Azərbaycan
hökuməti məcburi köçkünlərin problemlərinin
həlli istiqamətində mühüm
layihələr həyata keçirir
İyunun 8-də Danimarka Qaçqınlar Şurasının Azərbaycandakı nümayəndəliyinin, "Həyat" Beynəlxalq humanitar təşkilatının və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə təşkilatçılığı ilə "Məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlıq perspektivləri" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisinin deputatları, Nazirlər Kabinetinin, Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK), yerli icra hakimiyyətlərinin, Məcburi Köçkün Uşaq komitələrinin, milli və Beynəlxalq QHT-lərin nümayəndələri iştirak etmişlər.
Konfransın məqsədi məcburi köçkün uşaqlar, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında dialoqu möhkəmləndirməkdir. Tədbir, həmçinin Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Qayıdış və yenidən məskunlaşma - qərarçıxarmada uşaqların iştirakı" layihəsinin yekun mərhələyə çatdığını göstərir. Layihənin məqsədi yenidən məskunlaşdırma proqramlarının planlaşdırılması və icrasına daxil edilmiş qayıdış, yenidən məskunlaşma ilə bağlı məsələlərdə məcburi köçkün uşaqlara maraq, niyyət və arzularını həyata keçirmək üçün şərait yaratmaqdır.
Danimarka Qaçqınlar Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Boyan Kolundziya tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara layihə haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycanın paytaxtında və regionlarda bir sıra layihələr həyata keçirir.
Ermənistanın işğalçılıq siyasətindən danışan Azərbaycan Respublikası Baş nazirinin müavini, QMKİDK-nın və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov vurğulamışdır ki, bu siyasət nəticəsində Azərbaycana böyük məbləğdə zərər dəymişdir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin danışıqlar heç bir nəticə verməsə, ölkəmiz digər vasitələrlə ərazi bütövlüyünü bərpa edəcəkdir.
Ə.Həsənov demişdir: "Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq, qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar".
Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlardan danışan Baş nazirin müavini vurğulamışdır ki, ölkə iqtisadiyyatının neftdən asılılığı getdikcə daha da azalacaqdır. Yaxın illərdə respublikamızda yoxsulluq tamamilə aradan qaldırılacaqdır.
Ə.Həsənov konfransda məcburi köçkün uşaqların fikirlərinin öyrənildiyini, bununla bağlı həyata keçirilən tədbirlərin və layihələrin əhəmiyyətini qeyd etmişdir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə bildirmişdir ki, Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Diplomat bir neçə dəfə cəbhəyanı rayonlara səfər etdiyini, məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olduğunu, xüsusilə də uşaqların taleyinin onu çox narahat etdiyini vurğulamışdır. Səfir demişdir: "Bir neçə gün bundan əvvəl ölümlə nəticələnən hadisələr baş vermişdir. Bu, qəbuledilməzdir. Biz problemlərin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ombudsman Elmira Süleymanova da qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışmışlar.
Sonra "Qayıdış və yenidən məskunlaşma - qərarçıxarmada uşaqların iştirakı" layihəsində iştirak edən məcburi köçkün uşaqlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Konfransda Məcburi Köçkün Uşaq komitələrinin fəaliyyətləri, prioritetləri və perspektivləri ilə bağlı təqdimat olmuş, Azərbaycanda məcburi köçkün uşaqlar üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.
Tədbirdə həmçinin icmalarda Məcburi Köçkün
Uşaq komitələri tərəfindən
müəyyənləşdirilmiş məsələlərin
nəzərə alınmasında dövlət
qurumlarının rolu, uşaqlar
və icraçılar arasında gələcək əməkdaşlıq
müzakirə olunmuşdur.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 3.