“Müəlliflik hüququnun gələcəyinə
baxış” mövzusu
müzakirə olunmuşdur
İyunun 8-də Bakıda Müəllif Hüquqları Agentliyinin və Avropa İttifaqının təşkilatçılığı ilə "Müəlliflik hüququnun gələcəyinə baxış" mövzusunda Beynəlxalq "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT), Böyük Britaniya, İspaniya, Almaniya, Yunanıstan və Macarıstan dövlətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir "Azərbaycan Respublikasının müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması (CORAZ)" adlı Tvinninq layihəsi çərçivəsində təşkil edilmişdir.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirmişdir ki, XXI əsrdə elmin və texnologiyaların, iqtisadiyyatın və qlobal informasiya cəmiyyətinin inkişafı beynəlxalq cəmiyyət qarşısında bir sıra ciddi çağırışlar irəli sürmüşdür. Bunların ən əhəmiyyətlisi və daha çox nəzərəçarpanı əqli mülkiyyət fenomenidir. Biliklərə əsaslanan yeni əsr iqtisadiyyatında əqli mülkiyyət və onda cəmlənən intellektual kapital əsas valyuta rolunda çıxış edir. Artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. "Betona və dəmirə əsaslanan iqtisadiyyat" "biliklərə əsaslanan", "rəqəmli" "kreativ" iqtisadiyyata çevrilmiş, bunların nəticəsində xüsusiyyətinə görə uzun illər kölgədə qalan əqli mülkiyyət fenomeni son illərdə ictimai diqqətin və təhlillərin nəzər nöqtəsinə çevrilmişdir. Əqli mülkiyyətin dəyişmiş iqlimi isə hazırda ÜƏMT-nin üzv dövlətlərinin diqqət mərkəzindədir və bu iqlimin idarə edilməsi prioritet istiqamətlərdən biridir.
Azərbaycanda müəllif hüququ sahəsində geniş beynəlxalq əməkdaşlıq aparılır, - deyən K.İmanov bildirmişdir ki, ölkəmiz ÜƏMT-nin bütün sazişlərinin fəal iştirakçısıdır, rəhbər orqanlarda təmsil olunur və bir sıra təşəbbüslər irəli sürür. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1996-ci ildə əqli mülkiyyət sahəsində "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" ilk qanunun qəbul edilməsi Azərbaycanın bu sahə üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələnin başlanğıcını qoymuşdur. Sonrakı illərdə qanunvericilik bazası milli xüsusiyyətlər və beynəlxalq standartlar nəzərə alınmaqla tam formalaşdırılmışdır. Bu qanunlar əsasında müxtəlif ənənəvi və qeyri-ənənəvi əqli mülkiyyət obyektlərinin, o cümlədən elm, ədəbiyyat və incəsənət əsərləri, kompyuter proqramları, ənənəvi mədəni nümunələr (folklor), ifalar, fonoqramlar, yayım təşkilatlarının verilişləri, inteqral sxem topologiyaları və məlumat toplularının qorunması təmin edilir.
K.İmanov qeyd etmişdir ki, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənaye vacib amilə çevrilərək çox zaman kreativ sənaye adlanır. Ölkəmizdə uğurla keçirilən islahatlar kreativ sənayenin ümumi daxili məhsulda (ÜDM) iqtisadi payının hesablanması zərurətini yaratmışdır.
Müəllif Hüquqları Agentliyi tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış metodika vasitəsilə müəyyən edilmişdir ki, bu pay ÜDM-in 4,5 faizini təşkil edir və 2004-cü illə müqayisədə 2 faiz artmışdır. Azərbaycanda son illər piratçılığa qarşı mübarizə gücləndirilmişdir. Ümumiyyətlə, müvafiq dövlət orqanları ilə birgə aparılmış işlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61 faizdən 40 faizə, audio-video məhsul bazarında 90 faizdən 70 faizə, proqram təminatında 96 faizdən 88 faizə endirilmişdir. Azərbaycan MDB məkanında ABŞ-in 301-ci "piratçılığa görə narahatlıq doğuran" dövlətlərin "qara sıyahı"sından çıxarılan yeganə dövlətdir.
K.İmanov əqli mülkiyyət obyektlərinin virtual məkana keçməsi ilə bağlı müəlliflik hüququnun qorunma mexanizmi və rəqəmli kontent tərəfindən yaranan problemlər haqqında geniş danışmışdır. Qeyd etmişdir ki, kontentin rəqəmli formatlara və internetə miqrasiyası müəllif hüququ sistemində inqilabi dəyişikliklərə gətirməkdədir. Odur ki, Azərbaycan hökuməti bu məsələlərə diqqət yetirərək əqli mülkiyyət hüquqlarının uzunmüddətli strategiyasını və müvafiq dövlət proqramlarını hazırlamışdır. Bununla yanaşı, müasir informasiya texnologiyaları əsasında rəqəmli şəbəkədə müəlliflik və əlaqəli hüquqlar obyektlərinin avtomatik lisenziyalaşdırılması, istifadəsinin monitorinqinin aparılması və kontent şəklində olan obyektlərin müasir xəzinəsinin yaradılmasıdır və bu işlər Azərbaycanda uğurla aparılır.
Yunanıstanın Bakıdakı səfiri İonannis Metaksas Azərbaycanda əqli mülkiyyət üzrə Tvinninq layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, qısa müddətdə ölkədə əqli mülkiyyət sistemi yaradılmışdır. Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı inkişaf etmiş ölkələrin standartlarına uyğunlaşdırılır və bu sahədə geniş beynəlxalq əməkdaşlıq aparılır. Bütün bu uğurlar Azərbaycan hökumətinin müəllif hüququ sahəsinə diqqətinin təzahürüdür.
Macarıstan Müəlliflik Hüquqları Şurasının fəxri prezidenti Mihaly Ficsor "Müəllif hüququnun on-line rəqəmsal mühitdə tətbiqi və təmin edilməsi" mövzusunda təqdimat etmişdir. Bildirmişdir ki, on-line monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçilik sistemidir. Müasir informasiya texnologiyaları əsasında rəqəmli şəbəkədə müəlliflik və əlaqəli hüquqlar obyektlərinin avtomatik lisenziyalaşdırılması, istifadəsinin monitorinqinin aparılması və kontent şəklində olan obyektlərin müasir xəzinəsinin yaradılmasıdır.
Tədbirdə ÜƏMT-nin kreativ sənaye şöbəsinin direktor əvəzi Dmitri Ganchev "ÜƏMT-nin rəqəmli müəlliflik hüququ üzrə proqramının perspektivləri", xanım İrini Stamatoudi "Avropada rəqəmli müəlliflik hüququ proqramı" mövzusunda məruzələr etmişlər.
Tanınmış ekspertlərin iştirakı
ilə keçirilən tədbirdə mövzu
ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 3.