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər. 15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116.0.5-ci maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlbetmə cinayət əməli kimi tanınır.

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu da uşaq hüquqlarının xüsusi müdafiəyə ehtiyacı olmasını bir daha təsdiq edərək, sülh və təhlükəsizlik şəraitində onların vəziyyətinin heç bir fərq qoymadan getdikcə yaxşılaşdırılmasını, həmçinin, onların inkişafının və təhsil almasının təmin edilməsini tövsiyə edir.

Ölkəmizdə azlıqlara və yerli əhaliyə mənsub olan uşaqlar öz mədəniyyətindən, ana dilindən istifadə etmək və öz dininə etiqad bəsləmək hüququna malik olduqları halda, təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində Azərbaycanın azyaşlı vətəndaşlarının hüquqları pozulub və bu məsələdə beynəlxalq birliyin dəstəyi sıfıra bərabərdir.

Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi ilə əlaqədar dövlət başçısının müvafiq sərəncamı ilə  2009-cu il "Uşaq ili" elan edilmişdir.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların beynəlxalq konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülmüş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır.

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur.

 

 

Gülgün ŞƏFİYEVA,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının

əməkdaşı, III dərəcəli ədliyyə qulluqçusu

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 5.