NATO Cənubi Qafqaz regionunda Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

 

İyunun 8-də Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Azərbaycan və NATO əməkdaşlığı, NATO-nun Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, NATO-nun, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

Konfransda AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, acı nəticələrindən danışmışdır. Ermənistanın cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam etdiyini diqqətə çatdırmışdır. O demişdir ki, NATO stabillik və təhlükəsizliyi təmin edən təşkilatdır. Ona görə də düşünürük ki, NATO-nun bu münaqişənin nizamlanmasına dəstək verməsi faydalı olardı.

A.Müstafayeva qeyd etmişdir ki, qurumun Çikaqo sammitində qəbul olunan sənədlərdə münaqişələrin sülh və diplomatik yolla həlli öz əksini tapmışdır. Lakin təəssüflər ki, Cənubi Qafqazda  Ermənistanın qeyri-konstruktiv mövqeyi və atəşkəsi tez-tez pozması Dağlıq Qarabağ münaqişəsinin çözümünə öz mənfi təsirini göstərməkdədir. Ermənistanın münaqişənin həlli, Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymaması ciddi və haqlı narazılıq doğurur.

AHK-in və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanın NATO-ya inteqrasiya etdiyini və bu təşkilatın bütün təşəbbüslərini dəstəklədiyini xüsusi qeyd etmişdir.

NATO-nun Azərbaycandakı əlaqələndiricisi, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Şimali Atlantika Alyansının Çikaqo sammitinin nəticələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, NATO Çikaqo Sammitindən sonra hərbi baxışlarla yanaşı, siyasi mövqelərə də diqqət yetirməyə başlamışdır. Cənubi Qafqaz regionunun təhlükəsizliyinə önəm verən NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Çikaqo Bəyannaməsində növbəti dəfə Azərbaycanın suverenliyi təsdiqlənmiş və NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həllini dəstəklədiyi ifadə olunmuşdur. Alyans Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir.

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lau demişdir ki, NATO ilə Azərbaycan çox güclü tərəfdaşdırlar. Bu tərəfdaşlıq özünü İSAF proqramı çərçivəsində daha parlaq göstərir. O, Azərbaycanın NATO-nun Əfqanıstandakı sülhyaratma əməliyyatlarındakı iştirakının da yüksək qiymətləndirildiyini bildirmişdir.

Konfrans işini sessiyalarda davam etmişdir. Sessiyalarda "Təhlükəsizlik məsələləri müdafiə sektorunda islahatlar Avratlantik məkana inteqrasiya - Azərbaycandan NATO-dan baxış", "Azərbaycan NATO üçün Sammitdən sonrakı dövrdə yeni imkanlar", "NATO-nun Çikaqo Sammiti: müttəfiqlər tərəfdaş ölkələr üçün yeni çağırışlar üfüqlər", "Azərbaycan ilə NATO arasında gələcək əməkdaşlığın potensialı - elmi düşüncələr" mövzularında məruzələr dinlənilmişdir.

NATO İctimai Diplomatiya Bölməsinin Əməkdaşlıq şöbəsinin rəhbəri Mişel Duray Brüsseldən videokonfrans vasitəsilə tədbirə qoşulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 3.